Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin baş katibinə müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin baş katibinə müraciət ünvanlayıb

17:37 - 30 / 08 / 2017
Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin baş katibinə müraciət ünvanlayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Avropa Parlamenti tərəfindən 2017-ci il iyulun 5-də qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 72-ci sessiyası çərçivəsində qəbul olunması üçün təqdim edilən tövsiyələrə etiraz əlaməti olaraq BMT-nin baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Avropa Parlamentinin tövsiyə sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə faktlar təhrif olunub və oxucunu çaşdırır.

Qəbul edilmiş tövsiyə beynəlxalq normalara uyğun olmadığı və BMT-nin əsrin bir rübündən çox davam edən münaqişəyə dair rəsmi mövqeyini əks etdirmədiyi üçün yenidən ciddi və hərtərəfli baxılmağı tələb edir. BAMF hesab edir ki, ictimai təşkilatlar, həmçinin müxtəlif strukturlar Fondun müraciətinə qoşulmalı və 2017-ci il sentyabrın 12-də öz işinə başlayacaq BMT Baş Məclisinin 72-ci sessiyasında Avropa Parlamentinin təklif etdiyi tövsiyəyə ədalətli qiymət verilməsinə dair çağırış etməlidir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun BMT-nin baş katibinə müraciətində deyilir:

“Hörmətli cənab Antonio Quterreş, biz Sizə Avropa Parlamenti tərəfindən 2017-ci il iyulun 5-də qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 72-ci sessiyası çərçivəsində qəbul olunması üçün təqdim edilən tövsiyələrə xüsusi diqqət yetirməyiniz üçün Beynəlxalq Avrasiya Mətbuat Fondu adından müraciət edirik. Əgər diqqət yetirsəniz, orada Azərbaycana qarşı ədalətsiz yanaşmanın olduğunu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin obyektiv əksini tapmadığını görəcəksiniz.

Tövsiyə sənədində deyilir ki, Şərqi və Cənubi Qafqaz ölkələrinin, yəni, Gürcüstan, Moldova və Ukraynanın müstəqilliyinə, beynəlxalq hüquq əsasında tanınmış sərhədləri və ərazi bütövlüyünə hörmət edilməlidir. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tövsiyə insan hüquqları və ərazi bütövlüyünə hörmət etmək, gücdən istifadə etməmək və bu ərazilərdə xalqların öz müqəddəratını təyin etməsində bərabər hüququn təmin olunmasına çağırır”.

Tövsiyədə Azərbaycanın 25 ildən çoxdur ki, 20 faiz torpaqlarının - Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələrinin işğalı altında olması barədə heç bir məlumatın verilmədiyinin xüsusi vurğulandığı müraciətdə deyilir: “İşğal olunmuş Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən təcili, tamamilə və qeyd-sərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsdiq edilib. Həmçinin bu sahədə 1993-cü ildə BMT Baş Məclisinin “Azərbaycanın qaçqın və məcburi köçkünlərinə beynəlxalq səviyyədə yardım edilməsi” adlı 48/114 saylı, 2006-cı il sentyabrın 7-də “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı 60/285 saylı və 2008-ci il martın 14-də “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı A/RES/62/243 saylı qətnamələri ilə də təsdiq olunub.

Münaqişə başlayan vaxtdan Azərbaycanın minlərlə günahsız vətəndaşı Ermənistanın xüsusi qəddarlıqla törətdiyi işğalçılıq siyasətindən zərər çəkib. Təkcə 1989-cu ildə sovet ordusunun köməyi ilə 270 min azərbaycanlı Ermənistandan deportasiya edilib. Bu vaxt Dağlıq Qarabağın özündə yalnız bir neçə on min erməni yaşayırdı. Ərazi baxımından Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal edilmiş yeddi rayonunun hər birindən kiçikdir. Ermənilər Dağlıq Qarabağda bir neçə min ermənini öz müqəddəratını təyin etmək hüququnu müdafiə etdikləri vaxtda Azərbaycanda 30 ilə yaxındır ki, erməni işğalı və hərbi əməliyyatlarının nəticəsində öz yurdlarından didərgin düşmüş 1,2 milyon qaçqın və məcburi köçkün əziyyət çəkir. Bu, dəhşətli haldır.

2015-ci il iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Çıraqov və Ermənistan əleyhinə digərləri” işi ilə bağlı qərarını bəyan edib. Qərarda deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Laçın rayonu və ona bitişik digər ərazilər hazırda işğal altındadır. Məhkəmə 2011-ci il dekabrın 14-də qəbul etdiyi qərardan çıxardığı nəticəni təsdiq edib. Bu qərara görə, qondarma “DQR” nə ölkələr, nə də beynəlxalq təşkilatlar tərəfindən tanınmır. Bununla da AİHM böyük səs çoxluğu ilə bu qondarma rejimi inkar edən və etnik təmizləmə və beynəlxalq hüququn digər əsas normalarının ciddi şəkildə pozulması kimi kədərli praktika ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş güc tətbiq edilməsi nəticəsində yaranmış vəziyyətin legitimliyini qəbul etməyən beynəlxalq ictimaiyyətin mövqeyini təsdiqləyib”.

Daha sonra müraciətdə deyilir: “Münaqişə dövründə erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində bütün kəndləri, çoxlu sayda abidələri və mədəni irsi xüsusi qəddarlıqla dağıdıb, bu zaman dinc əhalini xüsusi amansızlıqla qətlə yetirib. Təqribən 900 kənd, 150 min ev, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, bir milyon hektar əkin sahəsi erməni silahlı qüvvələri tərəfindən məhv edilib. Boşaldılmış torpaqlar artıq bir neçə onillikdir ki, istifadə edilmir və atılmış vəziyyətdədir. Bu XXI əsrdə qorxunc ekoloji durumdur. Artıq 3-cü onillikdir ki, Azərbaycan xalqının bütün istəkləri bu münaqişəsinin ədalətli və tez bir zamanda həll olunmasına yönəlib. İnsanlar işğal altında olan evlərinə qayıtmaq istəyirlər. Cəbhə xəttinə yaxın kəndlərdə dinc sakinlər erməni tərəfinin mütəmadi hərbi təxribatı nəticəsində öldürülmək qorxusu altında yaşayırlar. Qeyd etmək lazımdır ki, cəbhə bölgəsində erməni tərəfinin mülki əhalisi yoxdur, Azərbaycanın cəbhə boyu rayonlarında isə dinc əhali yaşamağa davam edir. Onlar tez-tez erməni qüvvələrinin hədəfinə çevrilir. Bu halda konfliktə donmuş demək olarmı?

Sülhün bərqərar olması üçün biz münaqişənin real faktları və əsas təcavüzkarın kim olduğunu deməliyik. Ötən əsrin 80-ci illərinin sonunda münaqişə başlayandan dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına kifayət qədər diqqət ayırmayıb və ola bilsin ki, məhz bu səbəbdən buna bənzər digər münaqişələr Moldova, Gürcüstan və bu yaxınlarda isə Ukraynada baş verib.

Birtərəfli və qərəzli yanaşma vəziyyəti heç vaxt dəyişməyəcək, əksinə daha da dərinləşdirəcək. Aydındır ki, bu məsələdə beynəlxalq hüququn normaları deyil, iri dövlətlərin maraqları rol oynayır. Əks halda heç vaxt bu qədər insanın həyatına son qoymuş münaqişəyə belə münasibət olmazdı. Təcavüzkarın adı və işğala məruz qalmış tərəf ucadan deyilməli, “münaqişənin tərəfləri” ifadəsi altında gizlədilməməlidir”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun qeyri-hökumət təşkilatı və BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olduğunun vurğulandığı müraciətdə deyilir: “Avropa Şurasının tövsiyələrinin həqiqəti əks etdirmədiyinə və BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair artıq çoxdan qəbul etdiyi faktları açıq şəkildə inkar etdiyinə diqqət yetirməyiniz üçün sizə bu etiraz məktubunu ünvanlayırıq. Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışanların əksəriyyəti 25 ildir ki, münaqişədən əziyyət çəkən və bu tövsiyədəki ədalətsizliyi ürək ağrısı ilə qarşılayan, sizin dəstəyinizə ümid edən qaçqın və ya məcburi köçkünlərdir. Çox xahiş edirik, tövsiyəyə ciddi diqqət yetirəsiniz. Biz sizin münaqişələrin dinc yolla həll edilməsi və bütün dünya ilə əməkdaşlığa dair siyasətinizi dəstəkləyirik. İnanırıq ki, siz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə bilirsiniz. Buna görə də sizdən Avropa Şurası tərəfindən qəbul edilmiş tövsiyəyə xüsusi diqqət yetirməyinizi və ədalətsizliyə yol verməməyi təkidlə xahiş edirik. Ümidvarıq ki, BMT faktları qiymətləndirərkən ədalətli olacaqdır”.

S.Xankişiyeva

Paylaş:
754

Son xəbərlər

“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11
Bütün xəbərlər