"Brexit" və "Frexit": Aİ-də siyasi təlatümlər davam edir – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

"Brexit" və "Frexit": Aİ-də siyasi təlatümlər davam edir – Newtimes.az

15:06 - 24 / 07 / 2017
"Brexit" və "Frexit": Aİ-də siyasi təlatümlər davam edir – Newtimes.az

Fransada prezident seçkisinin nəticələri Avropa İttifaqı miqyasında mövcud siyasi problemlərin həllində müəyyən ümidlər yaratmışdı. Siyasi dairələr və elektorat hesab edirdi ki, sağ mərkəzçi Emmanuel Makron ""qoca qitənin" xilaskarı" rolunu oynaya bilər.

İndi aydın olur ki, bu rəy xeyli dərəcədə antiavropaçı təsiri bağışlayan milliyyətçi Marin Le Penin Avropa siyasi şüuru üçün qorxulu sayıla biləcək şüarlar irəli sürməsi ilə bağlı olub. Ancaq E.Makron da istisna etmir ki, "Frexit" meydana gələ bilər. Onun fikrincə, bunun olmaması üçün Aİ-də ciddi islahatlar həyata keçirilməlidir. Əgər bu baş verməsə, Fransa Avropa İttifaqından çıxa bilər. Ancaq seçkidən sonra E.Makronun fəaliyyəti göstərir ki, Fransanın yeni prezidenti daha çox Avropa İttifaqının möhkəmlənməsində maraqlıdır. Hətta o, bütövlükdə Qərb dəyərlərinə üstünlük verdiyini nümayiş etdirir. Ekspertlər Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Fransa dövlət başçısının cəsarətli davranışını və Donald Trampdan çəkinməyərək NATO sammitində avropalı siyasətçilərin qürurunu oxşayan hərəkətlər etməsini nümunə kimi göstərirlər.

Makronun vədləri və fəaliyyəti: seçkidən sonrakı addımlar

Prezident seçkisi zamanı əksər ekspertlər Fransanın sözün həqiqi mənasında Avropa ideyasına münasibətdə bir qeyri-müəyyənlik zolağına düşdüyünü həyəcanla vurğulayırdılar. Bir cəbhədə ölkənin Aİ-ni tərk etməsində israr edənlər, digərində isə Avropasız Fransanın mövcud ola bilməyəcəyi ideyası mövcud idi. Dövlət başçısı seçkiləri reallıqda bu iki xəttin ideoloji savaş meydanını xatırlatmışdı.

İndi Avropa İttifaqının analitik və ekspert dairələri Emmanuel Makronun prezident kimi fəaliyyətini analiz edirlər. Onu daha çox perspektivli siyasi lider kimi təqdim edirlər. Bu da təsadüfi deyil. Fransanın yeni prezidenti bir sıra beynəlxalq tədbirlərdə kifayət qədər qətiyyət və iradə nümayiş etdirib. Onun daha çox müstəqil mövqe tutması diqqətləri çəkir. Belə ki, E.Makron V.Putin, D.Tramp və A.Merkel ilə münasibətlərində özünü sərbəst aparır və müstəqil mövqeyini ortaya qoyur.

Ekspertlər Makronun beynəlxalq problemləri yaxşı səviyyədə müzakirə etdiyini xüsusi vurğulayırlar. Amerika prezidenti ilə o, həm iqlim məsələsini, həm də beynəlxalq terrorla mübarizə problemini geniş müzakirə edib. Yayılan informasiyalara görə, Makron Trampı iqlim dəyişikliyi ilə bağlı Paris müqaviləsinə yenidən baxmağa razı sala bilib. Onun terrorla mübarizə məsələsində Fransanın statusunu artıran şərtlər daxilində ABŞ-ın prezidenti ilə danışıqlar aparması da analitiklərin marağına səbəb olub.

Bunlarla yanaşı, E.Makronun son zamanlar açıq surətdə Berlini liderlik ambisiyalarında ittiham etməsi başqa məqamlardan xəbər verir. Fransanın dövlət başçısı Almaniya kanslerinin Avropa İttifaqında maliyyə məsələsinə nəzarət etməyə can atmasına mənfi münasibət bildirib. Bu üsulla təşkilatı inkişaf etdirməyin mümkün olmadığını söyləyib.

Məsələnin bu tərəfi maraqlıdır və Avropanın böyük dövlətlərində bir siyasi-ideoloji böhranın mövcudluğundan xəbər verir. Belə ki, Aİ-də daxili siyasi mühitin konkret lideri yoxdur, müxtəlif cərəyanlar arasında mübarizə kəskinliklə davam edir. Bir sıra ekspertlər bu vəziyyəti keçid dövrü kimi də qiymətləndirirlər. Onlar faktiki olaraq "qoca qitə"nin ciddi siyasi transformasiyalar ərəfəsində olmasına işarə verirlər. Özü də bu tendensiya Avropa İttifaqının əsas böyük dövlətlərinin hər birində müşahidə edilir. Budur, Böyük Britaniyadan sonra Fransada da "Frexit"dən danışırlar.

Yuxarıda vurğuladıq ki, E.Makron çıxışlarının birində demişdi ki, əgər Aİ-də islahatlar olmasa, Fransa təşkilatı tərk edə bilər. Bununla bağlı o, bəyan edib: "Beləliklə, biz mütləq bu Avropada islahatlar aparmalıyıq. Bizə belə bir situasiyada xalqımızı müdafiə etmək və qloballaşmanı tənzimləmək üçün yeni Avropa İttifaqı lazımdır" (bax: Макрон допустил возможность выхода Франции из Евросоюза / "РИА Новости", 1 may 2017). Belə çıxır ki, siyasətçi Avropada mövcud sosial-siyasi və mədəni vəziyyətin insanların təhlükəsizliyini təmin edə bilmək iqtidarında olmadığına əmindir. Aİ-də islahatlar aparılmalıdır ki, yeni situasiyada təhlükəsizliyi təmin etmək mümkün olsun. Bu isə əslində, təşkilatın ciddi böhran mərhələsində olmasını ifadə edir.

Bəs bu islahatlar hansı məqamları nəzərdə tutmalıdır? Fransada prezidentliyə iddialılar burada iki faktoru xüsusi vurğulayırdılar. Birincisi – milli özəlliyin qorunmasıdır. İkincisi – sosial-iqtisadi durumun yaxşılaşdırılmasıdır. Hər iki məsələ üzrə güzəşti avropalılar "xalqı satmaq" kimi qəbul edirlər. E.Makron da həmin məqamı açıq bildirib. O deyib: "Əgər mən sabah Aİ-nin indiki qaydada fəaliyyətini davam etdirsəm, onda mən öz xalqımı satmış olaram" (bax: əvvəlki mənbəyə). Bunun nəticəsi isə "Frexit" olar. Məntiq aydındır.

Avropa İttifaqının mövcud sistemi daxilində heç bir dəyişiklik müsbət nəticə verməyəcək. Artıq Avropanın aparıcı siyasi dairələri təşkilatda köklü yeniləşmələrin olmasını tələb edirlər. M.Le Pen də bu situasiyadan istifadə edərək, avrodan imtina etməyin vaxtının gəldiyini söyləyirdi. Onun fikrincə, artıq avro "ölüb". Belə isə Aİ-nin vahid valyuta ideyasını da dəfn etmək lazım gəlir.

İnteqrasiyadan imtina: tendensiya güclənir

Müxtəlif ölkələrin öz valyutalarına keçidi isə birbaşa inteqrasiya prosesinin çox çətin vəziyyətə düşməsi anlamını verir. Görünür, elə bu səbəbdən bir sıra nüfuzlu ingilis siyasətçiləri Böyük Britaniyanın Aİ-ni tərk etməsini hələ də əngəlləməyə çalışırlar. Məsələn, bu yaxınlarda keçmiş baş nazir Toni Bler siyasətə qayıtmaq fikrində olduğunu bəyan edib. O, əsas məqsədinin Böyük Britaniyanın təşkilatı tərk etməsinə mane olmaqdan ibarət olduğunu deyib (bax: Тони Блэр объявил о возвращении в политику из-за "Брексита" / Kommersant.ru, 1 may 2017). O, ümid etdiyini bildirib ki, xalqın iradəsi yekun müqavilə tərtib ediləndən sonra dəyişə bilər. Yəni həm müsbət, həm də mənfi mənada cəmiyyət yeni qərara gələ bilər. Buna görə də "Brexit"lə bağlı müqavilədə İngiltərə üçün maksimum dərəcədə ziyansız olan faktorlar nəzərə alınmalıdır.

