ABŞ-da “Falcon 9” daşıyıcı raketi daha 60 internet peykini orbitə çıxarıb
Bu gün “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan 60 ədəd minipeyki fəzaya çıxarıb.
1news.az “SpaceX” kompaniyasının saytına istinadla xəbər verir ki, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 03:13-də (Bakı vaxtı ilə 12:13) NASA-nın Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.
Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin mayından başlayaraq, orbitə artıq 21-ci buraxılışdır. Hazırda “SpaceX”-in orbital qruplaşmasına daxil olan kosmik aparatların sayı 1203-ə çatır.
Daşıyıcı raketin ilk pilləsi ənənəvi olaraq Atlantik okeanında üzən platformaya enib. Daşıyıcı raketin pillələrinin yenidən istifadəsi sahibkar İlon Maskın kompaniyasına peyklərin orbitə göndərilməsi xərclərini azaltmağa imkan verir.
Qeyd edək ki, “SpaceX” kompaniyası planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır. Kosmosa ilk mikropeyklər 2019-cu ilin mayında çıxarılmışdı.