Aprel döyüşləri: hərb tariximizin şanlı səhifəsi – FOTO – VİDEO
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən altı il ötür.
1news.az xəbər verir ki, Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı.
Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi və qəti cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirildi, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Ordudan kütləvi yayınma və fərarilik halları Ermənistan rəhbərliyini məcbur etdi ki, döyüşlərə qadınları və xidmət yaşları ötmüş insanları cəlb etsinlər. Belə aciz bir addımın atılmağının da son nəticəsi Ermənistana baha başa gəldi.
Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti oldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxardı. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Ümumilikdə, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Bu döyüşlərdə erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.
Yalnız Ermənistan rəhbərliyinin beynəlxalq təşkilatlara və dövlətlərə yalvarışlarından sonra Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Sözsüz ki, ilk növbədə bu döyüşlər xalqın orduya inamını bir daha təsdiqlədi. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoydu.
Aprel hadisələri Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi. Siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər bir kəs öz vətəndaşlıq mövqeyini göstərdi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.
Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Həqiqətən də dövlətimizin başçısının dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.
Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı.
Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər əraizlərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin Ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir:
“Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.
Cəmi bir neçə gün davam etməsinə baxmayaraq Aprel döyüşlərinin nəticəsi ölkəmiz üçün olduqca əhəmiyyətli oldu. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Düşmən Azərbaycanın gücünü gördü və anladı ki, gec-tez Ordumuz daha böyük zəfərlərə imza ataraq ölkəmizin ərazi bötüvlüyünü bərpa edəcək. Ən əsası isə Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Artıq qətiyyətlə deyə bilərik ki, Aprel döyüşləri Qarabağın işğaldan azad edilməsi üçün başlayacaq böyük müharibənin başlanğıcı oldu. İnanırıq ki, gün gələcək Ordumuzun yeni qələbəsini Xankəndində qeyd edəcəyik!
1news.az