Avropa İttifaqı-Azərbaycan münasibətləri: Angela Merkelin səfərinin mümkün geosiyasi nəticələri haqqında

Almaniya Kanslerinin Azərbaycana səfəri yalnız iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə məhdudlaşmır. Angela Merkelin Cənubi Qafqazın hər üç ölkəsinə səfər etməsi faktı prizmasından mövzunun daha geniş kontekstlə bağlı olduğunu demək olar.
Belə görünür ki, A.Merkel bütövlükdə region dövlətləri ilə Avropa İttifaqının münasibətlərinin bir sıra mühüm tərəflərini "sərf-nəzər" etmək məqsədi də güdüb. Bu tezisin fonunda tərəflər arasında əlaqələrin hazırkı dinamikası və yeniləşmə perspektivinin təhlili kifayət qədər aktual görünür. A.Merkelin səfərindən sonra Aİ-Azərbaycan münasibətlərində hansı mümkün geosiyasi dəyişikliklər baş verə bilər?
Reallıqla üz-üzə: Brüsselin Cənubi Qafqazda fəallaşmaq planı
Hazırda Avropa İttifaqının üzləşdiyi siyasi, geosiyasi və maliyyə-iqtisadi böhran şəraitində inkişaf perspektivlərini müəyyənləşdirməsi həyat əhəmiyyətli məsələyə çevrilib. Vaşinqtonun son zamanlar öz ənənəvi tərəfdaşlarına qarşı atdığı addımlar bu məsələni daha da kəskinləşdirib. İndi Brüsseldə açıq bəyan edirlər ki, Avropa taleyini ABŞ-a etibar edə bilməz. Almaniya rəhbərliyi bu barədə bir neçə ildir ki, fikir bildirir. Artıq Fransa da eyni məntiqlə düşündüyünü ifadə edir. Aİ-nin iki böyük dövlətinin bu mövqeyi avtomatik olaraq təşkilatın gələcək taleyi ilə bağlı maraqlı sualları meydana çıxarır.
Hər şeydən öncə, Brüssel qlobal miqyasda oynaya biləcəyi yeni rolun konkret müddəalarını müəyyənləşdirməlidir. Bu bağlılıqda o, iqtisadi-ticari inkişafın başlıca istiqamətlərini, strateji tərəfdaşları ilə münasibətlərin məzmununu və təhlükəsizliyin təmininin dəqiq ssenarilərini işləyib hazırlamalıdır. Müşahidələr göstərir ki, Brüssel son dövrlərdə məhz bu istiqamətlər üzrə ciddi fəaliyyətə başlayıb.
Vurğulanan kontekstdə Aİ-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti və inkişaf perspektivləri də böyük aktuallıq kəsb edir. Bunu Aİ rəhbərliyinin özü açıq ifadə etməkdədir. Aİ Cənubi Qafqazda əsas tərəfdaşının Azərbaycan olduğunu dəfələrlə bəyan edib. Almaniyanın Federal Kansleri Angela Merkel də Azərbaycana ilk rəsmi səfəri zamanı eyni fikri bəyan edib. Xanım Merkel Azərbaycan Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib: "Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir" (bax: Azərbaycan Prezidentinin və Almaniyanın Federal Kanslerinin birgə mətbuat konfransı olub / AZƏRTAC, 25 avqust 2018).
Təbii ki, Aİ üçün Azərbaycanın əhəmiyyəti yalnız iqtisadi-ticari aspektlə məhdudlaşmır. Brüssel Bakının regional əməkdaşlıq, təhlükəsiziliyin təmini, enerji təminatı kimi sferalarda da oynadığı aktiv rolu ciddi surətdə nəzərə alır. Bunların hər biri haqqında İlham Əliyev-Angela Merkel görüşündə danışılıb və ortaq fikrə görə, münasibətlərin inkişafı hər iki tərəf üçün faydalıdır. Bununla bağlı A.Merkelin ifadə etdiyi fikirlər maraqlıdır. Almaniyanın Kansleri bəyan edib: "Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk ... Biz regionun təhlükəsizliyi haqqında da danışdıq. Azərbaycanın coğrafi vəziyyəti çox maraqlıdır, yəni, bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə olunub, Türkiyə ilə əlaqələri var. Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir" (bax: əvvəlki mənbəyə).
Vurğulanan fikirlərə daha geniş kontekstdə yanaşdıqda, A.Merkelin faktiki olaraq Brüsselin Azərbaycanın regionda oynadığı geosiyasi, iqtisadi, enerji və təhlükəsizlik roluna münasibətini ifadə etdiyini görürük. Əhəmiyyətlidir ki, bu sferaların hər birində Aİ Azərbaycanı regionun həlledici dövləti kimi qəbul edir. Bu, Aİ-nin Azərbaycanın geosiyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahəsində roluna vəhdət halında baxmasında öz təsdiqini tapır. Müqayisə üçün qeyd edək ki, bu mövqeni Kansler nə Gürcüstanda, nə də Ermənistanda nümayiş etdirmədi. Orada lokal məsələlərdən bəhs olundu və daha çox ümumi səviyyədə xoş məzmunlu fikirlər ifadə olundu. Bu məqam özünü daha çox Ermənistanın Aİ ilə münasibətləri təqdim edilərkən göstərdi. A.Merkel "ümid etdiyini", "müəyyən imkanların olduğunu", "indi reallaşmasa da, gələcəkdə mümkün ola biləcəyi" kimi ifadələr işlətdi. Sonuncu fikir birbaşa Aİ-Ermənistan əlaqələrinə aid idi.
Məlumatlı insanlar bilirlər ki, bu cür cümlələri diplomatik etiket xatirinə və arzu olunan vəziyyətin yaranması üçün işlədirlər. Ortada isə hələlik konkret bir fakt yoxdur. Azərbaycanda A.Merkelin ifadə etdiyi fikirlərdən görünür ki, Almaniyanın Cənubi Qafqazda ciddi əməkdaşlıq etdiyi ölkə məhz Azərbaycandır. Bu fakt bizə belə nəticə çıxarmağa əsas verir ki, Almaniya Kanslerinin Azərbaycan səfəri daha çox Aİ-Azərbaycan münasibətlərini yeni strateji səviyyəyə yüksəltməyə xidmət edir. Yəni məsələ yalnız Almaniyanın maraqları ilə məhdudlaşmır. Brüssel istərdi ki, Azərbaycan onun regionda başlıca strateji tərəfdaşı olaraq qalsın.
Azərbaycan faktoru: Aİ hansı seçimi edəcək?
Səfərin bu aspekti təsadüfən aktuallaşmayıb. Burada Cənubi Qafqazın geosiyasi məkan olaraq qlobal miqyasda əhəmiyyətinin daha da artması başlıca rol oynamaqdadır. Bunu təsdiq edən qlobal və regional miqyaslı proseslər vardır. Həmin sırada ABŞ və Rusiyanın müxtəlif regionlarda geosiyasi nüfuz uğrunda mübarizəsinin daha da intensivləşməsi xüsusi yer tutur. Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropada da bu məqam özünü daha qabarıq göstərməyə başlayıb. Xüsusilə Suriya məsələsi fonunda bu məsələ çox aktual təsir bağışlayır.
Digər faktor Aİ-nin özünün qonşuluq siyasətində düzəlişlər etmək zərurəti ilə üz-üzə qaldığını dərk etməsi ilə əlaqəlidir. Brüssel artıq anlayır ki, Azərbaycan kimi müstəqil siyasət yeridən ölkələrlə ənənəvi dildə danışmaq faydasızdır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Aİ ilə münasibətlərdə Bakının təşəbbüsü ilə hazırlanan yeni əməkdaşlıq sənədinin böyük rol oynadığını və münasibətlərin gələcəyinin ondan asılı olduğunu bir daha açıq bəyan edib. Dövlət başçısı ifadə edib: "Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaqdır" (bax: əvvəlki mənbəyə).
Yəni söhbət faktiki olaraq Aİ ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın "yol xəritəsi"ndən gedir. Bu isə onu göstərir ki, Azərbaycan regionun lideri kimi ciddi geosiyasi imicə malikdir. Almaniya üçün bu məqamın həlledici əhəmiyyəti vardır. Bu bağlılıqda Prezident İlham Əliyevin aşağıdakı fikirləri böyük strateji məna kəsb edir. Ölkə rəhbəri bəyan edib: "Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir" (bax: əvvəlki mənbəyə).
Nəhayət, digər məqam kimi Xəzərin hüquqi statusunun müəyyən edilməsini göstərmək olar. Brüssel bu məsələnin həll edilməsi ilə qarşıya yeni əməkdaşlıq perspektivlərinin çıxdığının fərqindədir. Bu bağlılıqda təsadüfi deyil ki, almaniyalı jurnalistlərdən biri Türkmənistan neft və qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinin mümkünlüyü haqqında sual verib.
Təbii ki, Aİ-Azərbaycan münasibətlərinin gələcəyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi prinsipial rol oynayacaq. Bu, Bakıda A.Merkelə də açıq hiss etdirildi. Azərbaycan ərazi bütövlüyünün təminindən zərrə qədər də kənara çəkilmək fikrində deyil. Hələlik A.Merkel ümumi səviyyədə sülhdən və danışıqlardan bəhs edir. Ancaq hamı bilir ki, konkret addımlar atılmasa, Almaniyanın regiondakı mövqeyi sabit qala bilməyəcək. Brüsselin Cənubi Qafqaz strategiyasında bu məqamın ayrıca yer tutmasına böyük ehtiyac meydana gəlib. Demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmini və s. kimi məsələlərə də bu münaqişənin həlli perspektivi müstəvisində nəzər salmaq gərəkdir. Belə ki, öz yurdundan qovulmuş yüz minlərlə azərbaycanlının hüquqları dərhal təmin edilməlidir, onlar evlərinə qaytarılmalıdırlar. Brüssel bu zərurəti sözdə deyil, əməldə dərk etməyincə, Aİ-nin Cənubi Qafqaz siyasətinin perspektivindən yalnız nəzəri olaraq bəhs etmək mümkün olacaq.
Beləliklə, Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfərinin Aİ-Azərbaycan münasibətlərinin taleyinə sözün həqiqi mənasında ciddi təsiri ola bilər. Bu münasibətlərin inkişafı üçün yeni fürsətlər meydana çıxar. A.Merkel Bakıda apardığı müzakirələrdə əmin oldu ki, regionun lider dövləti ilə münasibətləri beynəlxalq hüququn prinsiplərinə uyğun inkişaf etdirməkdən başqa yol yoxdur. Digər məqamlarla yanaşı, Aİ-nin Cənubi Qafqazdakı geosiyasi rolu birbaşa həmin faktordan asılıdır.
Newtimes.az