Prezident “Diqlas”dakı yanğınla bağlı tapşırıq verdi: kompensasiya ödəniləcək

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkən sahibkarlarla növbəti görüş keçirilib.
1news.az-ın məlumatına görə, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.
Hüseyn Mövsümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından zərərçəkən vətəndaşlara kompensasiya ödəniləcək.
O qeyd edib ki, yanğın hadisəsi ilə əlaqədar məsələlər prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir: “Hər bir vətəndaşa dəyən ziyana görə kompensasiya ödəniləcək. Bununla əlaqədar komissiya yaradılacaq. Həmin komissiya dəymiş zərəri hesablayacaq”.
Görüşdə həmçinin qeyd olunub ki, baş vermiş yanğınla bağlı cinayət işi başlanıb, ticarət mərkəzinin səlahiyyətli şəxsləri qanun qarşısında cavab verəcəklər.
Xatırladaq ki, martın 26-sı səhər saatlarında Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində yanğın baş verib. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika, o cümlədən 3 helikopter cəlb edilib.
1news.az