Fikrət Sadıqov: “Rusiya Azərbaycanın strateji tərəfdaşı olaraq qalır"
“Rusiya Azərbaycanın strateji tərəfdaşı olaraq qalır. Biz Rusiyadan həm ATƏT-in Minsk qrupunun həmsədr dövləti, həm də bəzi layihələrin iştirakçısı kimi bir çox məsələlərin həllini gözləyirk”.
Bu barədə 1news.az-a politoloq Fikrət Sadıqov Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşünü şərh edərkən deyib.
Politoloq xatırladıb ki, Azərbaycanın və Rusiyanın dövlət başçıları uzun müddət idi ki, görüşmürdülər və onların müzakirə edəcəyi mühüm məsələlər var idi. Onun sözlərinə görə, müzakirə ediləcək məsələlər sırasına sərhəd, Ümümdünya Azərbaycanlıları Konqresinin Rusiyada fəaliyyəti, erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana nota göndərməsi, ikitərəfli münasibətlər, eyni zamanda ən əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsi daxil idi.
Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti həmkarı ilə görüşdə həyata keçirdiyi balanlaşdırılmış siyasətinin davamı kimi ölkəmizin mövqeyini kifayət qədər prinsipal şəkildə ortaya qoyub:
"Bildiyiniz kimi Azərbaycan Rusiya arasında münasibətlərə kənardan müdaxilə cəhdləri var idi. Lakin Azərbaycan Prezidenti görüş zamanı ölkəmizin mövqeyini ortaya qoymaqla bir daha sübut etdi ki, Azərbaycan həm Qərb, həm də Rusiya ilə münasibətləri inkişaf etdirməyə hazırdı və edəcək də. Çünki bu bizim xarici siyasətimizin əsas prioritetlərindəndir".
F.Sadıqov ikitərəfli görüşün nəticələrini müsbət qiymətləndirib. Əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasətdə əsas məqsədi və prioritet çoxvektorluq və balanslaşdırılmış bir xarici siyasətdir:
“Son zamanlar biz ABŞ, Avropa İttifaqı ilə yaxınlığımız haqqında bəyanatlar da verdik. Aİ ilə saziş də hazırlanır. ABŞ-ın yeni prezidentinə böyük ümidlər bəsləyirik və bu, rəsmi məktublarda, bəyanatlarda da qeyd edilib. Amma bu, heç də o demək deyil ki, digər qütbdən, məsələn, Rusiyadan imtina edirik, kiməsə qarşı düşmənçilik aparırıq. Azərbaycan və Rusiya prezidentlərinin görüşü, strateji tərəfdaşlıq formatında baş verən müzakirələr onu sübut edir ki, Rusiya bizim strateji tərəfdaşımız olaraq qalır. Təbii ki, bu kontekstdə biz ilk növbədə öz maraqlarımızı irəli sürürük. Çünki bütün bu məsələlər Azərbaycanın dövlət maraqlarına cavab verir. Düşünürəm ki, bu görüşdə Azərbaycanı maraqlandıran, ikitərəfli münasibətlərin bundan sonra da inkişafına, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edən məsələlər ciddi şəkildə müzakirə olunub”.
P.Sultanova