Ədəbsiz ərəb turistlərlə nə etməli? – ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədəbsiz ərəb turistlərlə nə etməli? – ARAŞDIRMA

14:30 - 15 / 05 / 2018
Ədəbsiz ərəb turistlərlə nə etməli? – ARAŞDIRMA

Son illər Azərbaycana gələn xarici turistlərin sayında artım müşahidə olunur.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.

Ölkəyə gələnlərin 853 082-si Rusiya, 537 710-u Gürcüstan, 362 597-si İran, 301 553-ü Türkiyə, 102 360-ı Birləşmiş Ərəb Əmirlikləri, 62 454-ü İraq, 57 756-sı Ukrayna, 33 273-ü Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar Azərbaycana daha çox iyul ayında (313 515 nəfər) gəlib.

2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31.6 faiz, 19.9 faiz, 13.4faiz, 11.2 faiz və 3.8 faiz təşkil edir.

2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olub.

2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4.5 dəfə, Omandan 7.4 dəfə, BƏƏ-dən 1.9 dəfə, İrandan 1.4 dəfə, Hindistandan 2.3 dəfə çox xarici vətəndaş gəlib.

Avropa, Körfəz və Yaxın Şərq, Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında da artım baş verib.

Ölkəmizə gələn turistlərin sayının artması təbii ki, sevindirici haldır. Çünki turizm sahəsində yeni xidmət sahələrinin yaradılması həm də yeni iş yerlərinin açılamsı deməkdir. Statistika göstərir ki, son illərdə Azərbaycanda turizm sahəsi ilə məşğul olan şirkətlərin sayı xeyli artıb.

Turizmin inkişafı və turizm xidmətlərinə artan tələbatla əlaqədar 2017-ci ildə bu cür müəssisələrin sayı 100% -dən çox artaraq 633-ə çatıb. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı isə 2017-ci ildə 686 olub.

Təbii ki, turistlərinin sayının çox olması həm də turizm sektorundan ölkə büdcəsinə daxil olan vəsaitin həcminin artması deməkdir. Eyni zamanda kənd və rayonlarda yaşayan sadə vətəndaşlar da turistlərə müxtəlif xidmətlər göstərməklə və onlara hazırladıqları məhsulları satmaqla gəlir əldə etmək imkanı əldə edirlər.

Göründüyü kimi, ölkəmizə gələn turistlərinin sayının artması bizə bir çox üstünlüklər verir. Lakin bunun mənfi tərəfləri də mövcuddur. Ən böyük narazılıq doğuran məqam isə bəzi turistlərin, xüsusən də ərəb ölkələrindən gələnlərin özlərini yaxşı aparmaması, ölkəmizin qayda-qanunlara riayət etmək istəməməsidir.

Xatırladaq ki, ərəb turistlərdən birinin küçənin ortasında təbii ehtiyacını ödədiyi yerdə fotosunun yayılması, eləcə də başqa bir ərəb turistin icarəyə götürdüyü avtomobili içi zir-zibil olan vəziyyətdə geri qaytarması sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.

Ərəb turistlərlə bağlı ən çox narazılıq doğuran məqamlardan biri də onların qeyri-etik davranışları və gənc qızlara söz atmalarıdır. Onların bəzilərinin gecələr “qız ovuna” çıxması heç kəsə sirr deyil. Bəziləri isə hətta günün günorta vaxtı belə bu cür tərbiyəsizlik etməkdən çəkinmirlər.

Məlum məsələdir ki, ölkəmizə səfər edən əcnəbilər müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarıdır. Hər birinin özünə görə fərdi əxlaq norması və davranış qaydası var. Lakin bu heç də onlara səfər etdikləri ölkənin adət-ənənələrinə və qayda-qanunlarına hörmətsizlik etmələri üçün əsas vermir. Hansı ölkəyə gedirsənsə həmin ölkənin adət-ənənlərinə, qayda-qanunlarına hörmət etməlisən.

Xatırladaq ki, millət vəkili Tahir Kərimli çıxışlarının birində ərəb turistlərin özlərini qeyri-mədəni aparmalarından gileylənərək hər kəsi milli-mənəvi dəyərləri qorumağa çağırıb:

“Turistlərin ölkəyə gəlməsi müsbət haldır. Amma elə şeylər var ki, diqqətdə saxlanılmalıdır. Qonşuluğumuzda ərəblər kirayə evlərdə qalır, əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar. Orada çox pis vəziyyət yaradıblar. Belə olmaz!”

Millət vəkili Fəzail Ağamalı isə bir qədər də irəli gedərək ərəb turistləri tör-töküntü adlandırıb:

“Ölkəmizə gələn turistlər Azərbaycan turizminə böyük töhfə verir. Amma onların içərisində elələri də var ki,  xoşagəlməz, əxlaqımıza zidd olan davranışlar nümayiş etidirirlər. Onlar turist deyil, tör-töküntüdür. Biz mənəviyyatımızın, ləyaqətimizin aşağılanmasına yol verə bilmərik. Mən bu faktların özüm şahidi olmuşam. Ona görə də bildirirəm ki, onlarla qanunun sərt üzüylə rəftar edilməlidir”.

Deputatların şikayətlərinə münasibət bildirən Azərbaycan Turizm Assosiasiyasının sədri (AzTA) Nahid Bağırov AzVision.az-a bildirib ki, ölkəmizə gələn turistlərlə bağlı onlara hər hansı şikayət daxil olmayıb. O deyib ki, turistlər, xüsusilə ərəblərlə bağlı şikayətlər ancaq sosial şəbəkələrdə səsləndirilir.

“Bu yaxınlarda eşitdim ki, hansısa turist əlində 50 dolları yellədərək gəzirmiş. Ərəb turistlərlə bağlı belə şikayətlər eşitmişik. Amma başqa hər hansı şikayət eşitməmişik və bizim qurumu belə məlumat daxil olmayıb. Sosial şəbəkələrdə ərəb turistlərin çox olması və özlərini düzgün aparmamaları barədə eşitmişik. Turistlərdən şikayətlərin olması normal şeydir, hər ölkədə belədir. Bu, o demək deyil ki, ölkəmizə ən yaxşı turistlər gəlməlidir. Turistin yaxşısı da var, pisi də. Turist turistdir. Heç bir turistik ölkə deyə bilməz ki, “bizdə hər şey şəffaf gedir”. Avropanın bir çox ölkələrində turist adı ilə nə qədər oğru fəaliyyət göstərir. Camaatın çantasına girib pullarını oğrayırlar”.

N.Bağırov qeyd edib ki, ilk növbədə turistlərin üzləşdikləri problemi həll etməliyik: “Gəlin, birinci növbədə turistlərin burada qarşılaşdıqları problemləri həll edək, sonra turistlərin özlərini düzgün aparmamasına baxaq. Bizim taksidən başlayarq “N” qədər problemlərimiz var. Bunu düzəltmək qadirindəyik, amma turistin burada davranışını düzəltmək çətin məsələdir. Azərbaycana uçuş və səfər zamanı turistə təlimat keçmək praktikada yoxdur. Bunun qabağını almaq çətin məsələdir. Bakıda gecə klubları, masaj salonları var ki, əxlaqsızlıq yuvalarıdır, onları bağlamaq lazımdır”.

Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə deyib ki, ərəb turistlərin  Azərbaycana axınını birmənalı dəyərləndirmək lazım deyil:

“Ola bilər, sabah çinli tursitlər ölkəmizə gəlsin, yaxud pakistanlılar, hindistanlılar. Hər ölkənin öz psixologiyası, mentaliteti var. Sabah Hindistan turistlərinin sanitar normalara riayət edə bilməmələrindən  narazılıq yarana bilər. Amma bu o demək deyil ki, biz turistləri qəbul etməməliyik. Lakin burada bir məsələ var. Söhbət turistlərdən yox, onlarla iş aparan turizm şirkətlərindən getməlidir. Turistləri göndərən də, qəbul edən tərəf də bu məsələdə diqqətli olmalı və maarifləndirici işlər aparmalıdırlar. 

Əvvəllər belə bir qayda var idi: turistlər hər hansı ölkəyə gedəndə onlarla maarifləndirici işlər aparılır və onlara ölkədə nəyi edib-etməmək barədə məlumatlar verilirdi. Məsələn, sovet vaxtı gecə barlarına getmək, alver etmək olmazdı. İndi də bu cür tədbirlər görülməlidir. Hər hansı ölkəyə gedəndə o ölkə haqqında məlumat verilməlidir. Yaxud  Azərbaycandan hansısa  ölkəyə gedəndə tur agentliyi həmin yer, oranın qayda-qanunları, hətta nəqliyyatın işləmə formaları haqqında informasiya verməlidir. Çünki  ölkələrdə elə yerlər var ki, ora getmək məsləhət deyil. Bu cür işlər görülmədiyi halda turistlərin nə günahı var?  Turistlər özbaşına gəlmir ki..”.

M.Ağakərimov qeyd edib ki, hər kəs öz fikrini deyə bilər, amma ümumi qaydalar mövcuddur:

“Biri siqaret çəkər, digəri çəkməyə bilər. Amma ümumi qaydalara görə, siqaretdən istifadə etmək sağlamlığa ziyandır. Yəni  yerli əhali də məsələyə bu tərəfdən baxmalıdır. Ümumiyyətlə, turizmlə bağlı iş görən qurumlar  təkcə alış-veriş deyil, mənəviyyat, maarifləndirmə  məsələləri ilə də məşğul olmalıdırlar. Turisti yalnız yedirdib-içizdirmək lazım deyil. Mədəniyyət, mənəviyyat da önəmlidir. Sovet dönəmində turistin yaddaş  kitabçası çap olunurdu. Həmin kitabçada turistin getdiyi ölkədəki davranışları öz əksini tapırdı. Yəni azərbaycanlı getdiyi ölkədə Azərbaycanın adına layiq davranmalıdır. Bu məsələlər ön plana çəkilməli və maarifləndirməyə önəm verilməlidir. Düşünürəm ki, bu istiqamətdə bir qədər axsayırıq”.

M.Ağakərimov həmçinin yerli restoranların ərəbləşməsinə də fikir bildirib:

“Bilirsiniz,  ərəblər öz yeməklərini elə öz ölkələrində yeyə bilirlər. Kimliyindən asılı olmayaraq hər bir ölkəyə gedən turist o ölkənin mədəniyyətini öyrənməlidir. Məsələn, mən Macarıstana gedirəmsə, orada Azərbaycan şərabını içməyim mənasızdır. Yaxud Ukraynadan gələn turistə  öz yeməklərini təklif etməyim düzgün deyil. Bu, qəbuledilən deyil. Mən turistlərə Azərbaycan mədəniyyətini, folklorunu, tarixini, ənənələrini təqdim etməliyəm. Turizmin əsas şərtlərindən biri də budur. Yəni biz ölkəmizə gələn ərəblərə öz mədəniyyətimizi göstərməliyik.

Turizm mədəniyyəti birdən-birə formalaşmır. O cümlədən Azərbaycanda da bu, zamanla inkişaf edəcək. Hər bir məsələdə təkamül tədricən baş verir. Turizmdə də”.

Millət vəkili Araz Əlizadə də 1news.az-a açıqlamasında ərəb turistlərin bəzilərinin özlərini yaxşı aparmamalarından narazılığını ifadə edib:

“Hər hansı bir insan başqa bir ölkəyə getdikdə öz üzərinə öhdəlik götürür ki, həmin ölkənin qanunlarına, adətlərinə riayət edəcək. Mən hər hansı bir ərəb ölkəsində, məsələn, Səudiyyə ərəbistanında, Küveytdə küçədə şortikdə gəzib tum çırtlayaraq yerə tökə, siqaret ata bilmərəm. Ərəb ölkələrindən Azərbaycana gələn turistlər əsasən orta təbəqədən olan insanlardır. Onlar burda özlərini varlı insanlar kimi hiss edirlər və hesab edirlər ki, burda onlara hər şeyə icazə verilir.

Bəzi ölkələr bunun qarşısını almaq üçün müəyyən tədbirlər görürlər. Məsələn, Yaponiyada səfərdə olarkən bazarları, mağazaları gəzən zaman qiymətlərin çox yüksək olduğunu gördüm. Baş nazirdən bunun səbəbini soruşanda dedi ki, bu bizim siyasətimizdir. Həm ixracı stimullaşdırırıq, həm də dəyərlərimizi qoruyuruq. Məlum olduğu kimi, Yapniya İkinci Dünya Müharibəsində məğlub olmuşdu. Bura gələn amerikalılar özlərini ağa kimi aparırdılar. Belə qərara gəldik ki, əhalimizə yüksək maaş verək və malların üzərinə də yüksək qiymət qoyaq. Buna görə də orta imkanlı amerikalı Yaponiyaya gələndə özünü yoxsul hiss edir və buna görə də artıq-hərəkət etməkdən çəkinir”.

Millət vəkili ərəb turistlərin özlərini tərbiyəsiz aparmalarının bir səbəbini də bəzi gənc qızlarda görür:

“Digər xoşagəlməz məqam ondan ibarətdir ki, bəzi qızlarımız ərəb oğlan görən kimi o saat boynundan sallanırlar. Bu sadəcə biabırçılıqdır. Yaponiyada olarkən yan-yana iki striptiz-bar görmüşdüm. Birinin qapısına “Ancaq yaponlar üçün” sözləri yazılmış lövhə vurulmuşdu. Bunun səbəbini soruşduqda dedilər ki, əgər həmin striptiz-klubda bir dənə belə yapon qadın varsa, ora yaponlardan başqa heç kəs girə bilməz. Göründüyü kimi, onlar hətta pozğun qadınlarının belə qeyrətini çəkirlər.

Ərəb turistlər bura gəlirlər ki, Azərbaycanın mədəniyyəti ilə tanış olsunlar. Bizim bir çox kafe və restoranlarımızda isə ancaq fars və ərəb musiqiləri səsləndirilir. Təklif edəndə ki, sulu qəlyanı qadağan edək, deputat həmkarlarımın çoxu buna etiraz etdi, dedilər ki, ərəblər sulu qəlyana öyrəşiblər. Əgər onlar pedofiliyaya da öyrəşiblərsə bu o demək deyil ki, ərəblərin xoşuna gəlmək üçün bunu da qanuniləşdirməliyik”.

Azərbaycana daha çox Avropa ölkələrindən turistlərin gəlməsini istədiyini deyən A.Əlizadənin sözlərinə görə, ərəb turistlər bura mədəniyyətimizlə tanış olmağa, muzeylərimizi gəzməyə deyil, kef eləməyə, qızlarımızla əylənməyə gəlirlər. O, bəzi ölkələrin ərəb turistlərə məhdudiyyət qoyduğunu da qeyd edib:

“Bəzi ölkələrdə, misal üçün, qonşu Gürcüstanda bəzi ərəb ölkələrindən gələn turistlərə məhdudiyyət qoyublar. Çünki özlərini çox pis aparırlar, qaldıqları otelin otaqlarını isə bərbad günə salırlar. Gürcüstanda olan zaman ərəblər 23-cü mərtəbədə qoyun kəsib, zibilini unitaza atmışdılar. Bütün otelin kanalizasiya sistemi çökmüşdü. Bir sözlə, ərəblər özlərin normal aparmağı bacarmırlar”.

Vəziyyətdən çıxış yoluna gəlincə, A.Əlizadə hesab edir ki, ölkəmizdə turistlərə qarşı yaxşı münasibət göstərilməlidir, lakin onların bizim mədəniyyətimizə, adət-ənənəmizə və qayda-qanunlarımıza hörmət etmələrinə də ciddi nəzarət olunmalıdır:

“Ölkəni turistlər üçün rahat etmək lazımdır. Otellərin sayı, təklif olunan yeməklərin çeşidləri artırılmalı, turistlərə yaxşı münasibət göstərilməlidir. Ancaq onlar gəlib burada istədikləri kimi hərəkət etməməlidirlər. Özümüzə hörmət qoymaq istəyiriksə mütləq bu sahədə qayda-qanun yaratmaq lazımdır”.

Babək Cahandarov

Paylaş:
1186

Son xəbərlər

Bütün xəbərlər