Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfrans keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfrans keçirilib

19:25 - 06 / 08 / 2017
Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfrans keçirilib

Avqustun 6-da Qafqaz Müsəlmanları İdarəsi və İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda birgə konfrans keçirilib.

1news.az xəbər verir ki, konfransda İranın nüfuzlu din xadimləri, Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri iştirak ediblər.

Konfransı İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının baş katibi Ayətullah Möhsün Əraki açaraq İslam dini haqqında danışıb. O qeyd edib ki, İslam insanları humanizmə, sülhə və əmin-amanlığa çağıran bir dindir. Bu dinin böyük tarixi var və bu tarixin öyrənilməsi olduqca vacibdir. Təəssüf ki, son zamanlar İslama qarşı qərəzli yanaşmalar müşahidə edilir və bu dinin adı terrorçuluqla bərabər çəkilir. Bu kimi qərəzli yanaşmaların qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək və insanlara bu dinin mahiyyətini izah etmək lazımdır.

İran Prezidentinin andiçmə mərasiminə xüsusi dəvət olunmuş Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə konfransda çıxış edərək bildirib ki, Azərbaycan dünyanın tolerant ölkəsidir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev İslam dininə xüsusi əhəmiyyət verərək 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan edib. Bu il çərçivəsində Bakıda İslam Həmrəyliyi Oyunları da keçirildi. Bu Oyunlarda iştirak edən İslam ölkələri bütün dünyaya həmrəylik nümayiş etdirdilər.

A.Paşazadə bildirib ki, Azərbaycan və İran xalqları bir-biri ilə qırılmaz tellərlə bağlıdırlar. Tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri, ortaq dini dəyərlər, məzhəb birliyi dövlətlərin və xalqların daha da yaxınlaşmasına zəmin yaradır. Azərbaycanda “İslam Həmrəyliyi İli” qeyd edildiyi bir vaxtda İranda bir araya gəlməyimiz xüsusilə önəmlidir. Zəmanəmizin kabusuna çevrilmiş dini və milli zəmində ekstremizm, ksenofobiya, radikalizm, təkfirçilik, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı dönəmdə bəşərə nicat verəcək ideyaların varlığına ehtiyac duyulur. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın tarixi köklərinə və milli irsinə söykənərək qlobal səviyyədə ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Prezident İlham Əliyev “Multikulturalizm İli”nin ardınca 2017-ci ili də “İslam Həmrəyliyi İli” elan edərək terrorçuluğa, milli və dini zəmində münaqişələrə həmrəyliklə qalib gəlmək ideyasını ortaya qoydu.

Qeyd olunub ki, Azərbaycan və İran xalqlarının yaxınlaşmasında hər iki dövlətin mehribanlıq şəraitində əlaqələrini inkişaf etdirməyə davam etməsində dövlət başçılarının rolu böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşləri zamanı ictimai həyatın bütün tərəfləri ilə yanaşı, dini və mənəvi əlaqələrin də inkişafının yüksək səviyyəyə çatdırılmasını müzakirə ediblər.

Həsən Ruhanini yenidən İranın Prezidenti seçilməsi və andiçmə mərasimi münasibətilə təbrik edən Allahşükür Paşazadə İran xalqının daha böyük nailiyyətlərə çatacağına inandığını bildirib. “Dost, qardaş xalqlarımız arasında dini-mənəvi, mədəni əlaqələrin inkişafı üçün biz mövcud imkanlardan istifadə edirik və bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə şeyxülislam bildirib

QMİ-nin sədri bildirib ki, İranın mötəbər din xadimi Ayətullah-üzma Həmədaninin ötən il Azərbaycana səfəri dini-mənəvi sahədə əlaqələrin yaxınlığını göstərir.

Allahşükür Paşazadə deyib: “Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada dini və milli ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda şiələr və sünnilər eyni məsciddə namaz qılırlar. Azan və bayram vaxtları ilə bağlı təqvim birliyi mövcuddur. Məhərrəm ayının təziyələrində hər iki məzhəbin davamçıları bir arada olurlar. Bu, Azərbaycanın həyat tərzidir, dövlət başçısının vətəndaşlar üçün yaratdığı şəraitin bəhrəsidir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev Təzəpir məscidində Məhəmməd Peyğəmbərin mövludunda iştirak edən, Bibiheybət məscidinə yeni həyat bəxş edən, Azərbaycanda İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət başçımız olub. Heydər Əliyevin sayəsində dini abidələr bərpa edilib, yeni məscidlər tikilib xalqın istifadəsinə verilib.

