Kristiya Friland: Kanada Azərbaycanla əlaqələri dərinləşdirməyə hazırdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Kanadanın xarici işlər naziri Kristiya Friland ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda xalqlarımızın qarşılıqlı anlaşma üzərində qurulmuş dost, səmimi əlaqələrindən bəhrələndiyini və iki ölkənin mövqeyinin bir çox beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü bildirib.
Nazir ötən illər ərzində Kanadanın Azərbaycanın enerji, infrastruktur və telekommunikasiya layihələrinə cəlb olunması ilə ikitərəfli ticarət və investisiya sahəsində diqqətəlayiq inkişafın müşahidə olunduğunu qeyd edib. O, həmçinin qarşılıqlı əlverişli əməkdaşlığın inkişaf etdirilməsi üçün iqtisadiyyatın digər sahələrində çoxsaylı imkanların olması faktının Azərbaycan və Kanadanı ruhlandırdığını bildirib.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövcud status-kvonun davam etməsinin qəbuledilməz olduğunu vurğulayaraq, Kanadanın Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bildirildiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstəyini yüksək qiymətləndirdiyini bildirib.
Nazir gələcək əməkdaşlıq üçün mövcud potensialın iki ölkənin mənafeyi naminə münasibətlərin əhatə sahəsini müəyyənləşdirmək üçün mükəmməl şərait yaratdığını qeyd edib.
Kanadanın xarici işlər naziri Kristiya Friland nazir Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində iki ölkə arasında nəzərəçarpacaq dərəcədə genişlənmiş güclü əlaqələrin ildönümünün qeyd edilməsindən məmnunluğun ifadə edib. Habelə o, 1992-ci ildən etibarən iki ölkə arasında, xüsusilə ikitərəfli ticarət və sərmayələrin qoyuluşu sahəsində yaxın əməkdaşlığın inkişaf etdiyini və gələcək illərdə çoxsaylı imkanların üzə çıxarılmasında əlindən gələni əsirgəməyəcəyini bildirib.
Xanım Friland Azərbaycan və Kanadanın növbəti 25 ildə də birgə fəaliyyətinin və inkişafının təmin edilməsi üçün iki ölkə tərəfindən təməlin yaradıldığını qeyd edib. O, bu istiqamətdə Azərbaycanla birgə işləməyə, iki ölkə arasında xalqlararası və ticarət əlaqələrinin dərinləşdirilməsinə hazır olduğunu bildirib.
S.Xankişiyeva