Və dağlara onların sədası yayıldı... | 1news.az | Xəbərlər
Siyasət

Və dağlara onların sədası yayıldı...

12:08 - 27 / 08 / 2021
Və dağlara onların sədası yayıldı...

- Alo, Səma xanımdır?

- Bəli, buyurun.

- Siz Şuşa şəhərinə, doğma evinizə gəlmək istəyirsiniz?

- Qadan alım, o nə sözdür, ayaqyalın qaçıb gələrəm. Bəs 29 ildir mən bu zəngi gözləyirdim.

Səma Əsədullayeva (52) tibb bacısıdır, Şuşadan məcburi çıxarılanda 23 yaş var idi. Səma xanımın atası Əsədullayev Əli 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. “Şuşanın hər ağacına, çiçəyinə, küçəsinə, dalanına bələdəm. Gözüyumulu illərdir xəyalımda Şuşanı dolaşırdım. İndi isə bu küçələrdə, Cıdır düzündə, məsciddə əlimi daşlara qoyaraq onlarla danışıram, deyirəm biz gədik ay Şuşam! Evimizə gəldik, səni abadlaşdırmağa gəldik, əbədi gəldik!”

Artıq 100 nəfərdən çox Şuşa sakini şəhərin azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarını görmək imkanı qazandı. Şuşa işğaldan azad ediləndən bu yana şəhərə jurnalistlərin, diplomatların, mədəniyyət adamlarının səfəri baş tutsa da, sadə şuşalılar ilk dəfə idi ki, otuz ilə yaxın uzaq düşdükləri doğma şəhərlərinə qədəm basırdılar.

Şuşalıların üzlərindəki ifadə mənə o qədər doğma, tanışdır ki! Bu ifadə illərdir həsrətini çəkdiyin yurdun hər çiçəyinin qoxusunu almaq, hər quşunun səsini eşitmək, hər axar suyunun zümzüməsini dinləmək istəyən adamların üzündə olur. Vətənin hər daşını qucaqlamaq, hər qarış torpağını oxşamaq, doğma şəhərdən gələn bir ətri, bir qoxunu ötürməmək üçün çalışan insanların üz ifadəsi...

Doğma yurdlarını uzun illərdən sonra görən insanların hamısının üzündə oxşaq ifadə olurdu. Amma şuşalıların nisgili, həsrəti bir başqadır. Çünki, Şuşa özü bir başqadır...

Hər kişinin öz xarakteri, hər qadının öz ətri, hər şəhərin isə öz melodiyası olur. Bir də dünyada elə şəhərlər var ki, musiqi ilə əkizdir, musiqi ilə bağdaşdır, musiqisiz sanki mövcud deyil. Şuşa kimi...

Qarabağ xanlığı ləğv edilərək Rusiya çarlığının əyalətinə çevriləndən sonra Şuşanın başqa günləri başladı. İlhaq nə qədər ağır olsa da, həyat davam edirdi. Üstəlik, şəhər elitası Rusiya çarlığına vergi ödəyirdisə də, var-dövlətləri, ticarətləri, işləri, mülkləri əllərindən alınmamışdı və ən əsası, şəhərin mədəni həyatına heç bir maneə törədilmirdi.

XIX əsrin ikinci yarısı idi, bütün Qafqazla birlikdə Qarabağ da işgüzar, mədəni həyatın qaynadığı bir cografiyaya çevrilmişdi. Qarabağa avropalı səyyahların, mədəniyyət, ədəbiyyat adamlarının səfərləri başlamışdı. Qarabağın son xanı Mehdiqulu xanın varisi kimi onun var-dövlətinə sahib olmuş qızı Xurşidbanu Natəvanın maddi köməyi ilə Şuşada Realnı Məktəb və bir neçə başqa mədəniyyət ocağı tikilmişdi.

O dövrdə keşmiş xanlığın sanki bütün inzibati, rəsmi gücü sənətə, ədəbiyyata, musiqiyə transformasiya edilmişdi. Bu zaman kəsiyində Şuşa şəhəri öz intibah dövrünü yaşayırdı. Şəhərin mədəni həyatı olduqca gur, canlı idi. Bir tərəfdə Məclisi-fəramuşan və Məclisi-üns kimi şeir məclisləri keçirilir, bir tərəfdə Mir Mövsüm Nəvvab nəşriyyatı işinə başlayır, bir yanda xalçaçılıq məktəbi inkişaf edirdi. Zamanın tələbləri, avropalı iş adamları və səyyahlarla ünsiyyət nəzərə alınaraq Şuşada fransız dili məktəbi açılmışdı və bu məktəbdə azərbaycanlı şagirdlər fransızca təhsil alırdı.

Şuşada saysız muğam ustaları isə öz sənətlərini gənc nəslə öyrədir, həm məktəblərdə, həm də fərdi evlərdə keçirilən bu dərslər zamanı Şuşa küçələrini muğam, musiqi sədaları bürüyürdü. Şuşanın yavaş-yavaş öz musiqisi yaranırdı. Şəhər musiqi ilə vəhdətləşir, birləşir, musiqi şəhərin küçələrindən, meydanlarından keçib dağlarına, dərələrinə yayılırdı.

Şuşa sürətlə Çar dövrü Azərbaycanının ürəyinə, tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən birinə çevrilirdi. Üzeyir Hacıbəyov, Əhməd bəy Ağayev və digər müasir ziyalılar ölkə elitasının imicinin müsbətə doğru dəyişməsində böyük rol oynayırdılar. Üzeyir bəyin bütün Qafqazı, hətta Avropanı dolaşan musiqili operettaları isə onun doğma Şuşasını sənət məbədinə çevirirdi.

Çar dövrü bitib sovetlər başlayandan sonra Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi kimi tanınması siyasəti dövlət səviyyəsində qəbul edildi. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildi və həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmağa başladı. Şuşada şəhərin görkəmli şəxsiyyətlərinin heykəlləri ucaldılmağa, onların ev-muzeyləri yaradılmağa, xatirələri çap edilməyə başladı.

Şuşa ziyalıları Natəvan, Nəvvab, Fatma xanım Kəminə, Üzeyir Hacıbəyov və digərlərinin yaradıcılıqları araşdırmaçıların mövzularına çevrildi. Bununla da “Şuşa intibahı” xalq arasında populyarlaşaraq hər bir azərbaycanlı üçün doğmalaşdı, onun milli kimliyinə, özünü identifikasiyasına, sənət DNK-sına çevrildi. Sənət, musiqi deyiləndə Şuşa, Şuşa deyiləndə musiqi yada düşdü.

1992-ci ildə Şuşa işğal ediləndə Ermənistan ordusu, erməni millətçiləri bu əvəzsiz sənət ocağından xalqımıza məxsus bütün sənət, mədəniyyət izlərini silməyə çalışdılar. Muzeylər, abidələr, ev muzeyləri darmadağın edildi, Natəvanın, Üzeyir bəyin, Bülbülün heykəlləri güllələndi və metal kimi qara bazarda satıldı. Yalnız azərbaycanlı iş adamlarının sonsuz vətənpərvərliyi və səxavəti nəticəsində o heykəllər böyük bir məbləğə satın alınaraq ölkəmizə qaytarıldı. Gülləbaran edilmiş bu abidələr otuz il müddətində xalqımıza göz dağı oldu, Şuşasızlığımızı, sənət məbədimizdən didərginliyimizi bizə xatırlatdı.

Şuşa otuz il boyu musiqisiz qaldı. Küçələrində tar səsi eşidilmədi, dağlarına muğam sədaları yayılmadı, Şuşanın nəğməkar övladları didərgin ömrü yaşadı. Şəhər öz melodiyasını itirdi, əcnəbi jurnalistlərin lentə aldığı Şuşa görüntülərindən bizə yad, öz melodiyası olmayan bir şəhər boylandı.

Şuşanın azad edilməsi xəbəri hər bir azərbcaycanlının qəlbinin sarı simini titrətdi, çünki Şuşa bizim üçün sadəcə torpaq deyildi, sənət məbədi idi, sənət ocağımız, musiqimizin, mədəniyyətimizin beşiyi idi. Şuşa azad olunan gün didərgin sənətimiz, musiqimiz öz beşiyinə, özünün aid olduğu yerə qayıtdı.

Didərgin heykəllər, didərgin sənətimiz, didərgin arzularımız Şuşaya qayıtdı. Və heç təəccüblü deyildi ki, Şuşada baş tutan ilk böyük tədbir də “Xarıbülbül” Musiqi Festivalı oldu. Doğma tarın, doğma kamanın səsi doğma Şuşanın dağlarında, küçələrində əks-səda verdi, hər dağına, hər daşına, hər yamacına yayıldı.

Şuşaya musiqinin insanlardan əvvəl qayıtması da sanki simvolik idi. Sanki Şuşanı gedib bizə uzaq, bir az ögey görməyək, yadırğamayaq deyə şəhərin küçələrini, evlərini, dağlarını əvvəlcə musiqi ilə doldurduq, musiqi ilə birlikdə Şuşanın yaralarına məlhəm çəkdik, onun agaclarını, meşələrini, bulaqlarını diriltik, can verdik. Şuşada səslənən muğamla birlikdə sağalan, dirilən, dirçələn Şuşanın sevinc, xoşbəxtlik çığırtılarını dinlədik.

Bu ilin may ayının 7-də Şuşa xalqımızın qəlbindəki, təfəkküründəki yeri bir daha rəsmi olaraq əldə elədi. Dövlət başçısının sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

İndi də Şuşanın doğma balaları öz yurdlarına qayıtdı.

Bundan sonra bizim Şuşa ilə bağlı gözləntilərimiz, ümidlərimiz, planlarımız var. Biz Şuşadakı evlərdə, küçələrdə, sənət ocaqlarında mədəniyyətin, musiqinin gündəlik həyat tərzinə çevrilməsini gözləyirik. Biz Şuşa dağlarına hər gün burum-burum musiqi sədalarının yayılmasını gözləyirik. Çünki sənət, musiqi Şuşanın ruhudur. Musiqi Şuşanın harmoniyası, Şuşanın özüdür. Şuşa isə biz deməkdir, bizim özümüz deməkdir.

Müəllif: Aybəniz İsmayılova, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin rəhbəri

Paylaş:
1426

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər