Paşinyanın fiaskosu, İlham Əliyevin növbəti zəfəri – TƏHLİL

Məlum olduğu kimi, bu günlərdə Ermənistanda Avrasiya İqtisadi İttifaqının sammiti baş tutdu.
Bu ölkənin baş naziri Nikol Paşinyan belə bir mötəbər sammiti keçirməklə ölkəsinin nüfuzunu qaldırmağı hədəfləsə də hər şey onun gözlədiyinin tam əksi oldu desək yanılmarıq. Çünki sözügedən sammit həm Ermənistanın, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın tam nüfuzdan düşdüyünü göstərdi. Hətta deyərdik ki, sammit Paşinyanın fiaskosu ilə yadda qaldı.
Tədbirin sönük keçməsi, xüsusilə Rusiya prezidenti Vladmir Putinin tədbirə evsahibliyi edən ölkənin rəhbərinə nümayişkəranə laqeyd yanaşması həm Ermənistan, həm də Rusiya mediasında əsas müzakirə mövzularından birinə çevrilib. Hətta yerli jurnalistlərdən biri Paşinyanın “doğma divarlar” arasında nokauta düşdüyünü yazıb.
İlk öncə onu qeyd edək ki, tədbirin Yerevanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutdu. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və qısa da olsa görüşün olması xahişi edilib. Düzdür, Paşinyanla Putin arasında görüş keçirilib. Lakin bu görüş sammitin sonunda baş tutub və çox qısa davam edib. Görüş zamanı Paşinyanın çox həyəcanlı və pərt olduğu diqqətdən yayınmayıb.
Siyasi təhlilçilər bildirirlər ki, Paşinyanın narahat olmasına yetərincə səbəb var. Əsas səbəb Putinin Ermənistana səfərinin gözlənilən nəticələri verməməsidir. Fakitiki olaraq, Vladimir Putin Paşinyan hakimiyyəti ələ keçirəndən bu vaxta qədər hələ də İrəvana rəsmi səfər etməyib. Bu, Ermənistan-Rusiya münasibətlərinin reallıqda hansı səviyyədə olduğuna, Putinin yanında Paşinyanın nüfuzunun olduqca aşağı olmasına dəlalət edir.
Yeri gəlmişkən, Moskvaya qayıtmazdan əvvəl Vladimir Putin Rusiyanın Ermənistandakı səfirliyində bu ölkənin sabiq dövlət başçısı, hazırda həbsdə olan Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanı qəbul edib. Əlbəttə, çay süfrəsi arxasında nə barədə söhbət getdiyini ehtimal etmək çətin deyil, lakin tərəflər bu barədə açıqlama verməyiblər.
Qayıdaq Paşinyanla Putinin görüşünə. Nəzərinizə çatdıraq ki, protokol qaydalarına görə, zirvə görüşünə ev sahibliyi edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur.
Məsələn, ortada dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi var. Belə tədbirlərdə Azərbaycan Prezidenti dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşlər keçirir ki, dediklərimiz əyani şəkildə təsdiqlənir.
Xatırladaq ki, bundan öncə də Amerikaya səfəri öncəsi Paşinyanın ABŞ prezidenti Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi.
Bütün bunların, Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası, ekspertləri də etiraf idir ki, elə buna görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirir.
Bununla yanaşı, Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər, və s. ilə görüşləri bir daha həm İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu günlərdə dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük etimadın təzahürüdür.
Qeyd edək ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb.
Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar.
Rusiya prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə də bir neçə ölkənin rəhbəri iştirak edir.
Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir.
“Valday” Klubu 2018-ci ildə bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Çin konfransının və Rusiya-İran dialoqunun təşkilatçısı olub. Ötən ilin iyun ayında Klubun diskussiya meydanında məhz bu məqsədlə Rusiyaya səfər edən BMT-nin Baş katibi Antonio Quterreşlə görüş keçirilib.
Ortaya belə nəticə çıxır ki, Paşinyanın nüfuzsuzluğu özü ilə yanaşı, işğalçı dövlətini də dünyada biabırçı duruma salmaqdadır.
Analitiklər də belə qənaətdədirlər ki, Paşinyan dünyada qəbul olunmayan, küçədən siyasətə gəlmiş, təsadüf nəticəsində özünü ölkə rəhbəri postunda tapmış qeyri-ciddi şəxsdir. Beynəlxalq aləm onu ciddi siyasətçi kimi qəbul etmir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən söylədiyi fikirlər də Ermənistan rəhbərliyinin yarıtmaz siyasətini bir daha sübut edir:
“ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”.
Rusiya XİN-in ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işlədiyini vurğulayan S.Lavrov münaqişənin nizamlanmasına dair dialoqun hələlik bərpa olunmadığını diqqətə çatdırıb:
“Bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var. Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik bərpa olunmur. Mən burada döyüş əməliyyatlarının yenidən başlanması üçün aşkar təhlükə görmürəm. Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik”.
Politoloq Nəzakət Məmmədova 1news.az-a açıqlamasında bildirib ki, Avrasiya İqtisadi İttifaqının Ermənistanda keçirilən sammiti bir daha göstərdi ki, Putinə Paşinyan yox, forpost Ermənistan lazımdır:
“Prezident Putinin baş nazir Paşinyana münasibətinin soyuq olması səbəbindən Rusiya dövlət başçısının Ermənistandakı Avrasiya İqtisadi İttifaqının sammitinə qatılması müəmmalı olaraq qalmaqda idi. Bu, həm Ermənistan, həm də Rusiya mətbuatında, eləcə də siyasi kuluarlarda əsas müzakirə mövzusu idi. Putinin tədbirə qatılmayacağının əsas əlamətlərindən biri olaraq Yerevandakı Rusiya səfirliyinin prezidentin səfəri ilə bağlı heç bir hazırlıq görmədiyi qeyd olunurdu. Rusiyanın sadiq əlaltısı, son dövrlərdə Putinin şəxsi himayəsini gizlətməyə belə lüzum görmədiyi Köçəryanın həbsdə olmasından tutmuş bir sıra fikir ayrılıqları da daxil olmaqla Paşinyanın siyasətindən narazılıq səfərin təxirə salınması ehtimalını gücləndirirdi. Lakin görünür, ya məxfilik səbəbindən, yaxud labüd geosiyasi ambisiyalar və şərtlər yaranması zərurətindən Rusiya prezidentinin səfəri reallaşdı və o, Yerevana gələrək ondan icazəsiz Ermənistanın heç bir addım ata bilməyəcəyi mesajı verdi, öz təbirincə desək "buranın sahibinin kim olmasını" bir daha sübut etdi. Lakin Paşinyana audensiya ayırmaması onu sübut etdi ki, ona Paşinyan yox, forpost Ermənistan lazımdır”.
Putinin əvvəllər də Paşinyana soyuq münasibət göstərdiyini xatırladan politoloqun sözlərinə görə, digər MDB ölkə başçıları da Paşinyana münasibətdə soyuq davranır:
“Keçən ilin dekabrında Paşinyanın partiyası parlamentdə qalib gəlsə də, Putin təbrik teleqramı göndərmədi. Yalnız sonradan Paşinyan baş nazir seçiləndə təbrik etdi. Putin həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbə, Sank-Peterburq samitində, habelə Paşinyanın Moskvaya səfəri zamanı da ona soyuq münasibət sərgilədi. Moskvaya səfəri zamanı Putin Paşinyanı bir neçə saat gözləməyə məcbut etdi.
Dəfələrlə olub ki, Paşinyan Putinlə telefonla danışmaq istəsə də, Rusiya prezidenti ona cavab verməyib. Bu da onu göstərir ki, Paşinyan balanslı siyasət yürütməyə çalışsa da, bu, onda alınmır. Digər MDB ölkə başçıları da Paşinyana münasibətdə bu cür davranır. Paşinyan çalışır ki, Ermənistanda Rusiya təsirini azaltsın, digər güc mərkəzlərinin buradakı marağını həyata keçirsin. Bunlar özü də onlar arasındakı münasibətin aysberqin görünən tərəfidir. Aysberqin görünməyən tərəfində də əminəm ki, anoloji addımlar atılır”.
Prezident İlham Əliyevin“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunmasına toxunan N.Məmmədova bunun həm Azərbaycan Prezidentinin şəxsi nüfuzu, həm də ölkəmizin dünyada artan rolu ilə bilavasitə əlaqədar olduğunu vurğulayıb:
“Rusiyanın təşkil etdiyi bu mötəbər platformada prezident Putin dəfələrlə dünya siyasətinin müxtəlif aspektlərinə dair genış, dərin məzmunlu çıxışlar edib. Çoxqütblü dünya sistemi və Rusiyanın oradakı yeri və rolu məsələsi Putinin çıxışlarında adi nitqdən çox Qərbə ünvanlanmış xəbərdarlıq təsiri bağışlayır.
Valday forumu Rusiyanın dünyaya önəmli mesajlar verdiyi böyük tədbirdir və Azərbaycan prezidenti İlham Əliyevin oraya dəvət olunması təqdirəlayiqdir. Bildiyimiz kimi İlham Əliyev daima bu cür möhtəşəm beynəlxalq tədbirlərdə - həm Davos forumunda, həm Münhen Təhlükəsizlik Konfransında mütəmadi olaraq iştirak və çıxışlar edir. Valday forumu nisbətən gənc olsa da, qısa zamanda nüfuzlu platformaya çevrilib. Prezident İlham Əliyevin iştirakı həm onun şəxsi nüfuzu, həm də ölkəmizin dünyada artan rolu ilə bilavasitə əlaqədardır”.
1news.az