Qafar Dəmirçi onu ağac kəsdiyinə görə qınayan şəxsi məhkəməyə verdi
“AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi onu mütəmadi olaraq ekoloji cinayət törətməkdə ittiham edən ictimai fəal Cavid Qaranı məhkəməyə verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Cavid Qara özü məlumat yayıb.
Məsələ ondan ibarətdir ki, Qafar Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti 2024-cü ildə Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərdə müxtəlif növ ağacları qanunsuz kəsib. Bu əmələ görə “plazalar kralı” kimi də tanınan Qafar Dəmirçi sonradan meşəlik ərazinin məhv edilməsi ilə bağlı həbs edilib.
İstintaqla ekocinayət nəticəsində təbiətə 8 milyon manat ziyan dəydiyi müəyyən edilib. Lakin Dəmirçi cəmi 10 gün həbsdə qaldıqdan sonra 8 milyon manatı ödəyərək azadlığa çıxıb. Bundan sonra onun atası, “AQA Şirkətlər Qrupu”nun təsisçisi Aydın Dəmirçi ağacların kəsilməsini işçilərinin diqqətsizliyi və kobud səhvi kimi qiymətləndirərək ölkə ictimaiyyətindən üzr istəyib. Hazırkı məsələ də məhz bununla bağlıdır.
Belə ki, Cavid Qara sosial şəbəkədə etdiyi paylaşımlarda Qafar Dəmirçini qınayıb və onu təbiəti məhv edən cinayətkar adlandırıb. Bu səbəbdən Dəmirçi ictimai fəalı məhkəməyə verərək paylaşdığı məlumatları təkzib etməsini və üzr istəməsini, şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirən hərəkətlərə görə mənəvi ziyanın qarşılanmasını tələb edib.
Binəqədi Rayon Məhkəməsi şikayət edilənin xeyrinə qərar çıxarıb. Hakim əsas olmadığı üçün Qafar Dəmirçinin şikayətini tam qəbul etməyib. Yalnız cavabdehin bir statusu problemli sayılıb. Bu əsasla şikayət qismən təmin edilib. Hazırda Cavid Qara apellyasiya instansiyasına üz tutub. Sabah həmin şikayət üzrə məhkəmə prosesi keçiriləcək.