Bunlar bir həqiqəti təsdiq edir – Avropa İttifaqının böyük dövlətlərində cəmiyyətlər təşkilatın gərəksizliyi ilə bağlı konkret rəyə gələ bilərlər. Bunun üçün ciddi sosial, siyasi, ideoloji, təhlükəsizlik və iqtisadi şərtlər meydana gəlib. Eyni zamanda, həmin tendensiyanın güclənməsində ABŞ-ın rolunun az olmadığı ehtimal edilir. Əksər mütəxəssislər isə daha çox "ikili standartlar" siyasətinin bütövlükdə Qərb siyasi mühitini böhrana apardığı qənaətindədirlər. Onlar hesab edirlər ki, bu siyasi kursdan mövcud sistem daxilində xilas olmaq mümkün deyildir. Məsələnin də ən qəliz tərəfi bundan ibarətdir.

Ekspertlər xüsusilə miqrant məsələsinə yanaşmada olan fikir ayrılığını vurğulayırlar. Siyasi liderlərin bir qismi Avropada demoqrafiyanın çox arzuolunmaz vəziyyətdə olduğunu nəzərə alaraq, miqrantların sərbəst Aİ-yə gəlməsinin daha doğru olacağını deyirlər. Maraqlıdır ki, Fransada prezidentliyə iki namizəddən heç biri bu mövqedə deyildi. Deməli, Avropanın bu böyük dövlətinin miqrantlarla bağlı siyasətində bir dəyişiklik gözlənilmir.

Digər qisim siyasətçilər isə bunun tam əksini söyləyirlər. Onlar bu məsələdə daha sərt mövqe tutaraq miqrantları güclə Avropadan çıxarmağı tələb edirlər. Belə mövqedə olanların sayı günbəgün artır. Məsələn, yaxın keçmişdə Londonda ingilislər gəlmə sayılan Böyük Britaniya vətəndaşı olan qadınları küçədə sıxışdırmışdılar. Buna cəmiyyətdən müəyyən təpkilər olsa da, müdafiə edənlər də az olmamışdı. Eyni mənzərəni indi Avstriyada, Almaniyada, yaxud Hollandiyada müşahidə etmək olar. Hollandiya və Avstriyada açıq mətnlə siyasətçilər miqrantlara qarşı radikal çağırışlar edirlər. Bunların fonunda Avropa demokratiyasının can verdiyini demək olar.

Bunlardan iki vacib nəticə hasil etmək mümkündür. Birincisi, bütövlükdə Avropa İttifaqı böhranlı vəziyyətin yeni mərhələsinə qədəm qoyur. İkincisi, Fransada artıq siyasi liderlər "Frexit"dən daha konkret kontekstlərdə danışırlar. Aİ-nin daha çətin siyasi mərhələyə keçməsi qlobal miqyasda geosiyasi dinamikaya ciddi təsir edə bilər. Bunun fonunda Rusiya və Çinin fəallaşması davam edəcək. Onlar beynəlxalq miqyasda öz sözlərini qətiyyətli və yüksək səslə demək imkanı əldə edəcəklər.

O cümlədən dünyanın inkişaf etməkdə olan böyük dövlətləri öz milli valyutalarına daha çox üstünlük verə bilərlər. Bu sırada Türkiyə ilə Hindistanın ticarətdə dollardan deyil, lirə və rupidən istifadə etməyə meyllənmələri ekspertlərin marağına səbəb olub. Bunlar böyük ölçüdə Qərbin maliyyə dominantlığına zərbə vura bilər ki, bu da özlüyündə Aİ-nin bir struktur olaraq mövcudluğuna təsir göstərər.

Yəni konkret deyilsə, "Frexit" bir sıra fransız siyasətçilərinin seçki kampaniyasının sadə elementi deyil. Bu, müasir mərhələdə Avropa siyasi mühitinin daxili məntiqindən yaranan siyasi anlayışdır. "Brexit" kimi "Frexit" də Avropanın siyasi gerçəyi ola bilər. Onun ardınca isə "EUexit" gələ bilər. Hər şey Avropa İttifaqının islahatlara nə dərəcədə açıq olacağından asılıdır. Məsələnin bu tərəfi isə hələlik qaranlıqdır. Brüssel yeniləşməyə müqavimət göstərir.

Onu daha çox Avropanın birləşmiş ordusunun yaradılması maraqlandırır. Bununla isə problem qətiyyən həll edilə bilməz. Ən yaxşı halda bu ordudan Aİ-nin hansısa böyük dövləti öz marağı üçün istifadə edəcək. Problemlər isə qalacaq. Deməli, bundan sonra da Avropada populizmin, irqçiliyin, millətçiliyin, radikal meyllərin mövcud olacağı qənaətini ala bilərik.

Newtimes.az

Paylaş:
419

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər