ABŞ-nin Venesueladakı səfirliyi 7 ildən sonra fəaliyyətini bərpa edib.
ABŞ-nin Venesueladakı səfirliyi 7 ildən sonra fəaliyyətini bərpa edib.
1news.az xəbər verir ki, diplomatik münasibətlərin normallaşması fonunda ABŞ-nin paytaxt Karakas şəhərində yerləşən səfirliyi yenidən açılıb.
Səfirliyin yaydığı bəyanatda bildirilib ki, bu addım Venesueladakı diplomatik fəaliyyətin yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Karakasdakı səfirliyimizdə fəaliyyətimizi rəsmi şəkildə yenidən başladıq”.
Qeyd olunub ki, səfirliyin fəaliyyətə başlaması müvəqqəti hökumət, vətəndaş cəmiyyəti və özəl sektorla birbaşa dialoq imkanlarını genişləndirəcək.
Məlumata görə, bu qərar ABŞ administrasiyasının Venesuelaya münasibətdə hazırladığı üçmərhələli plan çərçivəsində mühüm mərhələ hesab olunur.
Digər tərəfdən, diplomatik normallaşma prosesi çərçivəsində Venesuela da Vaşinqtondakı səfirlik binasını yenidən nəzarətə götürüb.
Xatırladaq ki, Karakasın Baruta rayonunda yerləşən ABŞ-nin səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin 2019-cu ildə dayandırılmasından sonra bağlanmışdı.
ABŞ Dövlət Departamenti daha əvvəl səfirliyin yenidən açılması imkanlarını qiymətləndirmək məqsədilə nümayəndə heyətinin Karakas şəhərinə səfər etdiyini açıqlamışdı.












