Mübariz Əhmədoğlu: Həmsədrlərin Yerevana iyun səfərinin yekun bəyanatı yeni tutumlu məsələləri əhatə edir

Konstitusiya dəyişikliyi və bundan sonra baş verən “məxməri inqilab” Ermənistanın xarici məsələlərdə dövlət təmsilçiliyini dəyişdi və hakimiyyətə tamamilə yeni adamlar gətirdi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlamanı şərh edərkən bildirib.
Müstəqil Ermənistanda ilk dəfədir ki, Ermənistan rəhbərliyi Ermənistan vətəndaşlarından təşkil olunub. Həm prezident Armen Sərkisyan, həm də baş nazir N.Paşinyanın özləri, ataları və babaları Cənubi Qafqaz Ermənistanındanda- Çar Rusiyasının yaratdığı Ermənistanda anadan olublar.
Ermənistanı beynəlxalq danışıqlarda kimin təmsil edəcəyi rəsmən mübahisəli məsələdir. N.Paşinyan baş nazir seçildikdən dərhal sonra AİB-in Soçi iclasında iştirak etməli idi. Bu iştirak əlavə təsdiq tələb edirdi. Ona görə Ermənistan hökumətinin iclasından sonra Ermənistan Xarici İşlər Nazirliyi o zamankı nazir E.Nalbandyanın imzası ilə AİB rəhbərliyinə rəsmən müraciət göndərdi. Müraciətə görə Ermənistanı baş nazir N.Paşinyan təmsil edəcək. Bundan bir neçə gün sonra MDB hökumət başçılarının Özbəkistan iclasında Ermənistanı baş nazir deyil, onun birinci müavini A.Mirzoyan təmsil etdi.
Ermənistan dövlətinin xarici ölkələrdə, beynəlxalq tədbirlərdə təmsilçilik problemi var və rəsmi Yerevan yuxarıda göstərdiyimiz iki addımı bunu etiraf etdiklərinin sübutudur. Erməni materiyasının və kimyasının özünə məxsusluğunu nəzərə alsaq onlar Dağlıq Qarabağ danışıqlarında Ermənistanın təmsilçiliyinə daha fərqli münasibət göstərəcəkləri sirr deyil. N.Paşinyanın baş nazir seçildiyi andan Dağlıq Qarabağ danışıqları barədə tutduğu mövqe onun uşaq cığallığının sübutudur. Levon Ter-Petrosyanın dövründən Ermənistan rəhbərliyi Dağlıq Qarabağ danışıqlarını aparır. N.Paşinyan presedent yaratmayıb. Presedenti qeyri-qarabağlı, Suriya ermənisi Levon Ter-Petrosyan yaradıb.
Beləliklə, həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur: Ermənistanı danışıqlarda kim təmsil edəcək və buna uyğun Azərbaycanı danışıqlarda kim təmsil edəcək?! Həmsədrlər yaydığı bəyanatda danışıqların statusunu ilk məsələ kimi qoymuşdular. Görünür, Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüşündə ilk razılaşdırılan məsələ bu olacaqdır. Ermənistanın Dağlıq Qarabağ danışıqlarında ən yaxşı təmsilçisi indiki halda prezident Armen Sərkisyandır. Konstitusiyaya görə o dövlətin başçısıdır. Amma onun səlahiyyətlərində məhdudiyyətlər var. Ona görə Ermənistan hökuməti danışıqları aparmaq üçün lazım olan bütün səlahiyyətlərin prezident Armen Sərkisyana verilməsi ilə bağlı qərar qəbul edir və bu qərarı parlament təsdiq edir. Bundan sonra Ermənistan prezidenti Azərbaycan Prezidenti ilə danışıqlar aparmaq hüququ əldə edir.
Digər variant baş nazirlər arasında danışıqların aparılmasıdır. N.Paşinyanın konstitusiyaya görə belə səlahiyyəti var. Azərbaycan Respublikasının baş nazirinin də belə hüququ var. Prezident İ.Əliyev əlavə qərar qəbul etməklə baş nazirin səlahiyyətlərini daha da təkmilləşdirə bilər. Yaranmış vəziyyətdə Azərbaycan Respublikasının baş naziri təkcə Azərbaycanda deyil, eləcə də Ermənistanda Dağlıq Qarabağ tənzimlənməsinin gedişini ən yaxşı bilən çox azsaylı şəxslərdən biridir. Ermənistanın rəsmi təmsilçilərində bu məsələdə Azərbaycanın baş nazirinə rəqabət yarada biləcək şəxs yoxdur.
Üçüncü format çoxsaylı dəyişikliklərə daha bir dəyişiklik əlavə etməklə yaradıla bilər. Ermənistan-Azərbaycan dövlət sərhədinin Gorus-Laçın hissəsində yarısı Ermənistan respublikasının, qalan yarısı Azərbaycan Respublikasının ərazisində olmaqla “Sülh evi” tikilir. Hər iki tərəfdən tənzimlənməyə məsul şəxslər təyin olunur. Bu rəsmilər vaxtaşırı işçi qrupunun iclasını təşkil edir.
Dördüncü variant da mümkündür. Ermənistanın baş nazirinin danışıqlar formatına yeni iddiaları və prezident Armen Sərkisyanın danışıqlardan imtinası fonunda Azərbaycan və Ermənistan rəhbərliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna şərait yaradırlar. Ermənistanın baş naziri N.Paşinyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə may ayındakı görüşdə Dağlıq Qarabağın vətəndaş cəmiyyəti təmsilçilərinin danışıqlar prosesinə cəlb olunmasında maraqlı olduğunu bildirmişdi. Belə danışıqlarda Dağlıq Qarabağ ermənilərinin tərəf müqabili yalnız Dağlıq Qarabağ azərbaycanlıları ola bilər.
Ümumiləşdirsək, Dağlıq Qarabağ tənzimlənməsində həmsədrlərin iştirakı ilə yeni mərhələnin başlandığını konstatasiya etmək olar. Həmsədrlər:
Ermənistan rəhbərliyinin heç bir tənqidə dözməyən, savadsız, reallıqdan uzaq yanaşmalarına dözmək fikrində deyillər. Onların Ermənistana bir günlük səfəri 3 günə çevirmələri bunu əyani göstərir. Yaydıqları bəyanat bunun daha bir sübutudur.
Həmsədrlərin Azərbaycan Respublikasının danışıqlara hazırlığına heç bir şübhələri yoxdur. Həmsədrlər Yenilənmiş Madrid Prinsipləri əsasında hazırladıqları tənzimlənmə variantını Ermənistan qarşısında müdafiə etməyə iradəlidirlər.
Bu kontekstdən əsas məsələ həmsədrlərin Azərbaycan ordusunun tənzimlənmə prosesinə yardım etmək imkanına müraciətinin vaxtı diqqəti xüsusi çəkir.
Konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikirayrılığı deyil.
Həmsədrlərin Yerevana son səfərini xarakterizə edən əm mühüm məsələlərdən biri konstruktiv mühitlə bağlı mübahisəyə son qoymalarıdır. Ermənistan tərəfi atəşkəs rejiminin tez-tez pozulmasını bəhanə edərək danışıqlar üçün konstruktiv mühitin olmadığını bildirirdilər. Ermənistanın yeni rəhbərliyinin fikrincə, əvvəlcə danışıqlara konstruktiv mühit yaradılmalı sonra isə danışıqlar bərpa edilməlidir. Ermənistan tərəfi danışıqlara konstruktiv mühitin yaradılması dedikdə təmas xəttində və dövlət sərhədində heç bir atəşin açılmamasını, qoşunların təmas xəttində monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını nəzərdə tuturlar.
Ermənistan monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını ATƏT-in büdcəsi üçün bahalı məsələ olduğunu bilir və ATƏT-in ziyana düşməsini arzulayır. Bu məsələnin həm ATƏT-in həm də Ermənistanın dövlət büdcəsinə faydalı həll variantını isə Ermənistanın yeni rəhbərliyi inkar edir. Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxaracağı təqdirdə atəş də açılmayacaq, ölən də olmayacaq. Nəticədə, Ermənistan dövlət büdcəsi Azərbaycanın işğal olunmuş ərazilərində qoşun saxlamağın xərcindən azad olacaq, ATƏT-in büdcəsi də monitorinq mexanizminə vəsait axtarmayacaq.
Azərbaycan Xİ naziri E.Məmmədyarovun həmsədrlərlə sonuncu Paris görüşündə müzakirə olunan məsələlərdən biri də qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması idi. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşik məlumat verdi. Azərbaycan və həmsədrlərin fikrincə, qoşunların təmas xəttində gərginlik yoxdur və bu danışıqlara konstruktiv mühit yaradır. Həmsədrlər Ermənistana səfərin yekunlarına dair bəyanatında konstruktiv mühitin yaradılmasından deyil, saxlanılmasından danışırlar.
Qeyd edək ki, konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikir ayrılığı deyil:
Həmsədrlər Ermənistana gəlməzdən əvvəl Ermənistan rəsmilərinə həmsədrlərin adından danışmağı qadağan etdi. Həmsədrlərin Ermənistana səfər proqramında ayrıca Dağlıq Qarabağa baş çəkmək nəzərdə tutulmamışdı. Həmsədrlər ermənilərin davranışına başqa sözlə, materiya və kimyasına bələd olduqları üçün Ermənistana 1 gün əvəzinə üç günlük səfərə gəldilər. Rəsmən səfər iyunun 13-nə təyin olunsa da, həmsədrlər iyunun 12-də Ermənistana daxil olub, iyunun 14-də oranı tərk etdilər. Ermənistanın prezidenti və baş naziri həmsədrlərlə görüşdən yayına bilmədilər. Yeni prezident Armen Sərkisyan Ermənistanın keçmiş prezidenti R.Köçəryanın “tualetə səfər diplomatiyası”na bənzər “Qarabağa səfər diplomatiyası”nı işə salsa da, həmsədrlər iyunun 14-də onunla Yerevanda görüşdülər.
Həmsədrlər bu iradə ilə danışıqların statusu problemini də həll edə biləcəklər. Danışıqların statusu həmsədrlərin Yerevana səfərindən sonrakı bəyanatlarında birinci məsələdir.
S.Xankişiyeva