Əsrin əvvəlindəki rekord və ya Bakının Zığ qəsəbəsinin pivəbişirmə mərkəzinə çevrilməsi haqqında – FOTO
Tarixçənin davamı. Başlanğıc: “Neft bumu və almanlar: Azərbaycanda “narıncı qızıl” necə meydana gəldi.
Azərbaycanda sənaye istehsalı ilə paralel inkişaf edən pivəbişirmənin tarixi barədə danışmağa davam edirik. Bu sənayenin ötən əsrin əvvəllərində necə formalaşmasından yeni materialımızda söhbət açacağıq.
XX əsrin əvvəlləri. O dövrdə Bakı əyalətinin inzibati mərkəzi və dünyanın neft paytaxtı olan Bakı sürətlə böyüyürdü. Və bunun səbəbi sadədir - kiçik bir əyalət şəhəri böyük bir sənaye mərkəzinə çevrilir və sözün əsl mənasında öz perspektivlərini üzə çıxarırdı. Şəhərin "ürəyində" passajlı geniş küçələr var idi, milyonerlərin əzəmətli sarayları və varlı tacirlərin villaları, müasir otellər və mağazalar göz oxşayır, bank şəbəkələri, sənaye və ticarət şirkətlərinin kontorları artır, təhsil müəssisələri tikilir və sürətlə inkişaf edən şəhərin bütün atributları - teatrlar, kinoteatrlar, restoranlar, klublar meydana çıxırdı.
Tolerant Bakı: tələbtəklif yaradır
Statistik məlumatlara görə, 1850-1917-ci illərdə Bakının əhalisi 33,5 dəfə artaraq 7,4 min nəfərdən 248 min nəfərə çatmışdı. Fərqli xüsusiyyət isə onda idi ki, əsrin əvvəllərində şəhər, aralarında yunanlar, almanlar, polyaklar, latışlar, litvalılar, estonlar və başqalarının da olduğu müxtəlif millətlərin nümayəndələrini bir araya toplamışdı. Müxtəlif mədəniyyətlərin müstəqil mövcud olduğu və bir-birini tamamladığı çoxmillətlilik multikulturalizmin inkişafına təkan verirdi. Avropa mədəniyyəti tolerant Bakıda kök salmağa davam edirdi və bu da, Bakı əyalətindəki bütöv sənaye istehsalının strukturuna təsir edirdi. Neft hasilatı və emalı, ənənəvi əkinçilik və çoxşaxəli ticarətlə yanaşı, emal və toxuculuq sənayesi də gəlirli sahələrə çevrilir, un istehsalı böyüyür, ipək toxuma və ipək sarma fabrikləri meydana çıxır, dulusçuluq və o zaman adlandırıldığı kimi şərabçılıq, yəni nişasta və ya şəkər tərkibli qidalardan spirt və spirtli içkilər hazırlanması sahələri böyüyürdü. Və bu cür məhsullar kifayət qədər çox idi. Bildiyimiz kimi, tələb təklifin yaranmasına səbəb olur, buna görə də, etnik tərkib və sosial təbəqələşmə baxımından rəngarəng olan Bakıya pivə də daxil olmaqla, alkoqollu içkilər, o cümlədən hər zövqə uyğun və hər rəngdə müxtəlif adda mallar ixrac olunurdu.
Beləliklə, 20-ci əsrin əvvəllərində Forer qardaşları tərəfindən almanların məskunlaşdığı Yelenendorf qəsəbəsində (1868) inşa edilmiş pivə zavodu artan köpüklü içki tələbatını qarşılamadı. Bakı əyalətinə pivə Samaradan gətirilirdi. Həmin pivə Rusiya İmperiyasının böyük pivə zavodlarından olan “Jiqulyovski pivə zavodunun Vakano və Ko Ortaqlığı” zavodunda istehsal olunurdu.
