Yoluxma artmaqda davam edərsə karantin rejimi yenidən sərtləşdirilə bilər - TƏHLİL

Son dövrdə Azərbaycanda koronavirusa yoluxanların sayının 1200-ü ötməsi, bununla bağlı ölüm hallarının artması , bundan başqa dünyada, xüsusilə region ölkələrində - Rusiya, İran, Gürcüstanda COVİD-19-a yoluxma hallarında kəskin sıçrayışın müşahidə olunması onu deməyə əsas verir ki, vəziyyət əvvəlkindən də ciddidir.
COVİD-19-la effektli mübarizə məqsədilə ölkəmizdə zəruri infrastruktur yaradılsa da, Azərbaycanın dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlasa da, karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması, gündəlik həyatda gigiyena və təhlükəsizlik qaydalarına əməl etməyən bəzi vətəndaşlarda arxayınlığın yaranması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb oldu. Nəticədə də xəstəxanalara müraciət edənlər kimi, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artım oldu.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi də həyəcan təbili çalır. Hazırda COVID-19 ilə bağlı epidemioloji vəziyyətin mənfi dinamikasının müşahidə edildiyini bildirən nazirliyin baş infeksionisti Təyyar Eyvazov yoluxma saylarında artımın səbəblərini belə izah edir:
“Yoluxma sayının artımına səbəb insan təmaslarının artmasıdır. Məhz yumşalmalar buna gətirib çıxarır. Digər səbəb isə virusun daha yoluxucu mutant variantlarının ölkəmizə daxil olmasıdır. Ən sürətli yayılan delta ştamının da bu artıma töhfə verməsi göz önündədir”.
Bəli, baxmayaraq ki, ÜST Azərbaycanı COVİD-19-la mübarizədə nümunəvi ölkə kimi göstərir bəzi vətəndaşların laqeydliyi və təhlükəsizlik tədbirlərinə riayət etməməsi yoluxma və ölüm sayının artmasına təkan verir. Bəlli haldır ki, artım bu templə davam etsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.
Millət vəkili Elman Nəsirovun fikrincə, yoluxma səviyyəsi sağalma səviyyəsini üstələdiyi halda karantin rejimin sərtləşdirilmsi ilə bağlı addımların atılması gözləniləndir. O ki, qaldı insanların peyvəndlənməsi məsələsinə, deyə bilərik ki, bu gün ölkəmizdə mövcud vəziyyətlə əlaqədar vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunması istiqamətində məqsədyönlü addımlar atılır:
“Ölkənin baş infeksionisti bildirir ki, son aylarda bu proses daha sürətli gedir. Operativ Qərərgah hər gün 40-60 min insanın peyvənd olması haqda məlumatları yayır. Ümumilikdə görürük ki, artıq 5 milyondan çox insan peyvənd olunub ki, bunların da 2 milyondan çoxu iki dozanı alıb. Bildiyiniz kimi, vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Bu baxımdan yaxın vaxtlarda əhalinın yarıdan çoxunun tam peyvənd olunacağı mümkündür. Onu deyə bilərəm ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir. Yadda saxlamaq lazımdır ki, az saylı da olsa peyvənd olunmağa həqiqi əksgöstərişi olan insanlar da mövcuddur. Ona görə də peyvənd olunanların sayı artdıqca həmin əhali qrupunu da qorumuş oluruq”.
Artıq qeyd etdiyimiz kimi, qonşu ölkələrdə də virusa yoluxanların sayında kəskin artım var. Ölkəmizlə sərhəddə yerləşən Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. İyunda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min təşkil edir. Gürcüstanda son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib. Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb. İranda isə yoluxmada son vaxtların maksimum göstəricisi qeydə alınıb – bir gündə 39 min 619 yoluxma halı. Məlumdur ki, virusun yeni ştammlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal olmalıdır.
Bəs görəsən yeni mutant ştammların klinik göstəricilərində hansı fərqlər var?
Sualı cavablandıran Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, yeni ştammlar öz klinik və digər çalarlığı ilə klassik ştammdan iki dəfə çox yoluxucu olmaqla yanaşı daha qısa müddətli gizli dövrdən sonra özünü büruzə verir. Xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir. Yəni, bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur.
Sonda xüsusilə qeyd edək ki, ÜST eksperti Mariya Van Kerkxove müsahibəsində bildirib ki, yeni ştamlar yarana bilər, onların sayı o qədər arta bilər ki, yunan əlifbasında hərflər çatmaz. ABŞ-ın baş infeksionisti Entoni Fauçi də bu fikri təsdiqləyərək vaksinlərə qarşı müqavimət göstərə bilən ştammların peyda olmasının mümükünlüyünü bildirib.
Aytən Sakitqızı