Prezident: Ələt Azad İqtisadi Zonası haqqında qanun həm Azərbaycan dövlətinin, həm də investorların maraqlarını təmin edir
Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir.
Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar ilk növbədə coğrafi yerləşməyə görə çox böyük uğur qazanıb. Ona görə bizə gəldikdə, bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
“İlk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və mən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzaladım, 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları bura cəlb etmək mümkün olmazdı. Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb”, - deyə dövlətimizin başçısı qeyd edib.
Pandemiyanın dünya iqtisadiyyatına göstərdiyi mənfi təsirdən danışan Prezident İlham Əliyev bildirib ki, belə tarixi məqamda bu addımı atmaq həm böyük cəsarət tələb edir, həm də, bizim inamımıza əsaslanır. Qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir.
2018-ci ildə artıq praktiki işlərə başlanıldığını bildirən Azərbaycan Prezidenti deyib ki, bunun üçün 850 hektarlıq ərazi ayrılıb, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilib, işçi qrupu yaradılıb və işlər artıq praktik müstəviyə keçib.
Pandemiyanın planları bir qədər təxirə saldığını qeyd edən Prezident İlham Əliyev deyib: “Ancaq indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkələrdə səngiyir. Hesab edirəm, bu gün bu təməlqoyma mərasiminin keçirilməsi artıq onu göstərir ki, biz buna tam hazırıq. Bundan sonra isə artıq praktiki işlərin başlanmasına start verilir və əminəm ki, bu işlər də vaxtında başa çatacaq”.