Bu gün Prezident İlham Əliyevin səyləri nəticəsində Təzəpir, Əjdərbəy, İçərişəhər və Şamaxı cümə məscidlərinə yeni həyat verilib. Azərbaycanın dini memarlıq ənənələrini əks etdirən Heydər məscidi tikilib istifadəyə verilib. Prezident İlham Əliyevin təbirincə desək “bizim dinimiz Azərbaycan xalqını qorudu, möhkəmləndirdi. Biz buna sadiqik”.

Allahşükür Paşazadə qeyd edib ki, ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan ən son həddədək beynəlxalq hüquq normalarına istinadən ədalətli sülhə nail olmaqda israrlıdır. Şeyxülislam beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə İran dövlətinə təşəkkürünü bildirib.

İranın keçmiş xarici işlər naziri Mənüçöhr Mottaki çıxışında Azərbaycanda İslam dininə yüksək dəyər verildiyinin sevindirici hal olduğunu bildirib. O deyib ki, hər iki xalqın eyni dinə və məzhəbə mənsub olması əlaqələrin inkişafına böyük təkan verir. Xalqların milli adətlərinin və ənənələrinin də eyniliyi dövlətlərin yaxınlaşmasını şərtləndirir.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib: “Müasir dünyanın elə bir regionu yoxdur ki, orada ekstremist qruplaşmalar tərəfindən terror aktları törədilməsin. Təəssüflər olsun ki, adətən bu terror aktları İslam pərdəsi altında gizlənən, amma əsl İslama heç bir aidiyyəti olmayan terrorçu dəstələr tərəfindən həyata keçirilir. Ən dəhşətlisi isə odur ki, bu cür hadisələrin qurbanı daha çox müsəlmanlar olmasına baxmayaraq, qınanan da məhz onlar olur. Ümumiyyətlə, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur.

Dünya xəritəsinə nəzər salsaq görərik ki, müsəlmanlar dünya əhalisinin təqribən 23 faizdən çoxunu təşkil edir. Həmçinin planetimizin quru sahəsinin 19 faizi müsəlman dünyasının ərazisindədir. Olduqca strateji əhəmiyyətə malik olan bu məntəqələr yeraltı və yerüstü sərvətlərlə zəngindir. Hazırda dünyada olan neft ehtiyatlarının təxminən 62, təbii qazın isə 60 faizi müsəlman ölkələrinin payına düşür. Bu isə onu göstərir ki, müsəlman ölkələri dünya siyasətində çox ciddi rol oynayır. Odur ki, İslamın nüfuzdan salınmasında, nüfuzuna xələl gəlməsində maraqlı olan dairələr var. Halbuki müsəlman ölkələrində terror törədənlərin İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplar olduğu artıq heç kəsə sirr deyil”.

Mübariz Qurbanlı deyib ki, bu ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi bizim üçün qürurverici olmaqla yanaşı, ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.

Tarixən Azərbaycanda etnik və dini icmalar arasında möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib. Odur ki, bir Şərq dövləti, müsəlman ölkəsi kimi Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam dünyası üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük önəm daşıyır. Bu istiqamətdə əldə edilmiş ən böyük uğur isə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarının bir araya gələrək eyni vaxtda bir yerdə vəhdət namazı qılmasıdır. Bu hal ənənəyə çevrilərək bu gün digər məscidlərdə də tətbiq olunur.

“Ölkəmiz üçün ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində biz digər müsəlman ölkələri kimi, İranın da dəstəyini həmişə hiss etmişik. İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycan torpaqlarının işğalı ilə bağlı fikri açıq və konkretdir: “Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər”. Bildiyiniz kimi, Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edilib. Ancaq Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızda əcdadlarımızın qəbirlərini, məscidlərimizi, tarixi-mədəni irsimizi dağıdıb. Xüsusilə işğal olunmuş ərazilərdə dini abidələr təhqir obyektinə çevrilib. Ermənistan tərəfindən qəsdən Şuşa və Ağdam məscidlərində İslam dininə görə haram və murdar olan heyvanlar saxlanılır. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, məcburi köçkün həyatı yaşayır”, - deyə komitə sədri qeyd edib.

