Meteoroloqlardan xəbərdarlıq: hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvar ayının 24-nə olan hava proqnozunu açıqlayıb.
Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 24-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
Meteoroloqların xəbərdarlığına görə, yanvarın 24-ü gündüzdən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Yanvarın 24-ü gündüz, 25-də əsasən dağlıq rayonlarda cənub-qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Babək Cahandarov