Hikmət Hacıyev Amerikanın nüfuzlu nəşri vasitəsilə Ermənistanı sülhə çağırıb
Amerikada çıxan “The Washington Times” nəşrində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistan ilə Azərbaycan arasında əməkdaşlıq və sülh haqqında” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi 1970-ci illərdə SSRİ və ABŞ arasında soyuq müharibənin qızğın dövründə gərginliyin azaldılması ilə paralel apararaq, Ermənistanla Azərbaycan arasında qarşılıqlı xoş məramlı aktlar barədə söhbət açıb. Bu aktlar həbs edilən 15 erməni diversant ilə minalanmış sahələrin xəritəsinin dəyişdirilməsində ifadə olunub. Hikmət Hacıyev qeyd edib ki, Ermənistanda parlament seçkilərindən sonra iki dövlət arasında etimada əsaslanan münasibətlərin qurulmasına doğru növbəti addımın atılması vaxtı çatıb. Bu addım nəticəsində diplomatik irəliləyiş əldə edilə və qarşıdurma əməkdaşlığa çevrilə bilər.
Ermənistan tərəfinin verdiyi xəritədə 97 min minanın yeri göstərilir. Lakin bu, minalanmış yeddi rayondan yalnız biridir. Bununla yanaşı, müəllif diqqətə çatdırır ki, Ermənistanın baş naziri Nikol Paşinyan özü bunun ölkənin əlində olan xəritələr paketinin yalnız bir hissəsi olduğunu etiraf edib. Hər halda hətta bir xəritənin verilməsi belə Bakının bununla bağlı müraciətinin Yerevan tərəfindən “gündəliyin feyk xəbəri” adlandırıldığı vaxtlarla müqayisədə irəliləyişdir.
Məqalədə qeyd edilir ki, minaların sayının ümumilikdə nə qədər olması məlum deyil. Qarabağ dünyanın ən çox minalanmış regionlarından biri hesab edilir. 1,5 milyard kvadratmetrdən çox minalanmış ərazi Cənubi Koreya ilə Koreya Xalq Demokratik Respublikası arasındakı hərbsizləşdirilmiş zonada yerləşən təmas xəttindən çoxdur. Minalar böyük təhlükə mənbəyidir. Müəllif xatırladır ki, müharibə başa çatandan sonra təxminən 140 nəfər minaya düşüb, o cümlədən iki jurnalist mina qurbanı olub. İndi sülhə maneəni məhz bu minalar törədir. Karl fon Klauzovitsin məşhur kəlamını yada salsaq, minalar müharibənin başqa vasitələrlə davamıdır.
Eyni zamanda, Yerevan üçün sülhə başlıca maneə saxlanılmış şəxslər - Ermənistan vətəndaşlarıdır. Müəllif vurğulayır ki, onlar bəzi KİV-lərin düzgün olmayaraq adlandırdığı kimi hərbi əsir deyillər, bütün hərbi əsirlər artıq dəyişdirilib. Minalanmış sahələrin xəritələrinin verilməsi iki dövlət arasında gərginliyin azaldılmasına və etimada əsaslanan münasibətlərin qurulmasına daha bir təkan ola bilər.
Azərbaycan Prezidentinin köməkçisi, həmçinin Zəngəzur dəhlizi məsələsinə də toxunub. O əmindir ki, bu, hər iki tərəfə sərfəlidir. Dəhliz Naxçıvan eksklavının təcrid olunmuş vəziyyətinə son qoyacaq, Ermənistan isə Rusiya ilə yerüstü dəmir yolu xətti əldə edəcək.
ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin – Fransa, ABŞ və Rusiyanın yeni roluna diqqəti cəlb edən müəllif yazır ki, bu qrup iki dövlət arasında etimada əsaslanan münasibətlərin qurulması üçün səylərini davam etdirə bilər.
Sonda Hikmət Hacıyev qeyd edir ki, bu gün xalqlarımızın sülhü və sabitliyi bərqərar etmək şansı var. Bizim üçün bir-birimizi daha yaxşı tanımağa və bundan yararlanmağa fürsət yaranıb. Bir-birini qarşılıqlı tanımanın son nəticəsi sülh müqaviləsi ola bilər. Lakin sülh əvəzinə revanşizmə meyl edənlər regionu yeni fəlakətə gətirib çıxara bilərlər.
Hikmət Hacıyev məqaləsini bu sözlərlə yekunlaşdırır: “Azərbaycanda həmişə belə anlayış mövcud olub ki, əgər Ermənistan həqiqətən sülhün bərqərar olunmasında maraqlıdırsa, o halda regional layihələrdən bəhrələnə bilər. Buna görə də gəlin, Cənubi Qafqazı sülh regionuna çevirək”.