“Komsomolskaya Pravda” qəzetində Azərbaycanın işğaldan azad edilmiş torpaqları haqqında material dərc edilib
“Komsomolskaya Pravda” qəzetinin müxbiri Valentin Alfimov Azərbaycanın işğaldan azad edilmiş torpaqları haqqında reportaj hazırlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, rusiyalı jurnalist yazır: “Bakı aeroportunda ilk növbədə “Qarabağ Azərbaycandır” sözləri yazılmış banner diqqətimi cəlb etdi. Aeroportdan çıxanda, şəhərə gedən yolboyu avtobus dayancaqlarında və paytaxtın mərkəzində iki binadan birinin və beş maşından birinin üzərində də eyni sözləri gördüm. Azərbaycanlılar özləri Qarabağ müharibəsini Vətən müharibəsi adlandırırlar. Azərbaycan Prezidenti Administrasiyasının əməkdaşı Fuad Axundov bu faktı belə izah etdi:
-Böyük Vətən müharibəsində almanlar Sovet İttifaqı ərazisinin 9 faizini, bizdə isə ermənilər Azərbaycan ərazisinin 20 faizini tutmuşdu. Biz bu müharibəni başqa cür adlandıra bilərikmi”?
Məqalə müəllifi daha sonra yazır: “Mən Qarabağa cənub tərəfdən daxil oldum. Birinci məntəqə Füzuli şəhəri idi. Yerli sakinlər bu ərazini “Aran Qarabağ” adlandırırlar. Doğrudan da burada tarlaların ucu-bucağı görünmür.
Hər iki kilometrdən bir tank əleyhinə böyük xəndək, xəndəyin o tayında bir-birinin ardınca 6 və ya 7 cərgə torpaq səngər, daha sonra minalanmış sahələr gəlir. Yollar boyunca yerləşdirilmiş xəbərdarlıq lövhələrində əyani şəkildə göstərilir ki, şose yolundan bircə santimetr belə kənara çıxmaq olmaz – hər tərəf minalanıb. Hətta maşınların döndərilməsi üçün xüsusi “ciblər” düzəldilib. Allah eləməsin ki, yolun əsas hissəsində belə zərurət yaransın.
Ümumiyyətlə, Qarabağın işğaldan azad edilmiş əraziləri “yandırılmış torpaq” yox, “atılmış torpaq” vəziyyətindədir. Onlarca kənd, yüzlərlə ev xarabalığa çevrilib. Özü də buna səbəb minalar və mərmilər deyil.
Sadəcə, 30 ilə yaxın müddətdə burada heç kəs yaşamayıb. Bu torpaqlar Qarabağ ilə Azərbaycan arasında təhlükəsizlik zonaları olub. Minlərlə hektar torpaq sahibsiz qalıb. Mülki əhali yalnız Şuşa, Kəlbəcər və Hadrut şəhərlərində yaşayırdı, qalan yerlərdə isə hərbçilərdən başqa heç kəs olmayıb...
Bu yerlərdə hətta adi yol göstəricisi də insana güclü təsir bağışlayır. Yolun kənarında bir kəndin adı yazılmış lövhə və sola doğru ox işarəsi var. Amma orada kənd yoxdur. Hətta yol da yoxdur. Yalnız ot və yanmış tank görünür. Yol boyunca bu yaxınlarda başa çatmış müharibənin izləri görünür”.
“Komsomolskaya Pravda” qəzetinin Kəlbəcərdə olmuş jurnalisti yazır: “İndi bu şəhər fəlakət baş vermiş apokalipsis haqqında film çəkmək üçün çox münasibdir. Vaxtı ilə Qafqazın mənzərəli bu guşəsində yerləşən gözəl şəhər indi bu vəziyyətdədir. Azərbaycan Ordusunun vuruşa-vuruşa irəliləyərək Gəncə tərəfdə yerləşən aşırımı nəzarətə götürməsi məlum olan kimi, yerli ermənilər buranı tərk ediblər. Onlar ev heyvanlarını özləri ilə götürüb, sonra isə bütün evləri, hətta talvarları da yandırıblar. Bağları da qırıblar. Bu gün şəhərdə cəmi iki binada – polis bölməsinin və hərbi hospitalın binasında dam örtüyü qalıb.
Azərbaycan Ordusunun özünə qaytardığı şəhərlərdən biri də Hadrutdur. İndi burada dağıdılmış evləri bərpa etmək üçün inşaat materialları daşıyan yük maşınlarının keçdiyi yollar qalın toz təbəqəsi ilə örtülüb.
Şuşada isə “Əsrin tikintisi” aparılır. Şuşa Azərbaycanın mədəni paytaxtı elan edilib. Şəhərin girəcəyində sülhməramlıların blok-postu qarşısında yük maşınları təqribən 2 kilometr uzunluğunda növbəyə düzülüb. Bu maşınların dövlət nömrələri əsasən Azərbaycan nömrələridir, lakin Türkiyə və İran nömrələri də gözə dəyir (buradan İran sərhədinə qədər məsafə 200 kilometrə yaxındır).
Ümumiyyətlə, Qarabağda möhtəşəm tikinti işləri aparılır. Azərbaycan hökumətinin planlarına görə, burada iki aeroport və 6 zolaqlı avtoban tikiləcək. Ərazilər hələ minalardan tam təmizlənməyib, ona görə də burada təqribən 5 il gərgin iş aparılandan sonra rahat gəzmək mümkün olacaq. İndi isə şose yolu salınması üçün traktorlar və buldozerlər vasitəsilə torpaq işləri aparılır.
İki il ərzində regionun tam bərpa olunacağı və sakinlərin oraya qaytarılacağı vəd edilir. 1990-cı illərin əvvəlində ailələri bu yerləri tərk etmiş 1 milyona yaxın insan oraya qayıtmağa hazır olduqlarını bildirib. Bundan əlavə, daha yarım milyon azərbaycanlı dağlar qoynunda salınacaq yeni “ağıllı kəndlərə” köçməyə hazırdır.