Binədə maşınla azyaşlını vuran sürücü ona 2 manat verib qaçıb – Polis və valideynlər sürücünü axtarır
Bakının Binə qəsəbəsində “Mercedes” markalı avtomobil velosipedlə hərəkət edən azyaşlını vurub.
1news.az xəbər verir ki, hadisəni törədən sürücü uşağın səhhəti ilə maraqlanmaq əvəzinə uşağa 2 manat verərək hadisə yerindən uzaqlaşıb.
Məsələ ilə bağlı danışan azyaşlının atası Elşad Babayevin sözlərinə görə, axşam haradasa 10-11 radələri idi, evdən zəng gəldi ki, uşağı maşın vurub.
“Hadisə bir neçə gün əvvəl Binə qəsəbəsində baş verib, hadisədən sonra maşının sürücüsü oğluma 2 manat pul verərək oranı tərk edib. Daha sonra oğlumun vəziyyəti pisləşdiyi üçün yanına toplaşan adamlar təcili tibbi yardım çağırıblar. Həmin ərazidən keçən Təcili Tibbi yardım maşını azyaşlını Sabunçu rayon xəstəxanasına çatdırıb”.
“Uşağa pul verərək deyiblər ki, evdə deyərsən velosipeddən yıxılmışam” – deyə, E.Babayev sözlərinə əlavə edib:
“Uşaqdan adın, harada qaldığını soruşublar uşaq bilmədiyini deyib, onlar da o halda qoyub çıxıb gediblər. Şahidlərin sözlərinə görə, hadisə “Mercedes” markalı avtomobillə törədilib, sürücü qarşıda kamera olduğunu bildiyi üçün Binə istiqamətinə geri qayıdıb. Polisə, 102-yə məlumat verilib, axtarış gedir, bizimlə də əlaqə saxlayırlar”.
Uşaq travmatologiya və ortopediya şöbəsinin Müdiri Firudin İbrahimov bildirib ki, azyaşlı hazırda həkim nəzarətindədir, onun vəziyyəti qənaətbəxş hesab olunur.
“Gələndə vəziyyəti orta ağır dərəcədə olub, lazımi müayinələrdən keçib, hal-hazırda travmatologiya və ortopediya şöbəsində müalicə alır, vəziyyəti sabitdir, müalicə davam etdirilir”.
Daxili İşlər Nazirliyindən bildirib ki, məsələ nəzarətdədir, sürücünün tapılması istiqamətində tədbirlər görülür.