Politoloq: Tramp Avropa dövlətlərinin onun barmağının işarəsi ilə idarə olunduğunu öz xalqına nümayiş etdirir

Rusiyaya qarşı Qərbin yeni hücum kompaniyası başladı. Britaniya tərəfinə keçmiş Rusiya kəşfiyyatçısı Skripal qızı ilə birlikdə zəhərləndi. Londonun fikrincə, zəhər Rusiyaya məxsusdur.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiyadakı vəziyyətlə bağlı açıqlamanı şərh edərkən bildirib:
“Bu barədə vaxtilə bu kimyəvi silahın hazırlanmasında iştirakını iddia edən milliyyətcə erməni V.Mirzəyanovun şahidliyi təsirli rol oynadı. Sonradan Rusiya Müdafiə Nazirliyinin müvafiq strukturları real vəziyyəti ortalığa qoydular. Rusiyanın Skripalı öldürmək motivasiyası var. Rusiyaya xəyanət edib. Xüsusi Xidmət Orqanları belə xəyanəti bağışlamır. Amma bunu məhz prezident seçkiləri günü ərəfəsində etməsi şübhə yaradır.
Eləcə də Böyük Britaniya tərəfi Rusiyanın əməkdaşlıq təklifini birmənalı şəkildə rədd edir. Az keçmiş Böyük Britaniya baş naziri T.Mey kəskin addımlar atacağını bildirdi və müttəfiq dövlətləri dəstək verməyə çağırdı. Onun bu çağırışı ciddi effekt yaratmadı. Çünki Ağ Ev bu məsələdə ehtiyatlı mövqe tutmuşdu. Az sonra prezident D.Trampın şəxsi mövqeyi bəlli oldu. Avropa dövlətlərinin əksəriyyəti Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək RF diplomatlarını ölkədən çıxarmağa başladılar. D.Trampın çağırışına soyuq yanaşan bəzi dövlət başçıları ilə D.Tramp şəxsən telefonla danışdı və müraciətini daha publik şəkildə etdi.
Fransa prezidenti, E.Makron, Almaniya kansleri A.Merkel, Kanadanın baş naziri C.Tryudo və Türkiyə prezidenti R.T.Ərdoğanla telefonla danışdı. NATO çərçivəsində həmrəyliyi xüsusi vurğulamaqla D.Tramp R.T.Ərdoğanı Rusiya diplomatlarını qovmağa çağırdı. Ərdoğanın imtina etdiyini başa düşmək çətin deyil. Çünki ABŞ dərhal Suriyanın Mənbic şəhərinə əlavə qüvvələr yeritməklə bağlı niyyətini açıqladı. R.T.Ərdoğan Rusiyaya qarşı heç bir addım atmayacağını bildirdi. Beləliklə, Skripal işinin arxasında D.Trampın dayandığını iddia etməyə kifayət qədər əsaslar yarandı. Əvvəla bu çox şəxsi səbəb ola bilər. Amerikalı xanım, jurnalist Meqan Kelli RF prezidenti V.Putinlə müsahibəsindən sonra özü diqqət çəkən açıqlama verdi: Fikirləşirəm ki, çox böyük ehtimalla Putin Tramp haqqında hansısa şeyləri bilir və Tramp bu şeylər haqqında publik danışmaq istəmir.
Ehtimal ki, D.Tramp bu açıqlamanın təsiri altında vəziyyəti gərginləşdirib ki, Putində Tramp əleyhinə nəsə bir şey varsa açıqlasın. İkinci səbəb daha çox ehtimallıdır. Tramp Avropa dövlətlərinin onun barmağının işarəsi ilə idarə olunduğunu öz xalqına nümayiş etdirir. ABŞ-da bəzilərinin fikrincə, Trampın apardığı siyasət ABŞ-ın ənənəvi müttəfiqlərindən məhrum edib. Tramp isə bunun belə olmadığını sübut etdi. Bu sübutun imic, siyasi və hərbi baxımdan ABŞ-a və onun mövqeyini dəstəkləyən dövlətlərə neçəyə başa gələcəyini yalnız gələcək göstərəcəkdir. Avropa dövlətləri real vəziyyətləri bildirdikləri halda ABŞ-ın dalınca getməyə məcbur oldular.
Kəşfiyyatçı Skripalın qızı Y.Skripal xəstəxanada özünə gəldi. O, RF vətəndaşı olsa da Böyük Britaniya Rusiya tərəfinin öz vətəndaşına konsul xidməti göstərməsinə imkan vermir”.
Politoloqun fikrincə, Rusiyanın Ermənistana münasibətində narahat aktivlik var:
“RF Federasiya Şurasının komitə sədri K.Kosaçevin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdə oldu. Ermənistan-Rusiya parlamentlərarası komissiyasının iclas məkanı sona anda Rusiya tərəfinin tələbi ilə dəyişdirildi və iclas qapalı keçirildi. Yayılmış məlumata görə Rusiya Ermənistandan xarici siyasət məsələlərində vahid mövqe nümayiş etdirməyi tələb edir.
Başqa sözlə Rusiyanın fikrincə, Ermənistan mexaniki olaraq onun mövqeyini dəstəkləməlidir: Əgər Rusiya və Ermənistan müttəfiqdirlərsə, ABŞ Rusiyanın düşmənidirsə, o zaman Ermənistan da ABŞ-a qarşı düşmən mövqedə dayanmalıdır. K.Kosaçev keçirdiyi mətbuat konfransında iki ölkə arasında həll edilməmiş məsələlərin olduğunu bildirdi və bunun Ermənistan üçün diskriminasiya xarakterli olmadığını bildirdi. K.Kosaçevə görə Ermənistan həqiqətən Rusiyanın strateji müttəfiqidir və bu mövqedə Rusiya cəmiyyəti ilə Rusiyanın yüksək rəhbərliyi arasında konsensus mövcuddur. Misal olaraq o Ermənistanla RF arasındakı parlamentlərarası dialoq formatının Azərbaycanla mövcud olmadığını bildirdi. RF və Ermənistan arasında parlamentlərarası əlaqələrdə 7 müstəvi fəaliyyət göstərir”.
M.Əhmədoğlunun fikrincə, K.Kosaçev prezident və baş nazir seçkilərini Ermənistan respublikasının suveren seçimi olduğunu bildirdi. Rusiya Ermənistanın seçiminə hörmətlə yanaşır:
“Ermənistan prezidenti K.Kosaçevi qəbul etdi. Münhendə birgə panel iclasında iştiraklarını xatırladı. Ünvanına səsləndirdiyi yaxşı fikirlərə görə K.Kosaçevə minnətdarlığını bildirdi. Amma S.Sərkisyan Rusiyanı Ermənistan üçün müstəsna müttəfiq adlandırmadı. S.Sərkisyanın fikrincə, “Ermənistan regionda vacib rol oynayan bütün inteqrasiya birlikləri ilə konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi arzulayır”. Rusiya-Ermənistan münasibətləri Ermənistanın xarici siyasətinin prioritetlərindən biridir.
K.Kosaçevin missiyası görünür, istənilən nəticəni vermədiyi üçün az keçmiş RF Dövlət Dumasının nümayəndə heyəti göndərildi. Nümayəndə heyətinə RF Dövlət Dumasının MDB işləri üzrə... komitəsinin sədr müavini Viktor Vodolazski başçılıq etsə də, son anda RF tərəfdən K.Zatulin “birinci skripka”da oldu. O, Ermənistanı narahat edən suallara cavab verərək Rusiyanın aprel döyüşlərindən nəticə çıxardığını, Azərbaycana silah satışını azaltdığını, satdığı silahların bir qisminin köhnə tipli olduğunu, əvəzində Ermənistana ən müasir silahlar verdiyini bildirdi. Buna bənzər fikirləri K.Kosaçevin də bir az əvvəl deməsi bu fikrlərin Kremlə məxsusluğunu göstərir. Ola bilər, Kremlin konkret zamanla bağlı gözlədiyi nəticə var və buna görə də Kreml belə fikriləri dövriyyəyə buraxdı.
K.Zatulin Ermənistanı Rusiyanın forpostu, Ermənistanı Rusiyanın bu regiondakı “İsraili” adlandırdı. K.Zatulin S.Sərkisyanın ünvanına bəzi qızıl ruletka haqqında “yaxşı” fikirlər səsləndirməklə, onu Rusiyanın rolunu dərk etməyə çağırdı.
Rusiyadan gələn parlament nümayəndə heyətləri “erməni soyqırımı” muzeyinə baş çəkdi”.
S.Xankişiyeva