İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni mövsümü “Min möhtəşəm günəş”lə açacaq
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 136-cı mövsümün açılışına hazırlaşır.
1news.az-ın məlumatına görə, oktyabrın 26-da teatrın quruluşunda görkəmli əfqan yazıçısı Xalid Hüseyninin bestselleri əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” adlı ikihissəli dramı oynanılacaq.
Layihənin rəhbəri İftixar Piriyev və tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, rəssamı Məhsəti Eldarovadır.
Əsər Əfqanıstan müharibəsinin qurbanı olmuş iki qadının həyat hekayəsi fonunda mövcudluq uğrunda, cəmiyyətlə, həyatla dramatik savaşıdır. Rollarda Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Nigar Mirzəyeva, Şəbnəm Cəbrayılova, Səmayə İsmayılova, Oktay Mehdiyev, Natiq Həziyev, Niyaməddin Səfərəliyev və başqaları çıxış edəcəklər.
Tamaşa “YARAT” Müasir İncəsənət Mərkəzinin səhnəsində təqdim olunacaq.
Babək Cahandarov