Bakıda dəhşətli qəza: sürücü və 3 sərnişini həlak oldu

Bakıda dəhşətli yol qəzası baş verib.
1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Pirallahı rayonu ərazisində, Qala-Pirallahı yolunda “Chevrolet” markalı 90 RR 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxıb. Yolayrıcına çırpılan minik avtomobili əks hərəkət zolağına çıxıb və qarşıdan hərəkət edən “Kamaz” markalı, 27 BA 301 nömrəli yük maşının altına girib.
Nəticədə minik avtomobilində olan sürücü və 3 sərnişini həlak olub. Belə ki, qəza nəticəsində minik avtomobilini idarə edən 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu ilə yanaşı sərnişinləri: Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüb.
Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, qəzada ölənlərin hamısı Zirə qəsəbə sakinləridir.
Faktla bağlı Pirallahı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
1news.az