Brüsseldə
Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının beşinci “Şərq Tərəfdaşlığı sammiti başlayır.
1news.az xəbər verir ki, sammitdə Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Brüsselə səfər edib.
Bundan əlavə, tədbirdə iştirak etmək üçün Gürcüstan, Moldova, Ermənistan, və Ukrayna prezidentləri, həmçinin Belarusun xarici işlər naziri Brüsselə gəlib.
Xatırladaq ki, Şərq Tərəfdaşlığının əsası 2009-cu ildə Praqada qoyulub. Bu, Avropa İttifaqı və altı tərəfdaş ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi təşəbbüsüdür. Şərq Tərəfdaşlığında məqsəd adıçəkilən ölkələri Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.
Şərq Tərəfdaşlığı sammitləri iki ildən bir keçirilir. Bundan əvvəlki sammit 2015-ci ildə Latviyanın paytaxtı Riqada baş tutub.
P.Sultanova