İsveçrədən saxta təbliğat və yaxud “Comfone” şirkəti Qarabağda nə axtarır? – ANALİZ
Heç kəsə sirr deyil ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ ərazisində bu gün bir çox xarici şirkətlər qanunsuz olaraq fəaliyyət göstərir.
Belə şirkətlərdən biri də İsveçrənin “Comfone” mobil operatorudur. Həmin şirkət rəsmi şəkildə və sosial şəbəkələr vasitəsilə edilmiş etiraz çağırışlarına məhəl qoymayaraq, hələ də işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətini davam etdirərək, “Karabakh Telecom”-la əməkdaşlıq edir.
Əldə etdiyimiz məlumata görə, bu kimi fəaliyyətin qeyri-qanuni olduğu barəsində müraciət edilən “Comfone” şirkəti “Karabakh Telecom” ilə əməkdaşlıqdan ildə 300 min frank (təxminən 526 min manat – B.C.) pul qazandığını bildirərək bunun kompensasiya edildiyi təqdirdə “Karabakh Telecom” ilə əməkdaşlığı kəsəcəyini bildirir.
Həyasızlığın dərəcəsinə bir baxın: həm qanunsuz fəaliyyət göstərdiyini etiraf edir, həm də bunun müqabilində pul tələb edir.
Bununla da “Comfone” şirkəti açıq şəkildə etiraf edir ki, beynəlxalq hüquqi, beynəlxalq telekommunikasiya ittifaqının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın telekommunikasiya məkanına soxulur və münaqişə ərazisindən qanunsuz pul qazanır. Hələ bu azmış kimi bu qanunsuz pulu İsveçrə ərazisinə keçirir və İsveçrə banklari vasitəsilə leqallaşdırır.
Nəzərinizə çatdıraq ki, davam edən bu qanunsuz fəaliyyətlər Beynəlxalq Telekommunikasiya İttifaqının Əsasnaməsi və Konvensiyasının (Cenevrə, 1992), habelə beynəlxalq ictimai telekommunikasiya nömrələrinin planı üzrə Beynəlxalq Telekommunikasiya İttifaqının Tövsiyəsinin müddəalarını ciddi şəkildə pozur.
Eyni zamanda, bu kimi fəaliyyətlər Azərbaycan tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində telekommunikasiya sistemini tənzimləmək, nömrələmə resurslarını istifadə etmək üçün müstəqil suveren hüququnun həyata keçirilməsinə, həmçinin telekommunikasiya bütövlüyünün təmin edilməsi və radio tezliklərdən istifadəsinə ciddi maneələr yaradır.
Texniki baxımdan izah etmək istərdik ki, Beynəlxalq Telekommunikaya İttifaqı tərəfindən beynəlxalq zənglər üçün ölkələrə kodlar ayrılır. Məsələn, Azərbaycanın beynəlxalq kodu +994-dür. +374 isə Ermənistanın kodudur. Ermənistan işğal olunmuş ərazilərə də 374 kodunu tətbiq etməklə işğal olunmuş ərazilərə telefon zənglərini çatdırır. Bəzi xarici mobil operatorlar da bu məsələdə qanunsuz olaraq işğal olunmuş ərazilərdə yaradılmış “Karabakh Telekom” ilə əməkdaşlıq edirlər.
Bu yaxınlarda məsələyə BMT-nin ixtisaslaşmış orqanı olan Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi tərəfindən də münasibət bildirilib və baş katib bütün üzv dövlətlərin müvafiq öhdəliklərinə uyğun olaraq, İttifaqın hüquqi sənədlərində göstərilən əsas prinsiplərə, xüsusilə də hər bir üzv dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində telekommunikasiya qaydalarını tənzimləmək üçün suveren hüququna hörmət göstərməsini təsdiqləyib. İttifaqın bülletenində çap edilmiş mövqedə BMT-nin ixtisaslaşmış qurumu kimi İttifaqın Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Baş Assambleyasının müvafiq qərarlarını və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini nəzərə alındığı vurğulanır.
Qeyd edək ki, 1815-ci il Paris müqaviləsinə əsasən, dünyanın ən qədim neytral dövlətlərindən hesab edilən İsveçrəni təmsil edən “Comfone” mobil operator şirkətinin bu kimi fəaliyyəti biznes etikası və kooperativ sosial məsuliyyət baxımından da ziddiyyətlidir. Tarix İsveçrə banklarının və şirkətlərinin münaqişələrdən əldə edilmiş pulların gizli saxlanma yeri olduğunu yaxşı xatırlayır. Bu mənada alman faşistlərinin II Dünya müharibəsində İsveçrə banklarında hesabları, həmçinin yəhudilərin hesablarının mənimsənilməsi hər kəsə yaxşı bəllidir. Həmçinin, müharibənin bitməsinə qədər İsveçrə Almaniya tərəfindən işğal edilmiş Avropanın mərkəzi banklarından oğurlanmış yüz milyonlarla dollar həcmində olan aktivlər və qızılların yuyulmasını təmin edib.
Münaqişə ərazilərində fəaliyyət göstərməklə mənfəət əldə etmək, pul qazanmaq, görünür, İsveçrə şirkətləri üçün yeni deyil. Digər bir İsveçrə vətəndaşının rəhbərlik etdiyi şirkət işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi və əldə olunan gəlirlərin qanunsuz olaraq İsveçrə banklarında saxlanması ilə məşğuldur. Bu şəxsin adı Vartan Sermakesdir. Azərbaycan Prokurorluğu tərəfindən onun barəsində cinayət işi açılıb. Çirkli pulların İsveçrəyə daşınması məsələsində İsveçrə yenə də susqunluq nümayiş etdirir.
Bu baxımdan, İsveçrənin “Comfone” mobil operatoru da işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyət göstərərək, münaqişə zonasından pul qazanmaqla yanaşı, qondarma rejimin iqtisadi tərəfdaşına çevrilib.
Məlum olduğu kimi, İsveçrə beynəlxalq münaqişələrin həllində qərəzsiz tərəf və vasitəçi kimi çıxış edir və bitərəf rolunu təqdim edir. O cümlədən Dağlıq Qarabağ münaqişəsində. Beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının yaradıcısı hesab edilən dövlətin öz fiziki və hüquqi şəxslərini münaqişə ərazilərini qazanc mənbəyinə çevirməsinə göz yumması Cenevrə konvensiyaları ilə bir araya sığmır.
Cenevrə konvensiyalarına görə, işğal olunmuş ərazilərdə hər hansı iqtisadi fəaliyyətin aparılması qadağandır. İsveçrə hökuməti isə pullar xərcləyərək Cenevrə konsensiyalarının ideyalarını guya dünyada təbliğ edir.
Qeyd edək ki, hələ 2015-ci ildə Azərbaycan gəncləri “Comfone” mobil operatorunun separatçı rejimlə əməkdaşlığına qarşı etiraz kampaniyası keçirmişdilər. Lakin göründüyü kimi, sözügedən şirkət qanunsuz əməllərinə davam etməkdədir.
Bir məsələ dəqiqdir ki, İsveçrə qanunsuz yolla pul qazanan, həm də bunu separatçı bir quruma dəstək verməklə edən şirkətinin qanunsuz əməllərinə göz yummaqla özü tərəfindən dəstəklənən beynəlxalq qanunvericiliyə, konvensiyalara qarşı açıq-aşkar saymazlıq nümayiş etdirir. Bu isə şübhəsiz onun nüfuzuna xələl gətirməyə bilməz.
Bu məsələdə İsveçrə tərəfinin rəsmi cavabını gözləyirik.
Babək Cahandarov