Mübariz Əhmədoğlu: Avstriya nümunəsi ATƏT-in münaqişələrin tənzimlənməsində səmərəsizliyini nümayiş etdirdi
ATƏT-in məşğul olduğu münaqişə təkcə Dağlıq Qarabağ münaqişəsi deyil. MDB məkanındakı bütün münaqişələrin tənzimlənməsində bu və ya digər dərəcədə ATƏT iştirak edir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ATƏT-in Avropada mövcud münaqişələrin tənzimlənməsindəki rolundan danışarkən deyib:
“ATƏM-in ATƏT-ə çevrilməsi ilə SSRİ-nin parçalanması prosesləri üst-üstə düşdü. Ona görə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi müəyyən qədər özünə geosiyasi maraq cəlb edə bilmişdi. Nəticədə ATƏT ayrıca qrup yaratdı. ATƏT-in Minsk Qrupu təxminən belə şəraitdə formalaşdı. Zaman keçdikcə münaqişələrin həlli çətinləşir, yeni münaqişə regionları yaranır. Münaqişələrin həll olunmaması ATƏT tipli təşkilatları depressiv vəziyyətə salır”.
M.Əhmədoğlu bildirib ki, Avstriyanın rotasiya üzrə ATƏT-ə indiki sədrliyi bütün bu problemləri daha qabarıq şəkildə ortalığa qoydu. Çünki Avstriyanın cari sədrliyi özü ilə əlaqəli iki bir-birinə bağlı faktoru ortalığa qoydu:
ı. ATƏT-ə sədrliyi dövründə Avstriyanın daxilində növbədənkənar parlament seçkiləri elan edildi və parlament seçkilərinin əsas motivatoru ATƏT-in fəaliyyətdə olan səfiri, Avstriyanın Xİ naziri S.Kurts oldu. S.Kurts partiya rəhbəri kimi parlament seçkilərini udmalı, həm də elə udmalıdır ki, onun Avstriyanın kansleri olmasına imkan versin. Avstriya parlament seçkiləri Almaniyanın bəzi siyasi partiyalarının müdaxiləsi fonunda baş verir. Ona görə S.Kurts üçün daha qəliz vəziyyət yaranıb. ATƏT sədrliyinə ayırdığı vaxtın miqdarı xeyli azdır.
ıı. ATƏT-in rəhbərliyinin tərkibi demək olar ki, formalaşmayıb. Dörd əsas vəzifə yaxşı halda sentyabr ayından fəaliyyətə başlaya bilər.
Beləliklə 2017-ci il sona çatır, amma ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi hələ Dağlıq Qarabağ münaqişəsi regionuna gəlib çatmayıb. ATƏT-in atmosferində cüzi meteoroloji dəyişiklik baş verən kimi ATƏT-in fəaliyyəti iflic oldu.
Dünyamızda təbii, metroloji, texnogen, antropogen kataklizmlərə daha dözümlü yeganə bir qurum var. Bu da BMT-dir.
M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in deyil, BMT-nin məşğul olmasının daha səmərəli olacağını vurğulayıb:
“Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin dağılması ilə başlayan yeni dünya düzəninin ilk bəd xəbərçisi idi. Ona görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in deyil, BMT-nin məşğul olması daha səmərəlidir. Bəlkə də bununla dünyanın bir qisim regionunda baş verən destruktiv prosesləri dayandırmaq olar”.
Babək Cahandarov