Mübariz Əhmədoğlu: Ermənistan tərəfi ABŞ Dövlət Departamentinin rəsmi sənədini saxtalaşdırıb
ABŞ Dövlət Departamenti 2016-cı ildə dünyada dini azadlıqların vəziyyəti ilə bağlı ənənəvi hesabatını yaydı. Hesabatın “Ermənistan” bölməsində bu ölkədəki dini pozuntular daha kəskin şəkildə qeyd edilir. Amma Ermənistan mətbuatı ABŞ Dövlət Departamentinin yaydığı hesabata “əlavələr” etməklə guya Ermənistanda qonşularına nisbətən dini azadlıqların az pozulduğunu ABŞ-ın rəsmi sənədində göstərildiyini bildirdilər.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O bu xüsusda bir neçə məqama diqqət çəkir:
1. Əgər Ermənistan “qonşu” dedikdə Azərbaycan və Türkiyəni nəzərdə tutursa, bu iki dövlətdə dini strukturlar heç xüsusi imtiyaza və ya səlahiyyətə malik deyil. Ermənistanda Erməni Apostol kilsəsi prioritet mövqedədir və bu konstitusiya ilə təsbit olunub. Dövlət qurumları erməni kilsəsinin prioritet mövqeyinin reallaşmasına daimi xüsusi diqqət ayırırlar.
2. Azərbaycanda və Türkiyədə dinlə məşğul olan dövlət qurumları var. Ermənistanda belə bir qurum yoxdur. Erməni Apostol kilsəsi buna imkan verməz. Gürcüstanda da patriarxlıq güclü olsa da, artıq hökumət dini qurum təsis etmişdir.
3. Reallıqda ABŞ Dövlət Departamentinin 2016-cı il hesabatının “Ermənistan” bölümündə “qonşu ölkələrlə müqayisədə” termini yoxdur. 2014-cü il hesabatında belə bir termin olub. Bu ABŞ-ın Ermənistandakı o zamankı səfiri, indi ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən C.Heffernin əməli idi. Ermənistandakı demokratik mətbuat və din azadlığı sahəsindəki biabırçılığı ört-basdır etmək üçün bu üsula əl atmışdı.
Heç də hər ekspertin əziyyət çəkib mövzunu axıradək öyrənmək istəmədiyini deyən M.Əhmədoğlu bildirib ki, Heffernin və Ermənistan rəhbərliyinin belə saxtakarlıqlar hazırlayarkən əsas hesablamaları da buna idi:
“Beləliklə, çox dəqiq şəkildə bildirmək olar ki, Ermənistan tərəfi ABŞ Dövlət Departamentinin rəsmi sənədini saxtalaşdırıb. Amma bu, birinci hal deyil. Prezident S.Sərkisyan və Xİ naziri E.Nalbandyan dəfələrlə bildiriblər ki, Ermənistanın mövqeyi ATƏT MQ-nin mövqeyi ilə eynidir. Guya Azərbaycanın mövqeyi fərqlidir. Amerikalı həmsədr yaxınlarda hərtərəfli sülh sazişinin dörd maddəsini açıqladı: Ərazilər Azərbaycana qaytarılır: Azərbaycanın bütün qaçqın və məcburi köçkünləri ilkin yaşayış yerlərinə qayıdır; Dağlıq Qarabağın statusu müəyyən olunur və regiona sülhməramlılar gətirilir. ATƏT MQ-nin dediyi budur. Ermənistan əgər bununla razıdırsa o zaman istənilən anda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini əldə etmək olar. O cümlədən digər sahələrdə də Ermənistan rəhbərliyinin belə saxtakarlıqları var”.
Dini azadlıqların təmini sahəsində də Azərbaycanda vəziyyətin Ermənistanla müqayisədə qat-qat yaxşı olduğunu deyən politoloq dediklərinə misal olaraq bir arqument və bir faktı göstərir:
“Ermənistan özündə və işğal etdiyi Dağlıq Qarabağda İslam terrorizmini çox real hesab edir və bunu Azərbaycana qarşı arqument kimi istifadə edir. Azərbaycanda heç vaxt İslam terrorizmi real təhlükə olmayıb və yaxın gələcəkdə də mümkün deyil. Uzaq müddətə də dair belə bir fikir söyləmək mümkündür.
Gümrüdə rus hərbçisini terror edən erməninin Yunanıstanda islamçıların təsirinə düşmüş erməni olduğu bildirildi.
Azərbaycanda isə dini radikalizm yoxdur, sadəcə siyasi məqsədlər üçün radikallaşmış dini qrup mövcuddur. Hakimiyyətin apardığı siyasət nəticəsində bu təbəqə də demək olar ki, tamamilə neytrallaşıb. Yeri gəlmişkən, Ermənistan özü də Azərbaycanda həmin radikal qrupun mövcudluğu istiqamətində müəyyən səylərə malikdir. Azərbaycan tarixi multikultral və tolerantlıq ənənələrinə malik dövlətdir. Azərbaycanda dini siyasi radikallara qarşı aparılan mübarizə dövlət sabitliyini təmin etmək kontekstində qəbul edilə bilər.
Dini azadlıqların təmini mövzusunda Azərbaycanın ictimai-siyasi mühitində vəziyyət konsensusa yaxındır. Bu kontekstdən ABŞ Dövlət Departamentini Dini Qurumlarla İş üzə Dövlət Komitəsi ilə əməkdaşlığı qarşılıqlı faydalı ola bilər.
Ümumiyyətlə, elə dəyərlər var ki, Ermənistana yaddır. Hələ bu günədək Ermənistan müstəqil siyasətin acılığını və ya şirinliyini dadmayıb”.
Babək Cahandarov