Piyada intizamının möhkəmləndirilməsi məqsədilə davamlı maarifləndirmə tədbirləri həyata keçirilir.
Paytaxtın Sabunçu rayonunda piyadaların yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Qeyd olunub ki, piyadavurma hadisələrinin azalması bilavasitə piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından asılıdır.
1news.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq ölkə ərazisində zəruri tədbirlər həyata keçirilir.
Növbəti belə tədbir Sabunçu rayonunda ərazi polis orqanının və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə təşkil olunub.
Tədbir zamanı yol polisi əməkdaşları piyadalarla söhbət apararaq yol hərəkəti qaydalarını xatırladıb, yolu nəzərdə tutulmayan yerlərdən keçməyin və qəfil şəkildə hərəkət hissəsinə çıxmağın təhlükəli olduğunu izah ediblər, onlara zəruri tövsiyələr veriblər.












