Azərbaycan kinoteatrlarını və kinomanlarını karantindən sonra nə gözləyir?

Karantin rejimi Azərbaycanda həyatın bütün sahələrinə mənfi təsir göstərdi, amma kinoteatrlar ilk zərər görən sahələrdən biri oldu. Məqaləmizdə bu barədə ətraflı qeyd edəcəyik.
Martın 13-də məlum oldu ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda sosial təcrid üçün tədbirlər tətbiq olunmağa başladı - nəinki kütləvi tədbirlər ləğv edildi və bir sıra məhdudiyyətlər tətbiq olundu. Kinoteatrlar tam dayandırıldı ki, bu da azərbaycanlı kinomanları dünya premyeralarını böyük ekranda izləmək imkanından məhrum etdi.
COVID-19-dan ilk zərbə alanlardan biri də kinoteatrlar oldu. Nə vaxt fəaliyyətə başlayacaqları və hansı qaydalar əsasında işləyəcəkləri hələ də məlum deyil - xatırladaq ki, Azərbaycanda karantin yumşaldılsa da, mayın 31-dək uzadılıb.
“CinemaPlus”, “Park Cinema” və Nizami Kino Mərkəzinin rəsmi nümayəndələri 1news.az-a açıqlamalarında karantinlə əlaqədar hansı problemlərlə qarşılaşdıqlarından və pandemiyadan sonrakı dövrdə onları hansı mümkün problemlərin gözləyəcəyindən danışdılar.
Leyli Mirzəyeva - Nizami Kino Mərkəzinin direktoru:
Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə martın 14-də Azərbaycanda kinoteatrlar bağlandı, həmin vaxt nümayiş olunan bütün filmlərin nümayişi dayandırıldı.
Biz dövlət dəstəyi üçün müraciət etdik, hazırda bu məsələ nəzərdən keçirilir - təsdiqlənərsə, vəsait əmək haqlarının ödənilməsi üçün istifadə ediləcək.
Təəssüf ki, dünyada kinoteatrların açılış tarixi hələ də bəlli deyil. Bir çox studiya artıq premyeraları qeyri-müəyyən müddətə təxirə salıb - bu anda buraxılış cədvəli dondurulub. Kinoteatrların açılış tarixi dəqiqləşdirildikdən sonra yaxın aylar üçün cədvəl hazırlanacaq.
Kinoteatrların bağlandığı bir vaxtda kassamızda bir neçə Azərbaycan filmi var idi. Ümid edirik ki, karantindən sonra onların nümayişi bərpa ediləcək - 2020-ci ilin payız və qış mövsümündə bəzi filmlərin ilkin buraxılış tarixi artıq təyin olunub.
Təbii ki, karantindən çıxmaq tədricən olacaq. Yaxın aylar üçün nəzərdə tutulan şənliklər və ictimai tədbirlər ləğv edilib. Salonların doldurulmasında məhdudiyyətlər ola bilər. Ancaq ümid edirik ki, bütün təhlükəsizlik qaydaları nəzərə alınaraq kino sənayesi tədricən normal fəaliyyətinə qayıdacaq.
Bütün izləyicilərimizə şadıq və öz növbəmizdə Nizami Kino Mərkəzinə baş çəkməyin təhlükəsizliyi üçün əlimizdən gələni etməyə çalışacağıq. İndi plan hazırlamaq çətindir, ancaq açılış tarixi və buraxılışların siyahısı aydınlaşdıqca böhranı aradan qaldırmaq üçün müvafiq marketinq planı hazırlanacaq.
Rüstəm Fətəliyev – “Park Cinema” kinoteatrlar şəbəkəsinin PR-meneceri:
Düşünmürəm ki, problemlərimiz və çətinliklərimiz dünyada kinoteatrların və ümumiyyətlə, əyləncə sənayesinin qarşılaşdığı problemlərdən fərqlənir. Çətin bir vaxtdır, insanlar əylənmək hayında deyillər və buna görə bütün bunlar ikinci yox, hətta üçüncü plana keçir. Ancaq əsas odur ki, hamı sağlam olsun. Əminəm ki, bu çətinlik keçəcək və bizim üçün darıxan sevimli izləyicilərimiz mütləq qayıdacaqlar. Biz artıq onlar üçün darıxırıq.
Dövlətdən bir qədər təzminat aldıq, amma düşünmürəm ki, onun həcmini açıqlamaq səlahiyyətindəyəm. Yalnız onu deyə bilərəm ki, kinonun fəaliyyətinin dayandırılması, bağlanıla biləcəyini və bir müddət sonra yenidən fəaliyyətə başlaması deyil. Çox sayda avadanlığımız var, onların saxlanması müəyyən qədər vəsait tələb edir, bəzi əməkdaşlarımız işə çıxırlar.
Gələcək premyer cədvəli problemlərin ən vacibi deyil. Əlbəttə ki, premyeraların tarixlərinin təxirə salınması studiyalar tərəfindən qrafikin planlaşdırılmasında böyük rol oynadı, amma düşünürəm ki, bu problemi mütləq həll edəcəyik.
Film yayımı öz tarixində bundan da çətin sınaqlardan keçib. Böyük sözləri sevmirəm, amma filmin pandemiyadan sonra çox gözəl gələcəyi var. Əminəm ki, qlobal karantin çox güclü işlərin mövzusuna çevriləcək və onlar çox tezliklə olacaq. Böyük səs-küy yaradan premyeralar ləğv edilmir, ancaq təxirə salınır. Buna görə də səbirli olmalıyıq.
Bizdə böhran yoxdur. İşə qayıdacağımız vaxtı gözləyirik. Bir daha təkrar edirəm - əsas odur ki, hamı sağlam olsun.
Nərmin Həsənova – “CinemaPlus” kinoteatrlar şəbəkəsinin PR-meneceri:
Fəaliyyətimizi dayandırdıq, çünki insanların çox sıx olduğu yerlər karantinin sonuna qədər bağlanmalıdır və bildiyiniz kimi, kinoteatr şəbəkəmiz ən çox ziyarət olunan məkanlardandır.
Gözlənilən filmlərin çoxu 2020-ci ilin sonlarına, bəziləri isə 2021-2022-ci ilə qədər təxirə salınıb. Ancaq vəziyyətə baxmayaraq müstəqil distribyutorların buraxılış tarixlərini dəyişdirmədiyi filmləri də var. Biz, bütün kinoteatrlar kimi, dünya studiyalarının qərarından çox asılıyıq.
Məhz pandemiyadan qısa müddət əvvəl yayımlanan Azərbaycan və Türkiyə filmlərinin yayımına başlanacaq. Ancaq bildiyiniz kimi, bir çox böyük studiyalar filmlərini rəsmi olaraq pullu onlayn platformalarda yayımlamaq qərarına gəldilər. Buna görə çox güman ki, bu filmləri göstərməyəcəyik.
Karantin müddəti dünyanın bütün ölkələrində bitməzsə, studiyalar filmlərini daha da irəli tarixlərə keçirə və naməlum bir tarixdə qalan filmlərin buraxılış tarixini elan etmək üçün pandemiyanın sonunu gözləyə bilərlər. Bundan əlavə, pandemiyadan sonrakı dövrdə studiyalar əvvəlki filmlərin yayımını da elan edə bilərlər.
Bütün film həvəskarlarını böyük səbirsizliklə gözləyirik. Biz də sosial şəbəkələr vasitəsilə karantin zamanı qonaqlarımızla ünsiyyətimizi davam etdirir və başa düşürük ki, onlar da kinoteatrların açılmasını səbirsizliklə gözləyirlər.
Böhrandan sonra, paytaxtın mərkəzində, Xəzər dənizinin sahilində, “Dəniz Mall” ticarət mərkəzində, 4DX texnologiyasına malik ölkənin ən böyük “CinemaPlus” kinoteatrı açılacaq.
Qeyd edək ki, karantin, demək olar ki, bütün dünyada tətbiq edildikdən sonra, bir çox onlayn film teatrları və axın multimediyasına əsaslanan xidmətlər, istifadəçilərinə bir neçə ay ərzində pulsuz istifadə imkanını təmin etdi. Ancaq yəqin razılaşarsınız ki, onlayn baxış heç vaxt tamaşaçıya nəhəng bir kinoteatrın ekranında bir filmi izləyərkən aldıqları inanılmaz duyğuları verə bilməz. Mayın 29-dan iyunun 7-dək YouTube video hosting xidmətində “Biz Birik” (“We Are One”) adlı videoçarxda iştirak edəcək beynəlxalq film festivalları da onlayn formata keçdi. Ətraflı burada oxuya bilərsiniz.
Karantin, eyni zamanda, koronavirus səbəbiylə kinoteatrların bağlanışı zamanı ilk dəfə onlayn olaraq nümayiş olunan ən əhəmiyyətli dünya film mükafatı olan “Oskar”ın seçilməsinə də təsir etdi. Daha ətraflı məlumat üçün burada oxuyun.
Yuxarıda qeyd edildiyi kimi, dünya kinostudiyaları ən çox gözlənilən film çəkilişlərinin buraxılışlarını təxirə saldı. Ceyms Bond haqqında 25-ci yubiley filminin premyerası da ilk təxirə salınanlardan oldu. Casus dastanının pərəstişkarları “Ölməyin vaxtı deyil” adlı filmi aprelin 3-də izləməli idilər. Lakin onun ekranlara çıxış tarixi bu ilin 11 noyabr tarixinə dəyişdirildi. MDB ölkələrində, o cümlədən Azərbaycanda bu filmin 19 noyabrda təqdim ediləcəyi gözlənilir.
Ən çox özələnilən filmlərdən olan “Forsaj-9” isə bu il 21 may tarixində ekranlara çıxmalı idi. Lakin pandemiya səbəbindən filmin premyerası 2021-ci ilin 2 aprel tarixinə keçirilib. Qeyd etmək lazımdır ki, filmdəki hadisələrin bir hissəsi Azərbaycanda cərəyan edəcək. Bu barədə daha ətraflı burada oxuya bilərsiniz.
Disney tərəfindən rəsmi olaraq elan edilmiş Marvel super qəhrəman filmləri də daxil olmaqla yeni film premyeralarının cədvəli ilə burada tanış ola bilərsiniz. Lionsgate, Pixar, Warner Bros. və Sony Pictures də filmlərin yeni cədvəlini artıq müəyyən ediblər.
Göründüyü kimi, kino mütləq olacaq. Ancaq bu, hər şeyin əvvlki axarına nə zaman qayıdacağı və Azərbaycanda kinoteatrların hansı qaydalarla işə başlayacağı hələ bilinmir. Kinomanlara isə Nazirlər Kabineti yanında Opretaiv Qərargahının bu məsələ ilə bağlı rəsmi qərarını gözləmək qalır.
Feliks Vişnevetskiy, Q.R.