Neft bumu və almanlar: Azərbaycanda “narıncı qızıl” necə meydana gəldi – FOTO
Hər hansı bir əcnəbiyə Azərbaycan haqqında nə bildiyini soruşun və eyni cavabı eşidəcəksiniz: "Neft!"
Doğrudan da, "qara qızıl" ölkəmizin əsl simvoluna çevrilib və Azərbaycan bu şöhrət nərdivanına ilk addımlarını 90-cı illərin əvvəllərində, Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının birgə işlənməsini ehtiva edən genişmiqyaslı beynəlxalq sənəd - əfsanəvi "Əsrin müqaviləsi"-nin Bakıda imzalanması ilə deyil, ondan xeyli qabaq atıb.
Neft istehsalı ilkin orta əsrlər səyyahları tərəfindən dəfələrlə vurğulanıb, 18-19-cu əsrlərdə “qara qızıl”-a olan təlabatın artmasına səbəb olan sənaye inqilabı isə Bakını planetin neft bumu başlayan nadir yerlərindən birinə çevirib. Bu, neftlə dolayı bağlı olan sahələr də daxil olmaqla bir çox digər sahələrin sürətli inkişafının başlanğıcını qoyub.
Almaniyadan Azərbaycana
Əlbəttə ki, bu "qızıl" dövrün bariz üstünlüyü xarici kapital axını idi. Amma, necə deyərlər, “anı yaxalamaq” və real gəlirlər əldə etməyə tək xarici investorlar deyil, eyni zamanda aralarında təsadüfən əcnəbilərin də olduğu ortaya çıxdığı yerli sahibkarlar da can atırdı. Gəlin onları assimilyasiya olunmuş sərmayəçilər adlandıraq.
10 may 1817-ci il tarixində Rus İmperatoru I Aleksandr 700 Şvab ailəsinin (Şvabiya, müasir Almaniyanın cənub-qərbində, yuxarı Ren və Dunayda tarixi əyalət) Cənubi Qafqaza köçürülməsi haqqında sərəncam imzaladı. Artıq 1819-cu ildə Gəncəçay çayının (Kür çayının qolu) sağ sahilində, Gəncə şəhərindən 10 km cənubda, yəni Azərbaycanın qərbində ilk Alman məskəni - Yelenendorf (almanca Helenendorf, Yelena kəndi) qəsəbəsi meydana çıxmışdı. Qəsəbənin adı Rusiya İmperatoru Pavl I və Maria Feodorovnanın (evlənmədən əvvəl Sofiya Doroteya - Vürttemberg şahzadəsi) qızı Böyük knyazinya Yelena Pavlovnanın şərəfinə verilmişdi. 1938-ci ildə yaşayış məntəqəsinin adı Xanlar, 2008-ci ildə isə Göygölə dəyişdirildi.
Yelenedorf koloniyası
Kolonistlər burada nə ilə məşğul olurdular? Bu suala cavab vermək üçün, tipik bir alman obrazını xatırlamaq kifayətdir. Bu məşğuliyyət yüzlərlə il bundan əvvəl formalaşıb və adı kənd təsərrüfatı kimi Almaniya üçün ənənəvi olan bir çox sahələrlə yanaşı çəkilir - əlbəttə ki, bu pivə bişirmədir. Bu təəccüblü deyil, çünki almanlar belçikalılar və danimarkalılarla birgə ənənəvi olaraq ən yaxşı pivə istehsalçıları sayılırlar və Almaniyada mayaotu yetişdirmə ənənəsinin kökü 8-ci əsrə gedib çıxır.
Güman etmək olar ki, Azərbaycan ərazisində köpüklü bir içki istehsalına başlamaq çox gəlirli bir biznes vədi verirdi. Birincisi, o dövrdə burada pivə ümumiyyətlə istehsal olunmurdu, buna görə hər hansı yenilik bu və ya digər şəkildə təcrübəsiz istehlakçıların diqqətini dərhal cəlb edə bilərdi. İkincisi, iqlim ölkəyə ilk gələn pivə istehsalçılarının istəyinə tam uyğun idi - Azərbaycanın böyük hissəsi subtropik zonada yerləşir, burada həm yarımsəhralar, həm də quru çöllər var. Abşeron yarımadası və Kür-Araz ovalığı isə quru subtropik zonalardır, yəni soyuq halda qəbul edilən istənilən içki burada ilin əksər hissəsində istinin “dərmanı” hesab olunurdu.
Bəli, pedantik almanlar Azərbaycanın qərbində köpüklü içki istehsalına başlayarkən onları məhz nəyin ruhlandırdığı bu gün tam olaraq məlum deyil. Üstəlik, aşağıda anladılacaq hekayə onların bu qərara dərhal gəlmədiklərini göstərir. Ancaq gerçəklik öz yerindədir: alman kolonistlərin gəlişi sayəsində Azərbaycanda pivə istehsalının təşəkkülü və daha da inkişafı, şərəfli neft sənayesi tarixi ilə demək olar ki bərabər getdi. Bu, ölkədə həmçinin Avropa mədəniyyətinin formalaşmasına kömək etdi, hansı ki, onun sayəsində bu gün Azərbaycan həm Asiyanın, həm də Avropanın çoxəsrlik irsini özündə birləşdirən özünəməxsus bir dövlət hesab olunur.
Spirt, şərab, pivə zavodu
Sadə bir Yelenendorf sakini Kristofor Forer Azərbaycanın pivə istehsalı tarixində mühüm rol oynamışdır. Məhz o, 1846-cı ildə ən yaxşı üzüm növünün yetişdirildiyi ilk üzüm sahəsinin əsasını qoydu və özü də bilmədən gələcəyin böyük bir şərabçılıq təsərrüfatının qurucusu oldu. Karaeri və Daşaltı mülklərindəki meyvə bağları, bostanlar və qarpız və yemiş sahələri ona məxsus idi. Artıq 1860-cı ilə qədər təsərrüfat tamamilə formalaşmışdı və 10 il sonra "Xristofor Forer və oğulları" adını daşımağa başladı. 1892-ci ildə Forer əmlakını tamamilə oğullarına - Xrist, Frederik, Qotlob və Henrik-ə təhvil verdi. Qardaşlar arasındakı fəaliyyət sahələrinə ayrılan təsərrüfat "Forer Qardaşlarının Təsərrüfatı" adlandırıldı.
Təsərrüfat ilk vaxtlardan etibarən Yelenendorfun iqtisadi həyatında böyük rol oynadı, çünki yalnız şərabçılıqla deyil, həm də atçılıq və maldarlıqla da məşğul idi. Bundan əlavə, pendir daxil olmaqla, ət və süd məhsullarının istehsalı ilə məşğul olan bir ferma da yaradılmışdı. Spirt, konyak və pivə sənayesindən ibarət şərab və araq bölməsinin inkişafına daha çox diqqət yetirilirdi.
Forerlərin Yelenendorfdakı evi
İlk pivə zavodu 1868-ci ildə Forer qardaşları tərəfindən tikilmişdir. Başlanğıcda istehsal gücü yüksək deyildi – ildə 12 min. litr pivə, lakin tələbin artması nəticəsində yeni texnoloji avadanlıqların tətbiqi ilə istehsal da genişləndi.
1911-ci ildə Yelenendorf pivə zavodunda 24 min 90 rubla dəyərində 21,9 min vedrə pivə istehsal olunmuşdu.
Bu içki Forerlərin əsas məhsulu olmasa da, onların müəssisəsi Azərbaycanda Bakı pivə zavodundan (Zığ qəsəbəsində) sonra ikinci yeri tuturdu Eyni zamanda, ailənin istehsal etdiyi məhsullar Azərbaycanın hüdudlarından kənarda da tanınırdı. Forerlər bir çox beynəlxalq mükafat, diplom və medalın sahibidir və dəfələrlə sərgilərdə iştirak ediblər.
20-ci əsrin əvvəllərində qardaşların Bakıda da mağazaları var idi. Mağaza, Kolyubakinskaya (sonralar Saratovts Efim, indiki Nigar Rəfibəyli) və Mariinskaya küçələrinin (daha sonra Korqanov, indiki Rəsul Rza) kəsişməsində, "Şahnoviçin dükanı"-nın yaxınlığındakı "Çiçək pasajı"-nın çıxışında yerləşirdi. Digər bir mağaza Malaya Morskaya (daha sonra Todorski, 1991-ci ildən - yenidən Malaya Morskaya) və Telefonnaya küçələrinin (daha sonra Romanovski pr., yenidən Telefonnaya, daha sonra Lindli, 28 aprel, indiki 28 May) kəsişməsində idi. Bir mağaza da onların Nijni Priyutskayadakı (sonralar Kamo, indiki Süleyman Rəhimov) küçəsindəki şəxsi evlərində yerləşirdi. Əsas anbar 213 nömrəli Kamenistaya küçəsində (Şorsa, indiki Bəşir Səfəroğlu) küçəsində idi.
Forer qardaşlarının Bakıda Mariinskiy və Kolyubakinskiy küçələrinin kısişməsində yerləşən mağazası
Təəssüf ki, XX əsrin dünya müharibələri Alman koloniyalarının taleyinə də təsir etdi. Onların mülkləri milliləşdirildi. Forerlərin bir qismi güllələndi, digərləri isə Sibirə sürgün edildi.
1949-cu ildə, II Dünya Müharibəsindən sonra Yelenendorfdakı keçmiş pivə zavodu “Kirovabad pivə zavodu” (Kirovabad - Gəncə şəhərinin Sovet dönəmindəki adı) adı altında pivə istehsalını bərpa etdi.
1971-ci ildə müəssisə 900 min şüşə pivə istehsal edə bilirdi. 1997-ci ildə o, özəlləşdirildi və Gəncə A.T.S.C. (açıq tipli səhmdar cəmiyyət) olaraq adlandırıldı.
2004-cü ildə pivə zavodu ölkə bazarının 5% -nə nəzarət edirdi, lakin 2006-cı ildə Bakı-Castel şirkəti tərəfindən alındıqdan sonra pivə istehsalını dayandırdı.
... Filtrasiya olunmuş və ya filtrasiya olunmamış, açıq, tünd, qara, çovdar, meyvəli, qəhvə dadlı, lager, el, ev istehsalı ya və ya ümumiyyətlə qarışıq və ya alkoqolsuz? Şüşə, plastik butulkalarda, alüminium bankalarda, çəlləkdə yoxsa qutularda? Bu gün pivə ilə əlaqəli bu ifadələri hamı bilir, hətta alkoqola tamamilə laqeyd olanlar da. Amma pivəni sevənlər öz zövqlərinə uyğun köpüklü içkini asanlıqla tapa bilirlər. Xoşbəxtlikdən, Azərbaycanda pivə istehlakı mədəniyyəti öz yerini çoxdan “bərkidib”. Və bu təəccüblü deyil, çünki ölkəmiz həmişə zamanla ayaqlaşıb və yeni olan hər şeyi məmnuniyyətlə qəbul edib.
Ardı var.
Məqalə, Carlsberg Azerbaijan şirkətinin dəstəyilə Dövlət Arxivinin, “Kaspi” qəzetinin, www.ourbaku.com və Vikipedia saytlarının və Südabə Zeynalovanın “Azərbaycanda alman koloniyaları” kitabının materialları əsasında hazırlanıb.