Tanınmış jurnalist aldadıldı: “NLT Telekom”la bağlı DİN-ə müraciət edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış jurnalist aldadıldı: “NLT Telekom”la bağlı DİN-ə müraciət edəcək

17:40 - 12 / 10 / 2017
Tanınmış jurnalist aldadıldı: “NLT Telekom”la bağlı DİN-ə müraciət edəcək

Tanınmış jurnalist, “CBC Sport” telekanalının şərhçisi Pərviz Musayevin başına iş gəlib.

Jurnalistin şəxsi Facebook səhifəsində yazdığına görə, bu ilin yanvar ayında “NLT Telekom” dükanlar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından 1299 AZN-ə “iPhone 6S” smartfonu alıb.

İki gün öncə, oktyabrın 10-da isə telefonun şəbəkəsində problem yarandığından “Azercell Müştəri Xidmətləri”nə müraciət edib. Orada isə ona problemin sırf telefondan qaynaqlandığını bildiriblər.

“Belədə telefonu aldığım “NLT Telekom 2” dükanına yollandım. Telefonun İMEİ kodu yoxladıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: “Sizin telefon kredit borcuna görə bloklanıb”.

Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi - mənim onlardan aldığım smartfon Azercell şirkətinin “kampaniya” telefonu olub. (https://www.azercell.com/az/news/show/612/) Yəni hər hansı bir fiziki şəxs Azercell-dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və “zəncirvari” proseslə bu telefon “NLT Telekom”a gəlib çıxıb və ordan da mənə satılıb. Öz növbəsində Azercell şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu “bloklayıb”. Azercell Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə “blok”dan çıxarıla bilər”.

Əvvəllər özü və ailə üzvləri üçün bütün telefonları məhz “NLT Telekom”dan aldığını deyən P.Musayev heç vaxt bu cür problemlərlə qarşılaşmadığını söyləyib. Bundan başqa o, son telefonu aldığımda tələb etməyinə baxmayaraq ona zəmanət kartı təqdim olunmadığını da bildirib.

““NTL Telekom 2”nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə yaranmış problemə görə də onların məsuliyyət daşıdığını bildirdim. O isə məni smartfonun Azercell-in “kampaniya telefonu” olduğunu bilmədiyini, onu Rza adlı distribütordan aldığını və bloklanmanın da məhz Azercell tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı. Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu – ya telefonun “plata”sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb üstünə əlavə pul qoymaqla məhz onlardan başqa telefon alım.

Təbii ki, onun bu təkliflərindən imtina edərək mənə dəyən maddi zərərin əsas səbəbkarı kimi məhz “NLT Telekom” məsuliyyət daşıdığını bildirdim və məsələnin hüququ çərçivədə həll olunması üçün aidiyyəti orqanlara müraciət edəcəyimi dedim. Qarşı tərəf isə müxtəlif qeyri-qanuni yollarla onların dükanına gəlib çıxan və müştərilərə satılan problemli telefonlara görə bir daha heç bir məsuliyyət daşımadığını bildirdiyi üçün Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldim. Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün “NLT Telekom”la əlaqə saxladıq. Şirkətin özünü Ağa kimi təqim edən əməkdaşı kreditdə olan telefonun kiməsə satılmasını qeyri-real hesab edərək məsələni aydınlaşdırmaq üçün həmin şəxsin şirkətin Nizami küçəsində yerləşən əsas filialına yaxınlaşmasını məsləhət gördü.

Babək Cahandarov

Paylaş:
728

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər