Dini liderlərin Moskva görüşü nə vəd edir?
Məlum olduğu kimi sentyabrın 8-də Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüşün keçirilməsi planlaşdırılır. Görüşün təşəbbüskarı Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri Moskva və Bütün Rusiyanın Patriarxı Kirilldir. Rusiyanın Patriarxının nümayəndəsi bəyan edib ki, bu görüş planlaşdırılmış xarakter daşıyır.
Qeyd edək ki, iki ölkənin dini liderlərinin görüşləri bundan əvvəl də keçirlib. Bu formatda sonuncu dəfə isə tərəflər 2011-ci ildə bir araya gəlib. Dini liderlər əsasən regionda sülh yaradılmasını müzakirə ediblər.
Eçmiədzin kilsəsinin nümayəndəsi Ter Vaqram Melikyan bir neçə gün əvvəl verdiyi açıqlamada bildirib ki, dini liderlərin istənilən görüşü sülh prosesinin surətləndirilməsinə istiqamətlənib.
Onun sözlərinə görə, Rusiyanın da dini liderinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün bir məqsədi var: regional problemlərin və sülh quruculuğu məsələlərinin müzakirəsi: "Görüşün gündəliyində sülhün vacibliyi, regional inkişaf və bölgədəki xalqların sülh içində birgəyaşayışı dayanır".
Dini liderlərin münaqişələrin həllində roluna gəlincə, Melikyan bildirib ki, qarşıdakı əsas vəzifə dialoq üçün uyğun bir atmosfer yaratmaqdır: "Əgər bizim xalqlarımızda tolerantlıq ruhu yaranmasa, münaqişə əsrlər boyu davam edəcəkdir. Bu ruhun formalaşdırılması vacibdir. Onun mövcudluğu şəraitində münaqişənin sülhlə həlli yolunu tapmaq olar. Dini liderlərin rolu siyasi qərarların qəbul edilməsində iştirak, yaxud ona təsir etmək deyil, iki xalqı dialoqa çəkmək üçün atmosferin qurulmasıdır”.
"Səylərin özünün olması belə müsbət haldır”
Dini liderlərin münaqişənin həllindəki rolunu şərh edən politoloq millət vəkili Rasim Musabəyov isə 1news.az-a bildirib ki, dinin bünövrəsinin əsasını sülh təşkil edir. Din insanları mehriban yaşamağa bir çağrışdır. Allahın müqəddəs kitablarında bunlar yer almış nəsihətlərdir. Dini liderlər də çalışmalıdırlar ki, öz xalqlarını sülhə yönəltsinlər.
Politoloq Moskva görüşünün nə dərəcədə faydalı və əhəmiyyətli olacağını indidən söyləməyin çətin olduğunu əlavə edib:
“Nəzərə almaq lazımdır ki, bundan öncə də belə görüşlər baş tutub. Amma hər hansı nəticə əldə edilməyib. Ona görə də çox da böyük ümid bağlamaq lazım deyil, amma hər halda bu təşəbbüslə Rusiya tərəfinin çıxış etməsi və görüşə ev sahibliyi etməsi müəyyən mənada onu göstəriri ki, Rusiya münaqişədəki vasitəçiliyini canlandırmaq niyyətindədir. Amma görüşün nəticəsi barədə indidən danışmaq təbii ki, mümkün deyil. Onu nəzərə almaq lazımdır ki, ötən 25 ildə həyata keçirilən səylər heç bir nəticə verməyib. Lakin səylərin özünün olması belə müsbət haldır”.
R.Musabəyov vurğulayıb ki, sözdə xalqlar arasında etimad mühiti, tolerantlıq ruhu yaratmaq deyilsə də, əməldə bunun olub- olmayacağı yalnız ümumi danışıq prosesindən asılıdır:
“Prezidentlər, xarici işlər nazirləri görüşüb hansısa razılaşma əldə edə bilmirlər, indi ziyalıların, yaxud dini rəhbərlərinin həll yolu tapacağı əlbəttə ki, gözlənilən deyil. Çünki onların nə səlahiyyətləri, nə imkanları, nə də kifayət qədər məlumatları var ki, bu məsələlərin həllinə doğru hansısa real bir addım atsınlar. Onlar yalnız müsbət bir fon yarada bilərlər. Bundan artıq heç etmək və nəsə gözləmək mümkün deyil”.
R.Musabəyova görə, əgər ümumi danışıqlar prosesi doğurdan da aktiv mərhələyə keçsə və mahiyyət üzrə əsas məsələlər müzakirə olunaraq kompromis variantlar tapılsa, təbii ki, din xadimləri də, tanınmış ziyalılar da insanları sülhə hazırlamaq üçün öz səylərini artırmalı olacaqlar.
Politoloq hesab edir ki, müəyyən mənada dini liderlərin görüşünü xalq diplomatiyasının bir elementi hesab etmək olar.
R.Musabəyov xatırladıb ki, Rusiya prezidenti bu yaxınlarda Azərbaycanın, daha sonra Ermənistanın dövlət başçıları ilə görüşdü: “Danışıqlar prosesində fəallığın olacağını gözləmək olar. Amma bunu əvvəlcədən demək olmaz. Rusiyanın özünün də maraqları var. Onun marağı bundan ibarətdir ki, həm Ermənistanda, həm Azərbaycanda, həm də Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirsin. Bunun münaqişələrin qızışdırılması ilə edilməsi də istisna deyil və daim bunu edirlər də. Həm də münaqişə tam həll olunmasa belə, amma həllinə doğru hansısa bir irəlləyiş nəticəsində öz mövqelərini möhkəmləndirə bilsələr, təbii ki, fəallıq tendensiyası davam edəcək”.
Pərvanə Sultanova