Dosye. Alfred Josef Maria von Vakano - əslən avstriyalı zadəgan, Macarıstan Kral Ərazi Araşdırması İdarəsinin direktoru Filip Vakano və həyat yoldaşı, baronessa Stedlinq kimi doğulan Kristinanın oğlu idi. 2 may 1846-cı ildə tarixində anadan olub. Zadəganlara uyğun ilkin təhsilini alan Vakano, daha sonra Vyanadakı Ticarət Akademiyasını bitirib. 1876-cı ilin mayında İmperator Mədənçiliyi İdarəsinin direktor müavininin qızı Anna-Maria-Varvara ilə evlənib. Vladimir, Erix, Lotar, Lev, Herbert adlı oğulları və Olqa adlı qızları dünyaya gəlib. 1897-ci ilin noyabr ayında Vakano ailəsi Alfred von Vakano və övladlarının "ailə üzvlərinə mənsub olan zadəganlıq hüquqlarını qoruyub saxlayaraq və ya hətta saxlamadan Rusiya vətəndaşlığına qəbul edilməsi" üçün Baş İdarəyə bir vəsatət göndərib. Rusiyaya göstərdiyi böyük xidmətlərə görə onun müraciəti təmin edilib. 23 avqust 1899-cu ildə Samara əyalət rəhbərliyində Vakano Rusiya vətəndaşlığına andiçməyə cəlb edilib və bu barədə şəhadətnamə alıb. Anna İvanovna Avstriya vətəndaşı olaraq qalıb və elə 1899-cu ildə altı övladını atasının yanında qoyub Vyanaya köçüb və 1915-ci ildə Alfreddən boşanıb.
Vakano ailəsi
Avstriyalı zadəgan XIX-cu əsrin 80-ci illərində Rusiyada yeni bir pivə zavodu tikməyə qərar verdi. Beləliklə, 6 fevral 1880-ci ildə Alfred von Vakano, Samara şəhər məclisinə Vasili Bureev adına köhnə pivə zavodunun binalarının yerləşdiyi ərazinin ona icarəyə verilməsi üçün müraciət etdi. 4 martda bir hərrac keçirildi və idarə heyəti onunla görüşə getdi - Vakanonun tələb etdiyi Volqa çayı sahilindəki yer illik 2,201 rubl müqabilində ona 99 illik icarəyə verildi. Martın 15-də icarə müqaviləsi imzalandı və Vakano zavodun tikintisinə başladı.
1881-ci ilin 23 fevralında (yeni deyimlə 7 martda) müəssisə ilk məhsullarını buraxdı və elə ilk ildəcə zavodda 35 min 670 vedrə pivə (bir vedrə - 12,3 litr) qablaşdırıldı.
Ortaqlığın nizamnaməsi 21 avqust 1881-ci ildə "Yüksək səviyyədə təsdiqləndi", təsisçiləri Avstriya vətəndaşlarıı Alfred von Мakano və Morits Faber oldu. Əsas nizamnamə kapitalı həmin vaxt cəmi 200 min rubl idi. Bu məbləğ zavodun gücünü artırmaq üçün yetərli deyildi. Vakano, zəngin samaralı tacir Pyotr Semenoviç Subbotini idarə heyətinin üzvü olaraq tərəfdaşlığa cəlb etdi. 1883-cü ilin yayında şəhər rəhbərliyi, ortaqlığın zavodun tikintisinə külli miqdarda pul xərclədiyini məmnuniyyətlə qeyd etdi.
1899-cu ilin avqust ayında zavodun idarəçiliyi tamamilə Alfred von Vakanonun əlinə keçdi. Eyni ilin dekabrında ortaqlıq ləğv edildi və 14 dekabrda (1 yanvar 1900) avstriyalı iş adamı pivə istehsalı üzrə Ticarət Evi yaratdı.
İnqilaba qədərki dövrlərdə Samaradakı Vakano zavodu sənaye innovasiyalarının mərkəzi idi. Məsələn, orada zavodun qazanxanası hesabına işləyən işləyən buxar istilik sistemi var idi. 1898-ci ildə Samarada ilk elektrik stansiyası məhz bu müəssisədə işə salındı.
Uğurlu müəssisə
Kifayət qədər uğurlu bir iş adamı olan Vakano, satış bazarlarını fəal şəkildə araşdırırdı və Bakı kimi perspektivli bir istiqaməti gözündən qaçıra bilməzdi. Samara pivəsi ilk dəfə 1889-cu ildə Bakıya ayaq açdı və tez bir zamanda böyük populyarlıq qazandı. Pivə şəhərə dəniz yolu ilə çatdırılırdı və "Kaspi" qəzetindəki elanlara əsasən Bezymyannaya küçəsində (indiki İsrafil Məmmədov) və Molokan bağı ərazisində yerləşən xüsusi anbarlarda saxlanılırdı. Ancaq vaxt baxımından əlverişli olmayan dəniz çatdırılması tez xarab olan bu məhsulun keyfiyyətinin qorunması baxımından müəyyən problemlər yaradırdı. Bəli, pivə tam hazır olmadan göndərilirdi, yolda isə yetişir və misilsiz dad və ətir əldə edirdi. Lakin ilin isti vaxtlarında böyük risklər var idi. Problemlərin qarşısını almaq üçün pivə zavodu tünd, pasterizə olunmuş pivə istehsal etməyə başladı. Ancaq bu da vəziyyətdən çıxış yolu olmadı - qışda Volqa çayında naviqasiya dayanırdı, pivənin üç aydan çox müddətdə saxlanılması isə keyfiyyətin itirilməsinə gətirib çıxarırdı və Bakıdakı istehlakçılar mağazalarda Samara zavodundan gələn sevimli içkilərini tapa bilmirdilər.
Vakano, o dövrdə Samara xaricindəki ən böyük bazar olan Bakı bazarını əldən vermədi. Pivəni buzlu anbarlarda saxlamaq ehtimalı da daxil olmaqla bir neçə variantı nəzərdən keçirdi və mümkün olan yeganə varianta - Bakıda bir pivə zavodunun inşasına qərar verdi.
Zavod üçün yer - Bakının kənarındakı Zığ qəsəbəsi təsadüfən seçilməyib. Əsas şərt - suyun keyfiyyəti idi. Və sərt otlarla qarışdırılmış içməli sudan hazırlanmış ilk sınaq pivəsi uğurlu oldu - içkinin keyfiyyəti və dadında heç bir xoşagəlməz hal qeydə alınmadı.
Zavodun inşası 1907-1909-cu illərdə aparılmışdır. Burada texnologiyanın ən son yenilikləri tətbiq edilmişdir. "Kaspi" qəzetinin 1 mart 1909-cu il tarixində yazdığı kimi "Zığdakı pivə zavodu öz avadanlıqlarına görə indi təkcə Qafqazda deyil, Rusiyada da ən yaxşı və ən müasir müəssisə kimi tanınmalıdır." Bakıdakı zavod özək şirkəti olan Samara müəssisəsini üstələdi. Müəssisədə işləmək üçün Qərbi Avropadan texniklər və digər mütəxəssislər dəvət edildi.
O dövrdə köpüklü içki sevənlər arasında artıq populyar olan tünd pivə də daxil olmaqla, zavodda dörd növ pivə istehsal edilirdi. Eyni zamanda, məhsullar yalnız mağazalara deyil, həm də ixtisaslaşdırılmış pivə salonlarına da tədarük edilirdi. Beləliklə, 1910-cu ilin aprelində yeni "Fenomen" teatrı (indi - Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı) ilə üzbəüz "xarici tərzdə" (elanda belə deyilirdi) "Mir" pivə barı açıldı. Burada yalnız butulka deyil, həm də süzülmə pivə içmək olardı.
Zavodun ambarı
Daha bir pivəxana həmin ilin iyun ayında Naberejnaya Aleksandra II, Melikovun evi 15 ünvanındakı “Qızıl lövbər” restoranında açıldı. Böyük bokal pivə 8 qəpiyə, "kiçik" 5, butulka pivələr isə 14 qəpik və daha yuxarı qiymətə satılırdı.
Təəccüblü olsa da, zavod o vaxt pivənin evə çatdırılması xidmətinə də başladı. Bir şərtlə: sifariş - ən azı bir vedrə pivə olmalı idi. Qiymət aralığı, içkinin növündən asılı olaraq bir vedrə üçün 2-2,6 rubl arasında dəyişirdi.
Yeni pivə çox tez bir zamanda geniş şöhrət qazandı və yalnız Bakı əyalətində deyil, beynəlxalq sərgilərdə də dəfələrlə mükafatlar qazandı.
Artan populyarlıq fonunda fırıldaqçılar da boş dayanmırdı - tezliklə markalardan birinin demək olar ki, orijinal şüşələrdəki etiketin eynisi ilə bəzədilmiş "oxşarı" meydana çıxdı. Saxta məhsulla mübarizə məqsədilə Vakano firması dəfələrlə qəzetlərdə elan verərək istehlakçıları etiketlərə diqqət yetirməyə çağırdı.
