Pandemiya mart ayında ölkəmizdə turizm sektoruna necə təsir edib? – Ekspert açıqlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Pandemiya mart ayında ölkəmizdə turizm sektoruna necə təsir edib? – Ekspert açıqlayır

18:34 - 29 / 04 / 2020
Pandemiya mart ayında ölkəmizdə turizm sektoruna necə təsir edib? – Ekspert açıqlayır

Yazın gəlişi, daha dəqiq desək mart ayı dünyanın əksər ölkələrində olduğu kimi Azərbayanda da turizm mövsümünün başlanğıcı hesab olunur. Bu bir tərəfdən havaların istiləşməsi ilə bağlıdırsa, başqa bir səbəb mart ayında ölkəmizdə Novruz bayramının qeyd edilməsidir. Çünki məhz bu ayda xarici ölkələrdən, xüsusən də qonşu İrandan  ölkəmizə gələn turistlərin sayında ciddi artım baş verir.

Bu il isə koronavirus (COVİD-19) pandemiyası səbəbindən tam fərqli bir vəziyyəti müşahidə etdik. Pandemiyadan ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsi oldu və bu özünü ölkəmizə gələn əcnəbi turistlərinin sayının kəskin azalmasında da büruzə verdi.

Məsələyə şəxsi Telegram kanalında münasibət bildirən iqtisadçı ekspert Toğrul Vəliyev (Maşallı) hesab edir ki, mart ayında ölkəmizə gələn turistlərin sayının kəskin azalması tək koronavirusla deyil, həm də İranda gəlirlərin aşağı düşməsi ilə bağlıdır:

“Mart turizmi ilə bağlı problemlər artıq keçən ildən başlamışdı. Belə ki, İranda gəlirlərin aşağı düşməsi müvafiq olaraq İran axınını dayandırdı. Misal üçün, 2019-cu ilin martında artıq İrandan 35 min turist gəlmişdi. Bu isə 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2 dəfə azdır. Eyni zamanda BƏƏ turistlərin də Azərbaycana marağı azalmağa başladı. Əgər pandemiya olmasaydı mart ayında yenə də azalma ilə rastlaşacaqdıq. Xüsusən bu azalma İran və ərəb ölkələri üzrə müşahidə olunacaqdı.

Ekspertin sözlərinə görə, pandemiya bütün dünyada, o cümlədən ölkəmizdə turizm sektoruna olduqca mənfi təsir göstərdi:

“İlk əvvəl koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə cari il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim (faktiki qapadılma) tətbiq olundu. Eyni zamanda dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olundu.

Bu tədbirlərin nəticəsi kimi mart ayında ölkəyə cəmi 93 min turist gəlmişdi ki, onların da 82,4%-i məhz 5 ölkənin payına düşdü. İran, daha sonra isə Gürcüstan, Rusiya və Türkiyə ilə sərhədlərin bağlanması isə turistlərin sayını 2 dəfə azaltdı”.

Turistlərin sayının azalmasının birbaşa mehmanxana və ictimai iaşə sektoruna mənfi təsir etdiyini deyən Toğrul Vəliyev bununla bağlı statistik rəqəmləri də diqqətə çatdırıb:

“İlk əvvəl, ölkə üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 13% azalaraq 474,6 min olub. Mart ayında gecələmələrin sayı fevral ayına nisbətən 2,7 dəfə, ötən ilin mart ayına nisbətən isə 2,9 dəfə azalıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin birinci rübünə nisbətən 16,7 faiz azalaraq 314,9 min olub. Nəticə etibarilə mehmanxanaların gəlirləri 15% azalaraq 60 milyon manat təşkil edib. Əlavə olaraq nəzərə almaq lazımdır ki, artıq mart ayından etibarən mehmanxanalar xaricdən gələn vətəndaşların karantin vaxtını keçirtmək yerinə çevrilməyə başlamışdı. Yəni, dövlət hesabına müəyyən mənada kompensasiya olunsa da, reallıqda azalma daha çoxdur.

Amma ictimai iaşə sektorunda isə belə tipli kompensasiyalar olmayıb. Nəticə etibarilə ictimai iaşə dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% azaldı və 279,3 milyon manat təşkil etdi. Əgər 2019-cu ilin martı ilə müqayisə etsək, o zaman azalma 54% təşkil edəcək”.



İqtisadçı ekspert digər tərəfdən Novruz bayramı dövrünün azərbaycanlıların da xərclərinin artması dövrü olduğunu söyləyib:

“İctimai iaşə dövriyyəsi bir çox hallarda məhz yerli əhalinin xərcləri hesabına artır. Eyni zamanda azərbaycanlılar da xaricə gedir. Amma pandemiya səbəbindən sərhədlərin bağlı olması hamını evdə oturmağa məcbur etdi. Nəticədə mart ayı ərzində xaricə cəmi 111,9 min Azərbaycan vətəndaşı gedib. Keçən ilin martında isə müvafiq göstərici 484,1 min nəfər təşkil etmişdi.

Beləliklə, pandemiya nəticəsində yalnız mart ayında xaricə gedən Azərbaycanlıların sayında 4 dəfə azalma, Azərbaycana gələn xarici turistlərin sayında 3 dəfə azalma, ictimai iaşə dövriyyəsində 2 dəfə azalma qeydə alınıb. Bu hələ nisbətən yüngül ay idi. Sərhədlərin bağlı olduğunu nəzərə alsaq aprel ayında əlbəttə ki, iki göstərici - xaricə gedən və ölkəyə gələn turistlər ümumiyyətlə olmayacaq. Digər sahələr üzrə isə ciddi və kəskin azalmanı müşahidə edəcəyik”.

1news.az

Paylaş:
1043

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər