Riçard Houqland ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair siyasətinin altı elementini bir daha vurğulayıb
ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri vəzifəsini müvəqqəti icra edən səfir Riçard Houqland avqustun 23-də erməni və azərbaycanlı jurnalistlərlə görüşüb. Brifinq ABŞ Dövlət Departamentinin əcnəbi jurnalistlər üçün mətbuat mərkəzi tərəfindən təşkil edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səfir ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair rəsmi siyasətinin prinsiplərini jurnalistlərə təqdim edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət barədə öz fikirlərini bölüşüb və suallara cavab verib. Cari ilin yanvarından avqustun sonuna qədər bu vəzifəni müvəqqəti icra etdiyini vurğulayan R.Houqland bildirib ki, ATƏT-in Minsk qrupunun Amerika tərəfdən yeni daimi həmsədri Endrü Şofer bu vəzifədə fəaliyyətə bazar ertəsi, avqustun 28-də başlayacaq.
Səfir Houqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın siyasətinin əsas prinsiplərindən söhbət açaraq deyib ki, tənzimləmənin əsasını BMT-nin Nizamnaməsi, müvafiq beynəlxalq hüquqi sənədlər və Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir. Madrid prinsiplərinə əsaslanan daha altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element ondan ibarətdir ki, tərəflər Dağlıq Qarabağa müvəqqəti status verməli, onun qəti hüquqi statusu gələcəyə keçirilməli və tərəflərin qarşılıqlı razılığı ilə onların iradəsinin ifadə olunması vasitəsilə müəyyən edilməlidir.
İkinci element keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri daxilində hazırda rəsmi Bakı tərəfindən nəzarət edilməyən əraziyə müvəqqəti status verilməsini nəzərdə tutur və həmin dövrdə təhlükəsizliyə və özünüidarəyə minimal zəmanəti təmin edir. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır, çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə ola bilməz. Dördüncü element Laçından keçməklə Dağlıq Qarabağı Ermənistanla birləşdirən “dəhliz” mövcud olmasını nəzərdə tutur və həmin dəhliz hərəkət etmək üçün yetərincə geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə və qaçqınlara əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element sülhyaratma əməliyyatı da daxil olmaqla təhlükəsizliyə beynəlxalq zəmanətləri nəzərdə tutur.
Riçard Houqland jurnalistlərin suallarına cavab verərkən qeyd edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrlərinin və ya ABŞ administrasiyalarının dəyişməsindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın bu siyasəti dəyişmir.
AZƏRTAC-ın xüsusi müxbiri Yusif Babanlı postsovet məkanında separatçı və dövlətlərarası münaqişələrlə bağlı terminologiyanın xüsusiyyətlərinə toxunaraq qeyd edib ki, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş ərazilərdəki qeyri-qanuni qurumlarda fəaliyyət göstərən qanunsuz rejimlərin tanınmaması barədə ABŞ-ın mövqeyi yetərincə aydın olsa da, bəzən ABŞ Dövlət Departamenti həmin münaqişələrə münasibətdə Vaşinqtonun ümumi mövqeyinə zidd olan yanaşmadan istifadə edir. Məsələn, ABŞ xarici siyasət idarəsinin nümayəndələri Cənubi Osetiya və Abxaziya barədə danışarkən “işğal olunmuş ərazilər” terminindən istifadə edir, amma Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında işğal olunmuş ərazini müzakirə edərkən “işğal olunmuş ərazilər” terminini işlətməkdən çəkinir və bu termini yalnız keçmiş DQMV-yə bitişik işğal olunmuş ərazilər barədə danışarkən tətbiq edir. Bu artıq, ölkənin rəsmi siyasətinə ziddir, çünki ABŞ rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə təkrar edib. Səfir Houqland qeyd edib ki, bu, ikili standartlara dəlalət etmir, çünki hər bir münaqişəyə xas olan müəyyən nüanslar var. Diplomat vurğulayıb ki, bu, “yaxşı diplomatiya nümunəsi” və real siyasət nümunəsidir.
O, ermənilərlə azərbaycanlılar arasında etimadı möhkəmlətmək tədbirləri və “xalq diplomatiyası” barədə öz fikirlərini də bölüşüb.
ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endrü Şofer yaxın vaxtlara qədər BMT-nin Vyanadakı ofisində ABŞ-ın nümayəndəliyində, Beynəlxalq Atom Enerjisi Agentliyində və Vyanadakı digər beynəlxalq təşkilatlarda rəhbər vəzifə tutub.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdlarından qovulub. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, habelə məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi 62/243 nömrəli qətnamə qəbul edərək beynəlxalq birliyin Təhlükəsizlik Şurasının sənədlərinə əks olunmuş mövqeyini bir daha təsdiq edib. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericilik orqanları BMT-nin həmin qətnamələrini əsas götürərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.
S.Xankişiyeva