İldə 75 min vedrə istehsal həcmi ilə başlayan Vakano, 1914-cü ilə qədər öz zavodlarındakı pivə istehsalını 3,5 milyon vedrəyə çatdırdı. Ortaqlıq, Rusiya İmperiyasının Trexqornıy və Kalinkinski pivə zavodlarından sonra ən böyük pivə istehsalçıları siyahısında üçüncü sırada idi. Pivə anbarları Volqa bölgəsinin, Uralın, Orta Asiyanın və Sibirin 59 şəhərində yerləşirdi; məhsullar bütün Volqa bölgəsini, Volqa-Ural rayonunu, Orta Asiyanı, Qazaxıstanı, Qərbi Sibiri, Xəzər hövsəzini və hətta İranı əhatə edən 42 xarici nümayəndəlik vasitəsilə satılırdı. Ortaqlığın məhsulları beynəlxalq sərgilərdə 15 medal qazanmışdı.
İmperiyanın süqutu
Təəssüf ki, Vakanonun pivə biznesinin çiçəklənməsi uzun sürmədi. Birinci Dünya Müharibəsi başladı, "quru qanun" qəbul edildi və Samaradakı zavodun sonu çatdı – onun ərazisində anbar, xəstəxana quruldu və əl qumbarası, yataq və suxarı istehsalı sahələri yaradıldı. Alfred von Vakano, Avstriya-Macarıstan lehinə casusluqda ittiham edildi. Adı arzuolunmazlar siyahısına daxil edildi, oğlu Vladimir ilə birlikdə polisin ictimai nəzarəti altında Buzuluk şəhərinə (Orenburq əyaləti) göndərildi.
İnqilabdan sonra, 12 fevral 1918-ci ildə Bakı fabriki də daxil olmaqla, bütün fabriklər milliləşdirildi, əmlak və sənət əsərləri kolleksiyaları müsadirə edildi. Rekvizisiya zamanı alınan əmlakın heç olmasa bir hissəsinin qaytarılması üçün təkrar müraciətlər heç bir nəticə vermədi. Son imtina 1919-cu il iyununa təsadüf etdi... Bununla belə, 1918-ci ilin mayında, vətəndaş müharibəsi dövründə Ümumrusiya anti-bolşevik hökuməti statusunu iddia edən ilk qurum - Ümumrusiya Təsis Məclisi Üzvləri Komitəsinin rəhbərliyi altında saxtalaşdırma aşkarlanması səbəbilə işə xitam verildi. Oktyabr ayında Vakano ailəsi xaricə gedə bilmək üçün icazə aldı və 1919 fevral ayının sonunda onlar Avstriyaya yola düşdülər.
Avstriyalı zadəgan, ilk gildiyanın taciri, pivə istehsalçısı, messenat, Samara və Bakıdakı pivə zavodunun qurucusu Alfred von Vakano 24 mart 1929-cu ildə Tyurnits şəhərində vəfat etdi.
Alfred von Vakano
1934-cü ildə "burjua" pivə markaları Sovet markalarına dəyişdirildi.
Xoşbəxtlikdən, zavod bir çox pivə növü istehsal etdi və onları 1978-ci ilə qədər buraxa bildi. Daha sonra, 1998-ci ilə qədər limonad istehsal etdi.
Dəniz kənarından və Zığ təpəsinin yuxarı hissəsindən hələ də bir kərpic baca və ona bitişik dağılmış iki mərtəbəli tikilini görə bilərsiniz. Bəzi məlumatlara görə, bu, 20-ci əsrin ilk on ilində sürətlə inkişaf edən Bakının pivə istehsalı və qida sənayesində əsl sensasiya yaratmış, bir vaxtlar nəhəng bir müəssisənin tərkib hissəsi olmuş keçmiş pivə zavodudur ...
Ardı var.
Məqalə, Carlsberg Azerbaijan şirkətinin dəstəyilə Dövlət Arxivinin, “Kaspi” qəzetinin, www.ourbaku.com və Vikipedia saytlarının və Südabə Zeynalovanın “Azərbaycanda alman koloniyaları” kitabının materialları əsasında hazırlanıb.
Reklam hüququnda