M.Qurbanlı vurğulayıb ki, İran ilə Azərbaycanın dostluğu iki xalqın əlaqələrinin inkişafına imkan yaratmaqla yanaşı, ümumilikdə, müsəlman dünyasının bu gün çox ehtiyac duyduğu həmrəyliyə öz töhfəsini verə bilər.

Milli Məclisin komitə sədri, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Eldar İbrahimov deyib ki, İran- Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolu var. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1992-ci ilin avqust ayında İrana səfər edib və hərtərəfli əməkdaşlıq əlaqələrinin əsasını qoyub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev xarici siyasət kursunda İran ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində İran ilə Azərbaycan arasındakı əlaqələr bu gün yüksək səviyyəyə çatıb. Ötən il Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində enerji, gömrük, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı və digər sahələri əhatə edən 11 əməkdaşlıq sənədi imzalanıb. Ötən ilin avqustunda isə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri dövlətlərimiz arasındakı iqtisadi və siyasi əlaqələrin perspektivinin olduğunu göstərir.

Azərbaycanda 450 İran şirkəti fəaliyyət göstərir. Azərbaycanda yaradılmış münbit investisiya mühiti İran şirkətlərinə daha geniş imkanlar yaradıb. Parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri və əldə edilən nəticələr iki dost və qardaş dövlət arasında bütün sahələr üzrə əməkdaşlığın gələcəkdə də davam edəcəyini deməyə əsas verir.

Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxışında bildirib ki, belə konfransların təşkili yalnız faydalı ola bilər. Bu fayda isə ondan ibarətdir ki, İslam dinini araşdıran alimlər bu dini düzgün şəkildə insanlara çatdırırlar. İran ilə Azərbaycanın eyni dinə mənsubluğu hər iki ölkənin beynəlxalq arenada həmrəylik nümayiş etdirmələrini və nümunə göstərmələrini əsaslandırır.

Öz fəaliyyəti haqqında məlumat verən P.Bülbüloğlu İranın da UNESCO çərçivəsində fəal işlədiyini bildirib və xatırladıb ki, o, bu qurumun baş direktoru vəzifəsinə yeganə müsəlman namizəddir. P.Bülbüloğlu namizədliyinin İran nümayəndələri tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov çıxış edərək təbliğat məsələlərində informasiyanın əhəmiyyətindən danışıb. O deyib ki, İslam haqqında yayılan qərəzli məlumatların əsası yoxdur. İnformasiyadan istifadə edən bəzi siyasi dairələr insanların düşüncəsinə təsir edərək münaqişələr yaradır və öz maraqlarını güdürlər. Bu kimi halların qarşısını almaq üçün alim və mütəfəkkirlər istər mediada, istərsə də sosial şəbəkələrdə fəal olmalı, insanlara həqiqətin nədən ibarət olduğunu izah etməlidirlər.

Konfransda İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının Müşahidə Şurasının üzvü, böyük islamşünas alim Axund Rəhbəri, Ayətullah Məhəmməd Təsxiri, Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının sədri, akademik Vasim Məmmədəliyev, İranın keçmiş xarici işlər naziri Mənüçör Mottaki, İran İslam Respublikası Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaq Nejat, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, İmam Sadiq Universitetinin müəllimi doktor Derəxşe və başqaları çıxış edərək İslam həmrəyliyinin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, İslam həmrəyliyi yalnız İslam aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər. Xalqlar və dövlətlər dünyanın inkişafı prosesində daim əlaqədə olublar. Xalqların arasında düşmənçiliyin yaranması cahillikdən irəli gələn bir münaqişədir. Həmrəylik isə bu münaqişələrin yaranmasının qarşısını ala biləcək bir vasitədir.

Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi ideyasını yüksək qiymətləndiriblər, bu ideyanın çox əhəmiyyətli olduğunu, müasir dünyanın məhz həmrəyliyə ehtiyac duyduğunu bildiriblər.

Konfrans mövzu ilə bağlı müzakirələrlə davam edib.

Konfransda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

1news.az

 

Paylaş:
705

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər