Otuz saatı yollarda keçən üç günlük Pekin səfərindən bir neçə ştrix – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Otuz saatı yollarda keçən üç günlük Pekin səfərindən bir neçə ştrix – FOTO

19:55 - 03 / 07 / 2017
Otuz saatı yollarda keçən üç günlük Pekin səfərindən bir neçə ştrix – FOTO

Çin nəhəng ölkədir. Əhalisinin sayına (1,4 milyard nəfərə yaxın) dünyada birinci, ərazisinə görə (9 milyon 598 min kvadratkilometrdən çox) Rusiya və Kanadadan sonra üçüncü yeri tutur.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Bakı ilə Pekin arasında məsafə hava yolu ilə 5520 kilometrdir və “Boeing-767” təyyarəsi bu yolu təxminən altı saat yarıma qət edir. Səfərimizin vaxtı Bakı-Pekin aviareysinin uçuş qrafikinə uyğun gəlmədiyindən Çinin paytaxtına İstanbul üzərindən uçmalı olduq. Beləliklə, üç günlük səfərimizin 30 saata yaxını yollarda, bu vaxtın 24 saatı isə təyyarələrdə keçdi.

“Asiyada sabitlik və inkişaf naminə” forumuna sözardı

Bizi Pekinə - Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin 25 illiyi münasibətilə iyunun 28-də keçirilən ikinci qeyri-hökumət forumuna Çinin Bakıdakı səfirliyi dəvət etmişdi. Çin Xalq Respublikasının sədri Si Cinpinin “Asiyada sabitlik və inkişaf naminə” adlı forumun ünvanına təbrik məktubu göndərməsi tədbirin səviyyə göstəricisi sayıla bilərdi. Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin regional sülhə töhfəsini müsbət qiymətləndirən Çin lideri məktubunda forumun regionda sabitliyə və ümumi inkişafa nail olunmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edirdi. Bu təbrik və inam hissi, təbii ki, müzakirələrə xüsusi ahəng verdi və özünəməxsus işgüzar əhvali-ruhiyyə yaratdı.

Xatırladaq ki, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin qeyri-hökumət forumu 2014-cü ildə Si Cinpinin təşəbbüsü ilə təsis olunub. Ötən müddətdə Çin Asiyada dayanıqlı təhlükəsizlik və əməkdaşlığa əsaslanan kompleks konsepsiyanın yayılması və həyata keçirilməsinə maksimum səylər göstərib. Habelə regional təhlükəsizlik və əməkdaşlığın yeni çərçivələrinin müəyyənləşdirilməsində yaxından iştirak edib. Qeyri-hökumət təşkilatlarının müvafiq tövsiyə və təkliflərin irəli sürülməsinə səfərbər edilməsi də bu qəbildəndir.

Təbii ki, forumda müzakirələr əsasən bu istiqamətdə gedir, Çinin sülh və əməkdaşlığın genişlənməsinə hesablanmış “Bir kəmər, bir yol” təşəbbüsü yekdilliklə təqdir olunurdu. Bu yerdə xatırlatmağı lazım bilirik ki, hazırda 70-dən çox ölkə və beynəlxalq təşkilat “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib, Azərbaycan da daxil olmaqla, təxminən 30 ölkə isə bununla bağlı müqavilə imzalayıb. 2015-ci ildə Çin müəssisələri layihənin əhatə etdiyi 49 ölkəyə birbaşa investisiyalar yönəldib. Kapital qoyuluşunun həcmi 14,82 milyard ABŞ dolları təşkil edib.

Forum iştirakçıları regiondakı mövcud münaqişələrin yaratdığı təhlükələrdən, terrorçuluğun artan miqyasından keçirdikləri narahatlığı dilə gətirirdilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulan çıxışlardan hiss olunurdu ki, dünyanı təhdid edən təhlükələr hamını eyni dərəcədə düşündürür. Bu sırada, həmçinin beynəlxalq terrorçuluq, separatçılıq və ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq xüsusi qeyd edilirdi. Yekdil fikir isə ondan ibarət idi ki, qlobal təhlükələrin qarşısının alınmasının yeganə effektiv vasitəsi dünya ictimaiyyətinin səylərinin birləşdirilməsi, geniş beynəlxalq antiterror koalisiyasının formalaşdırılmasıdır.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, forumda 300-dək yerli və xarici nümayəndə, o cümlədən sabiq yüksək vəzifəli siyasətçilər, mütəxəssislər və alimlər, KİV və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər. Təsadüfi deyildi ki, çoxsaylı çıxışlarda əsas diqqət dünya əhalisinin təxminən yarısının yaşadığı, dünya iqtisadiyyatının üçdəbirinə malik Asiyanın təhlükəsizlik və əməkdaşlıq konsepsiyasının reallaşdırılması məsələlərinə yönəldilirdi.

Pekindən Azərbaycana baxış

Azərbaycan ərazi və əhali baxımından Asiya regionunun kiçik dövlətləri sırasına daxildir. Lakin onun strateji mövqeyi – bir tərəfdən Şərqlə Qərbin kəsişmə nöqtəsində, İpək Yolu marşrutunun üzərində yerləşməsi, digər tərəfdən karbohidrogen ehtiyatları ilə zənginliyi ölkəmizə diqqət və marağı artırır. Bununla yanaşı, ölkəmizin “Böyük İpək yolu”, “Şərq-Qərb nəqliyyat dəhlizi” layihələrində fəal iştirakı Çinlə Azərbaycanı bir-biri ilə bağlayan telləri möhkəmləndirir.

Biz forumda və tədbir çərçivəsində keçirilən panel iclaslarda ölkəmizə artan marağın şahidi olurduq. AZƏRTAC-ın təmsilçilərinə – baş mühəndis Fuad Qədilliyə və bu sətirlərin müəllifinə iki panel iclasda çıxış etmək imkanı yaradılması da yəqin ki, Azərbaycana bəslənilən rəğbətdən qaynaqlanırdı. Yeri gəlmişkən, foruma ölkəmizi altı nəfərlik heyət – AZƏRTAC-ın, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və “Çin-Azərbaycan Dostluğu” İctimai Birliyinin nümayəndələri dəvət almışdılar.

Asiyada təhlükəsizliyin təmin olunmasında KİV-lərin roluna həsr edilmiş panelin moderatoru - Çin İctimai Diplomatiya Assosiasiyası Katibliyinin tədqiqatlar departamentinin direktoru Yao Yao sözü AZƏRTAC-ın təmsilçisinə verərkən Azərbaycan haqqında xoş sözlər söylədi. Bakıya bu yaxınlardakı səfərini xatırladaraq geriyə zəngin təəssüratla qayıtdığından danışdı. Pekində, Asiyanın müxtəlif regionlarından çoxsaylı nümayəndələrin qatıldığı mötəbər tədbirdə Azərbaycan və Bakı haqqında xoş sözlərin səslənməsi son dərəcə qürurverici idi.

İnternetin əhali arasında geniş yayılması və əlçatanlığı, habelə şəhərlə kənd arasında fərqlərin minimuma endirilməsi baxımından Azərbaycan Asiya ölkələri arasında öncül yerlərdən birini tutur. Bu faktları panel iştirakçılarının diqqətinə çatdırdıq. Halbuki Asiyanın bir çox ölkələrində internetin yayılması sahəsində vəziyyət fərqlidir və hətta bəzən uçurum təsiri bağışlayır. Təsadüfi deyildi ki, forumda müzakirələr zamanı rəqəmsal uçurumdan doğan ciddi narahatlıq tez-tez dilə gətirilirdi.

İclasdan sonra Qazaxıstanın “Kazinform” Beynəlxalq Xəbər Agentliyinin baş direktoru Askar Umarov bizə yaxınlaşdı. Pekindən, forumdan, ölkələrimizdəki vəziyyətdən, agentliklərimizin fəaliyyətindən danışdıq. Qırx bir yaşlı Askar Umarov baş direktor vəzifəsinə təxminən iki-üç ay əvvəl təyin olunub. Uzaq Pekində həmkarımızın dilindən Azərbaycanda şahidi olduğu inkişaf, Bakının gözəlliyi, AZƏRTAC-ın saytı barədə səmimi sözləri eşitmək bizə olduqca xoş təsir bağışladı. O, sentyabrın sonlarında Bakıya yeni səfərinin nəzərdə tutulduğunu və bu gəlişi zamanı AZƏRTAC-a hökmən baş çəkəcəyini bildirdi. “Kazinform”un Azərbaycan haqqında həftədə minimum 5-6 xəbər yaydığını deyən Askar Umarov hesab edir ki, bu azdır və agentliklərimiz arasında əməkdaşlığı genişləndirmək, informasiya mübadiləsinə sistemli xarakter vermək lazımdır. Söhbətimizə qoşulan digər həmkarımız – Tacikistanda nəşr olunan “Xalq qəzeti”nin baş redaktoru Mahbuba Kamolova da KİV-in mümkün əməkdaşlığı barədə fikirlərini bizimlə bölüşdü.

Beləliklə, Pekinə çox qısa səfərimiz zamanı yeni həmfikirlər və dostlar da tapdıq.

Çin – təzadlar ölkəsi

Doğrusu, Pekinə getməzdən əvvəl səfər qeydləri yazmaq barədə düşünürdüm. Yeddi min kilometr yol keçib Çinə gedəsən, dünyanın yeddi möcüzəsindən biri olan Çin səddini görməyəsən! Səfər üçün ayrılan vaxt və Pekinlə tanışlıq baxımından məhdud proqram bu arzunu ürəyimizdə qoydu. Tərslikdən Çindəki xüsusi müxbirimiz Şahin Cəfərov həmin vaxt Seulda xidməti ezamiyyətdə idi. Özünü bizə yalnız geri dönməyimizə 6-7 saat qalmış yetirə bildi və onun sayəsində Pekini maşınla ötəri də olsa, gəzib-dolaşa bildik.

Çin təzadlar ölkəsidir. Bu təzad xüsusən yaşayış massivlərində özünü qabarıq büruzə verir: bizdəki sovet dövründən qalmış “xuruşşovkalara”, köhnə doqquzmərtəbələrə bənzəyən binalarla yanaşı, yeni çoxmərtəbəli yaşayış binaları ucalır. Eyni ilə bunun kimi, ölkədə sosializm və kapitalizm yanaşı addımlayır. 1949-cu ildən Çini Kommunist Partiyası idarə edir. Bu qeydləri yazarkən gözümə bir informasiya başlığı sataşdı: “Çin Kommunist Partiyası üzvlərinin sayı 89,5 milyona çatdı”. Ölkənin qurucusu Mao Tszedunun liderliyi ilə kommunist prinsipləri üzərində qurulan Çin yalnız 1978-ci ildə xaricə açılıb. O vaxt Den Syaopin tərəfindən tətbiq olunan bu yenilik “Çin özəlliklərinə malik sosializm” adlandırılır. Maonun ölümündən iki il sonra xarici bazarlara açılan və əcnəbi sərmayələri qəbul etməyə başlayan Çin hazırda ABŞ-dan sonra dünyanın ikinci iqtisadiyyatına malikdir.

Digər tərəfdən, NATO ölkələri ilə Çinin münasibətləri mürəkkəbləşməyə doğru gedir. ABŞ Pekinin Şimali Koreyanın siyasətinə təsir göstərməyi bacarmamasından pəjmürdə olub. Bu arada Çin hakimiyyət orqanları beynəlxalq ticarətdə “cəngəllik qanunları” əleyhinə çıxan Fransa Prezidenti Emmanuel Makronun şəxsində yeni rəqib qazanıb. Fransa liderinə Almaniya və Belçika da dəstək verir.

Çində orta sinif üstünlük təşkil etsə də, zəngin və kasıb təbəqə arasında kəskin fərq yaranmaqdadır. Pekində qaldığımız otelə yaxın küçələrdə dünyanın çox bahalı avtomobil markalarının satıldığı mağazaların yan-yana düzüldüyünü gördük. Zəngin insanlar (son illər onların sayı sürətlə artır) ölkənin müxtəlif yerlərindən paytaxta axışırlar. Bu axının nəticəsi yeddi-səkkiz ilin içərisində mənzillərin qiymətinin fantastik şəkildə artmasında, həyat şərtlərinin dəfələrlə bahalaşmasında özünü göstərir.

Pekinin küçələrində diqqəti ilk baxışda cəlb edən daha bir mənzərə az qala hər addımda görünən velosiped dayanacaqlarıdır. Velosipedə yaxınlaşıb oturacağın altında göstərilən nömrəni mobil telefondan yığırsan. Beləliklə, istifadə haqqı hesabdan tutulur və velosipedin kilidi açılır. Minib istədiyin yerə gedə və velosipedi istədiyin yerdə qoya bilərsən. Bizim Çindəki müxbirimiz Şahin Cəfərov tıxaclı küçələr üçün bu sərfəli və ucuz nəqliyyat vasitəsindən ara-sıra istifadə etdiyini deyir.

Çin dilini bilməyən əcnəbinin şəhərdə hərəkət etməsi çox çətindir. Getmək istədiyin yeri heç kimə anlada bilmirsən. Otel işçiləri və bəzi mağaza satıcıları istisna olmaqla, rastlaşdığımız pekinlilər nə ingilis, nə də rus dilini bilirdi.

Son olaraq Pekindən yadigar nəsə almaq istədik. Şahin bizi bir ticarət mərkəzinə və çay dükanına apardı. Pekin təəssüratlarımız ticarət mərkəzində rusların Andrey, çay mağazasında isə Kolya adlandırdıqları çinli satıcılarla tanışlıqla yekunlaşdı. Onların hər ikisi rus dilini özlərinə lazım olan qədər bilir. Odur ki, dil tapmağımız elə də çətin olmadı. Kolyanın mağazasında bir neçə növ çayın dadına baxıb, kiçik bir buket bağlatdıq.

Bu da Çin Beynəlxalq Aeroportu. Pekin-İstanbul təyyarəsinin yola düşməsinə hələ üç saat qalırdı. Vaxtı boş keçirməyib dünyanın ən böyük ikinci aeroportunu gəzib-dolandıq. Daha çox “China Gateway” (Çinə qapı) adı ilə tanınan bu aeroportdan hər il 79 milyona yaxın sərnişin gəlib keçir. Bir terminaldan digərinə metro vaqonlarına bənzər qatarlar işləyir. Terminallarda bankların çoxsaylı ofisləri, valyutadəyişmə köşkləri, poçt, rahat gözləmə zalları, uşaq oyun mərkəzləri fəaliyyət göstərir.

Qarşıda isə bizi uzun və yorucu yol gözləyirdi: “Boeing” təyyarəsi ilə İstanbula 9 saatlıq (7060 kilometr), oradan isə “Airbus”la Bakıya 3 saata yaxın yol...

S.Xankişiyeva

Paylaş:
1150

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər