Belçikada hökumətin qənaət siyasətinə etiraz: nəqliyyat və dövlət xidmətləri iflic olub | 1news.az | Xəbərlər
Dünya

Belçikada hökumətin qənaət siyasətinə etiraz: nəqliyyat və dövlət xidmətləri iflic olub

1news Redaksiyası16:45 - Bu gün
Belçikada hökumətin qənaət siyasətinə etiraz: nəqliyyat və dövlət xidmətləri iflic olub

Belçikada iri həmkarlar ittifaqlarının çağırışı ilə ölkə üzrə bir günlük ümummilli tətil keçirilib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, CSC, FGTB və Synova həmkarlar ittifaqlarının təşkilatçılığı ilə keçirilən tətil federal hökumətin sosial xərcləri azaltmaq planlarına və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə etiraz məqsədi daşıyır.

Tətil nəticəsində dövlət və özəl sektorda bir sıra xidmətlərin fəaliyyəti ciddi şəkildə məhdudlaşıb.

Belçikanın hava məkanına nəzarət edən Skeyes qurumunun əməkdaşlarının da tətilə qoşulması səbəbindən saat 07:00-dan 21:00-dək ölkə ərazisində uçuşlar həyata keçirilməyib. Bu müddət ərzində hava hərəkətinə nəzarət xidməti də göstərilməyib.

Brüssel Hava Limanında həmin saatlarda bütün eniş və uçuşlar, Şarlerua Hava Limanında isə gün ərzində nəzərdə tutulan bütün reyslər ləğv edilib.

Brüsselin ictimai nəqliyyat sistemində (STIB) çalışanların da tətilə qoşulması nəticəsində şəhər üzrə metro, avtobus və tramvay reyslərinin böyük əksəriyyəti həyata keçirilməyib. Çoxsaylı müəllimlərin aksiyaya dəstək verməsi səbəbindən bəzi məktəblərdə dərslər də keçirilməyib.

Bələdiyyə işçilərinin də geniş şəkildə iştirak etdiyi tətil tullantıların toplanması, uşaq bağçalarının fəaliyyəti və bir sıra inzibati xidmətlərdə ciddi fasilələrə səbəb olub.

Brüsseldə minlərlə insan etiraz aksiyasına qoşulub

Tətil çərçivəsində Brüsseldə hökumətin siyasətinə qarşı minlərlə insanın iştirakı ilə etiraz yürüşü keçirilib.

Aksiya iştirakçıları Brüsselin Şimal Dəmir Yolu Vağzalının qarşısında toplaşıblar. Həmkarlar ittifaqlarının qırmızı, yaşıl və mavi rəngli geyimlərini geyinən etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, müxtəlif plakatlar qaldırıblar.

Bir neçə kilometr davam edən yürüş səbəbindən Brüsselin mərkəzi küçələrində avtomobillərin hərəkəti gün ərzində dayanıb.

Həmkarlar ittifaqları hökumətdən nə tələb edir?

Tətil Belçikanın Baş naziri Bart De Weverin rəhbərlik etdiyi koalisiya hökumətinin büdcə müzakirələrinin davam etdiyi vaxta təsadüf edib.

Həmkarlar ittifaqları hökumətin büdcə kəsirini azaltmaq məqsədilə hazırladığı tədbirlərin çalışanların alıcılıq qabiliyyətini zəiflətdiyini və sosial hüquqlarını məhdudlaşdırdığını bildirirlər.

Onlar federal hökumətdən büdcə kəsirinin azaldılmasına yönəlmiş tədbirlərə yenidən baxılmasını və əhalinin alıcılıq qabiliyyətinin qorunmasını tələb edirlər.

Bundan başqa, həmkarlar ittifaqları əməkhaqlarının və sosial müavinətlərin yaşayış xərclərinin artımına uyğun olaraq avtomatik indeksləşdirilməsi mexanizminin qorunmasını, eləcə də dövlət xidmətlərinə ayrılan vəsaitin azaldılmasından imtina edilməsini istəyirlər.

Həmkarlar ittifaqlarının təklif etdiyi alternativ büdcə planında isə kapital gəlirlərinin daha yüksək vergiyə cəlb edilməsi və vergidən yayınmaya qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulur.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər