“Onlar bu bəyanatla erməni lobbisinin yalan məlumatlarına istinad ediblər” – Cavanşir Feyziyev | 1news.az | Xəbərlər
Siyasət

“Onlar bu bəyanatla erməni lobbisinin yalan məlumatlarına istinad ediblər” – Cavanşir Feyziyev

Qafar Ağayev11:29 - 26 / 03 / 2021
“Onlar bu bəyanatla erməni lobbisinin yalan məlumatlarına istinad ediblər” – Cavanşir Feyziyev

“Beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlara əsaslanan qərəzli mövqeyi yeni hal deyil”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri, deputat Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Ermənistan hələ 90-cı illərin əvvəllərində torpaqlarımızı işğal etdikdən sonra 30 il ərzində nə vaxtsa işğal faktına haqq qazandırmaq məqsədilə Azərbaycana qarşı əks-təbliğat aparmaqla məşğul olub və bu gün də o fəaliyyətini davam etdirir.

“Ermənistan dövlətinin və diasporasının ölkəmizə qarşı əlbir fəaliyyəti uzun illər ərzində bir sıra beynəlxalq təşkilatların Qarabağ probleminə yanaşmasında da öz əksini tapıb. Amerikada və Avropa ölkələrində ən azı 100 illik fəaliyyət tarixinə malik olan erməni lobbisi vaxtaşırı Human Rights Watch, Transparency İnternaional kimi beynəlxalq təşkilatlardan da istifadə etməklə Azərbaycana qarşı amansız qarayaxma kampaniyaları təşkil ediblər. Bu kampaniyaları ölkəmizə qarşı informasiya terroru da adlandırmaq olar. Lakin bu məsələnin yalnız bir tərəfidir”.

“Məsələnin digər tərəfi isə beynəlxalq siyasi sistemin özünün fəaliyyəti ilə bağlıdır” – deyə, C.Feyziyev fikirlərinə əlavə edib:

“Belə ki, biz Azərbaycanda bütün beynəlxalq təşkilatların və eləcə də dövlətlərin beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini düşünürük və ona görə də hər hansı bir beynəlxalq təşkilatın və ya dünyanın aparıcı dövlətlərinin Qarabağ məsələsinə və ya istənilən digər məsələyə münasibətdə qərəzli və haqsız mövqeyini təəccüb və təəssüflə, bəzən də hətta hiddətlə qarşılayırıq. Lakin reallıq ondan ibarətdir ki, dünyanın güc mərkəzləri və öz fəaliyyətini onların iradəsinə uyğun qurmağa çalışan beynəlxalq təşkilatlar üçün əsas meyar heç də həmişə beynəlxalq hüquq normaları olmur. Təəssüf ki, bir sıra hallarda beynəlxalq siyasətdə aparıcı dövlətlərin öz maraqları beynəlxalq qanunları və normaları üstələyir. Bu kimi hallarda beynəlxalq təşkilatlar da öz fəaliyyətlərini həmin dövlətlərin maraqlarına uyğunlaşdırırlar. Bunun da səbəbi çox sadədir, beynəlxalq siyasətdə dominant olan dövlətlər adətən, həmin təşkilatların əsas donorlarıdır”.

Bu il martın 23-də Avropa Parlamentinin (AP) üzvləri - Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən verilən Birgə Bəyanatdan danışan C.Feyziyev bildirib ki, bu bəyanatı imzalayan şəxslər AP-də bilavasitə Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa məsul olan siyasətçilərdir:

“Avropa İttifaqının-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlığı Komitəsinin həmsədri və mənim həmkarım Marina Kalyurand, eləcə də Azərbaycan və Ermənistan üzrə Avropa Parlamentinin məruzəçiləri birgə bəyanat verərək Azərbaycanı erməni hərbi əsirlərini azad etməyə çağırıblar. Əslində bu şəxslər belə bir bəyanatı imzalamaqla erməni lobbisinin yalan məlumatlarına istinad edərək Azərbaycanın nüfuzuna xələl gətiriblər və artıq biz bunu onların diqqətinə çatdırmışıq. Bizim cavab bəyanatımızda bildirilib ki, Azərbaycanda saxlanılan erməni hərbçiləri bölgədə hərbi əməliyyatlar dayandırıldıqdan və bütün hərbi əsirlər təhvil verildikdən sonra Azərbaycan ərazisinə qeyri-qanuni yolla soxulmuş və bizim mülki vətəndaşlarımıza və hərbçilərimizə qarşı terror əməli törətmiş şəxslərdir. Hüquqi terminlərin mahiyyətinə uyğun olaraq onlar müharibə əsirləri hesab oluna bilməz”.

“Onlar Azərbaycan ərazisində bir neçə nəfərin ölümü ilə nəticələnən terror əməli törətmiş cinayətkarlardır və müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun qaydada istintaqa cəlb olunublar” – deyə, deputat fikirlərinə əlavə edib:

“Yəni 10 noyabr tarixli Birgə Bəyanatda hərbi əsirlərin qaytarılması ilə bağlı nəzərdə tutulan müddəa bu cinayətkarlara şamil edilə bilməz. Ermənilər isə əksinə, öz terrorçularını “hərbi əsir” kimi təqdim etməklə beynəlxalq qurumları çaşdırmağa cəhd edirlər. Bu kimi cəhdlər qəbuledilməzdir və Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq qaydalarına əsaslanır. Bəyanatda səsləndirilən digər bir məsələ guya saxlanılan şəxslər barəsində aralıq tədbirlər çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana ünvanlandığı suallara cavab verilməməsidir. Bu da ermənilərin yaydığı yalan məlumata əsaslanan bir iddiadır. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən həmin şəxslərlə bağlı göndərilən sorğulara Azərbaycan höküməti tərəfindən prosedur qaydalarına uyğun olaraq lazımi cavab göndərilib və bunu da artıq Avropalı həmkarlarımızın diqqətinə çatdırmışıq”.

Deputatın sözlərinə görə, Torpaqlarımızın təxminən 30 illik işğalı və bir milyon qaçqın və məcburi köçkünlərin mövcudluğu faktı bütün dünyaya və o cümlədən Avropa Parlamentinə də yaxşı məlumdur”.

“Bu bəyanatı imzalamış şəxslər o şəxslərdir ki, keçən ilin ilk aylarında Ermənistanın Qubadlı və Cəbrayıldan keçməklə Xankəndinə yeni yol çəkmək layihəsinə qarşı çıxmışdılar və bu barədə də Ermənistana qarşı kəskin bəyanat imzalamışdılar. Bu dəfəki bəyanatın əsasında Human Rights Watch təşkilatının ölkəmizə qarşı qərəzli hesabatı dayanır və onlar həm bu hesabata, həm də erməni siyasi dairələrinin yalan məlumatlarına istinad ediblər. Biz öz cavab bəyanatımızda bildirmişik ki, onlar erməni təbliğatına uyaraq belə bir qərəzli bəyanatı imzalamaqla Azərbaycan cəmiyyətində Avropa Parlamentinə olan etimadı sarsıdırlar. Eyni zamanda biz həmin şəxsləri və eləcə də bölgəmizdəki hadisələrə maraq göstərən bütün Avropa Parlamenti üzvlərini hərbi əməliyyatların dayandırılmasından sonra dəfələrlə ölkəmizə dəvət etmişik. Məqsədimiz işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində baş vermiş erməni vəhşiliklərini və vandalizmini onlara göstərmək və onları obyektiv məlumatla təmin etmək olub. Dəvətimiz yenə də qüvvədədir və biz haqlı tərəf kimi, Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana və azad olunmuş ərazilərə səfərində maraqlıyıq. Lakin pandemiyanın Avropa məkanında daha da genişlənməsi hələlik onlara bu səfərləri etməyə imkan vermir. Ümid edirik ki, çox da uzaq olmayan gələcəkdə ermənilərin uzun müddət Azərbaycan torpaqlarında törətdiyi dağıdıcılıq hərəkətlərini Avropalı həmkarlarımıza əyani surətdə göstərmək imkanımız olacaq”.

Paylaş:
819

Son xəbərlər

Bütün xəbərlər