Bakı-Moskva əlaqələrində dinamizm - DEPUTAT Soçi səfəri barədə

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri bu ölkənin mətbuatında ilin hadisəsi kimi qiymətləndirilib. Bu da təsadüfi deyil, çünki səfər çərçivəsində 15 mühüm sənəd imzalanıb.
Bunu 1news.az-a açıqlamasında Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünün yekunlarını şərh edən millət vəkili, politoloq Elman Nəsirov deyib.
Onun sözlərinə görə, həmin sənədlər əslində bundan sonrakı dövr üçün Azərbaycan Rusiya münasibətlərinin “yol xəritəsi” statusuna malik sənədlərdir:
“Yəni artıq bundan sonra Azərbaycan Rusiya əlaqələrinin həm ticarət- iqtisadi blokunda, həm humanitar, regional təhlükəsizlik, hərbi texniki əməkdaşlıq blokunda olan məsələlərin həlli, inkişafı yolları konkret sənədlər, fəaliyyət planı və proqram çərçivəsində öz həllini tapır. Bu da münasibətlərin inkişafında sistemli yanaşmanın çox mühüm hadisəsi kimi dəyərləndirilə bilər”.
Deputat hesab edir ki, səfərə qiymət verərəkən iki mühüm məqamın üzərində dayanmaq yerinə düşər: “Birincisi, səfər 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində Xəzər dənizini hüquqi statusuna dair məlum konvensiyanın imzalanmasından sonra reallaşdı. Heç kimə sirr deyildir ki, 22 il apaılan danışıqlar prosesinin uğurlu sonluğunun təminatında Azərbaycan Rusiya əlaqələrinin yüksək səviyyədə olması öz mühüm rolunu oynadı. Məhz bu sənədin imzalanmasından sonra ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar pəncərəsi açıldı, mübahisəli məsələlər öz həllini tapdı. Ona görə də bu səfər çərçivəsində çoxsaylı sənədlərin imzalanması gözlənilən və məntiqi idi.
İkincisi, məlum olduğu kimi 2008-ci ilin 3 iyul tarixində Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyanat imzalayıblar. Bu il onun 10 illiyi tamam oldu. Səfər həm də bu kontekstdə reallaşdı. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev bu səfərə qiymət verərəkən qeyd etdi ki, Azərbaycan Rusiya əlaqələri dostluq, əməkdaşlıq və mehriban qonşuluq münasibətləridir.
Vladimir Putin isə vurğuladı ki, münasibətlərimiz möhkəm dostluq və əməkdaşlıq münasibətlərdir. Yəni görünən odur ki, hər iki dövlətin başçısı münasibətlərimizi strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə edir”.
E.Nəsirov əlavə edib ki, əlaqələrimizin bugünki inkişafının təminatında ulu öndər Heydər Əliyevin 1997-ci ilin iyul ayında Moskvaya səfəri çərçivəsində imzalanmış “Azərbaycan Rusiya Dostluq Əməkdaşlıq və qarşılıqlı Təhlükəsizlik müqaviləsi “dayanır. Həmin müqavilə baza sənədidir və ondan sonra 93 sənəd imzalanıb, bu səfərdə isə 15 mühüm sənəd imzalandı ki, bunlar da münasibətlərimizi yeni müstəviyə çıxaracaq.
Millət vəkilinə görə, ilk növbədə ticarət- iqtisadi blokda olan məsələlər diqqət mərkəzində saxlanıldı və ümumi inam belə oldu ki, bu sahədə əlaqələrimizin daha da irəliyə getməsi üçün çox böyük imkan var:
“Hazırkı ticarət dövriyyəsi 3 mlyard dollar təşkil edir, onun 10 milyard dollara çatdırılmasının geniş potensialı var. Bu, əsas tezislərindən biri oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr arasında Rusiya birinci yerdədədir. Və elə faktlar da bunu təsdiqləyir. Ən azı bu ilin 6 ayının yekunlarına görə, Azərbaycan Rusiyadan 788 milyon dollarlıq məhsul alıb. Dövlət başçısı vurğuladı ki, qeyri- neft məhsullarını ən çox ixrac etdiyimiz ölkə də Rusiyadır. Bu il ərzində 345 milyon dollarlıq Rusiyadan məhsul ixracatı olub.
Humanitar məsələlər də diqqət mərkəzində saxlanıldı. Məlum oldu ki, bu sahədə də əlaqələrimiz çox surətlə inkişaf edir. Hər iki dövlət başçılarnın əlaqələri sayəsində Bakı beynəlxalq Humanitar Forumu yaradılıb və uğurla fəaliyyət göstərir. Bu ilin sonunda Bakıda forumun 6-cı iclası keçiriləcək. Azərbaycanda çoxsaylı rusdilli məktəblərin olması faktı qeyd edildi. Rusyada 11 mindən çox azrbaycanlı tələbənin təhsil alması vurğulandı ki, bunlar da humanitar sahədə əlaqələrimizn inkişafını təsdiqləyən faktlardır”.
E.Nəsirov deyib ki, danışıqlar prosesində ən çox diqqət mərkəzində saxlanılan məsələ Ermənstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamalanması ilə bağlı məsələ oldu:
“Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan torpaqlarınn 20 faizi hələ də Ermənistanın işğalı altındadır və 1 milyondan çox məcburi köçkün və qaçqınımız var. Bu gün Ermənistanın təcavüzkar siyasəti region üçün ən böyük təhlükə, təhdid mənbəyidir. Yalnız və yalnz bu təcavüz son qoyulacağı halda regionda sülhdən, əmin- amanlıqdan, inkişafdan söhbət gedə bilər. Azərbaycan Rusiyanın həmsədr dövlət olaraq bu prosesə daha böyük töhfələr verəcəyinə inanır və ümid bəsləyir.
Prezident Putin də bu məsələ ilə bağlı mövqeyini ifadə etdi, bildirdi ki, Rusiya bundan sonra da münaqişənin tənzimlənməsi prosesində həmsədr kimi öz fəaliyyətini davam etdirməkdə maraqlıdır ki, regiona tezliklə sülh və əmin-amanlıq gəlsin və Rusiya bunda maraqlıdır.
Bu kontekstdə Rusiya ilə texniki hərbi əməkdaşlıq məsələləri də gündəmə gəldi, Prezident İlhm Əliyev vurğuladı ki, heç kimə sirr deyil ki, Azərbaycanın hərbi texniki tərəfdaşları sırasında Rusiya öncül sırada dayanır və Rusiyadan 5 milyard dollardan artıq hərbi təyinatlı məhsullar almşıq. Gələcəkdə də bu proses davam etdiriləcək.
Bu bəyanat Ermənistanda çox böyük təşviş və vahimə ilə qarşılanıb. Xatırlayırsınızsa, hələ Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Almaniyaya səfər edən zaman Angela Merkelə Putindən şikayət edərək, Rusiyanın Azərbaycana iri həcmdə silah sursat satdığını demişdi. Bu əməkdaşlığın davam etdiriləcəyinə dair səsləndirilən bəyanatdan sonra Paşinyan yaxın zamanda Rusiyaya səfər edəcəyini bildirib. Paşinyanın daha əvvəl belə bir səfəri nəzərdə tutulmamışdı. Şübhəsiz ki, Putinlə danışıqlarda bu məsələ əsas diqqət mərkəzində saxlanılacaq. Rusiya Ermənistanın eyni vaxtda iki stulda oturmaq siyasətindən narazıdır və bunu artıq Rusiya mətbuatını yaxınndandan izlədikdə görməmək mümkün deyil.
Bütövükdə, hesab edirəm ki, Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri çox böyük uğurla nəticələnib, əlaqələrimizin bundan sonrakı inkişafı üçün yen imkanlar yaranıb. Belə təmaslar, səfərlər Moskva-Bakı əlaqələrinin inkişafına bir dinamizm verir. Bunu hər iki dövlətin rəhbərləri öz bəyanatlarında etiraf etdilər”.
P.Sultanova