Azərbaycanın turizm imkanları Baltikyanı ölkələrdə nümayiş etdirilib
Dövlət Turizm Agentliyi yanınmda Azərbaycan Turizm Bürosu (ATB) 5-7 mayda Litvanın Vilnüs, Latviyanın Riqa və Estoniyanın Tallin şəhərlərində təşkil olunan "TTR Baltic 2026" silsilə tədbirlərində ölkəmizin turizm potensialını tanıdıb.
1news.az agentliyə istinadən xəbər verir ki, 200-ə yaxın turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib.
İştirakçılara Bakı və Şəki şəhərlərinin turizm imkanları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları, qış turizmi və "Sea Breeze Resort"un yay turizmi imkanları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirlər çərçivəsində B2B formatlı görüşlər keçirilib.
Silsilə tədbirlər Baltik regionu turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın regiondakı turizm mövqeyinin gücləndirilməsi baxımından əlverişli əməkdaşlıq platforması rolunu oynayıb.
Litva, Latviya və Estoniya vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.












