Qırx dörd gündə yazılan şanlı və əbədi tarix – FOTO
Süqutu görünən İttifaq, ərazi iddiaları və “Miatsum” şüarı.
Azərbaycan üçün nəzərdə tutulan “Qarabağ ilgəyi”nin işə salınmasına 1987-ci ilin payızında start verildi.
1news.az AZƏRTAC-a istinadla xəbər verir.
Həmin ilin noyabrında Sov.İKP Baş katibinin iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Fransadakı “L'Humanite” qəzetində müsahibəsi dərc edildi. Bu müsahibəsində o, “Qarabağın Ermənistana verilməsini görmək istədiyini” ifadə edirdi. Aqanbekyanın bu “istəyi” çox keçmədi ki, Yerevanın Teatr Meydanını “Miatsum” (ermənicə “birləşmə”- red.) səsinə bürüdü. Gözləri hədəqəsindən çıxmış “millət cəngavərləri” tarixin verdiyi şansdan danışır, mitinqin çoxminli iştirakçıları Azərbaycanı “ağlını başına yığmağa” və Qarabağın Ermənistanla birləşdirilməsinə etiraz etməməyə çağırırdı.
“Nezavisimaya qazeta”nın 25.04.2017-ci il tarixli nömrəsindəki “Qarabağ yanğını müasir Rusiya üçün dərs olmalıdır” yazısında politoloq Aleksandr Perenciyev həmin məqamları SSRİ-nin çöküşü günü adlandırır: ”Əgər Mixail Qorbaçovun komandasında ölkəni dağıdanlara Aqanbekyanın yardımı olurdusa, Boris Yeltsinin komandasında bu işi Qalina Starovoytova görürdü”.
Qalina Vasilyevnanın ermənilərə “fəal köməyi” 1998-ci ilin noyabrın 20-nə, Sankt- Peterburqdakı Kanal Qriboyedova, 91 ünvanında, mənzilinin qarşısında “Tamboskiy” cinayətkar qruplaşması tərəfindən güllələnədək davam etdi.
Artıq həmin vaxt Ermənistan havadarlarının dəstəyi ilə öz işini görmüşdü, yəni nəinki Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu işğal etmişdi.
Böyük siyasətin sarsılmaz bünövrəsi
1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini alaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin iradəsi ilə 1994-cü ilin mayında Ermənistanla atəşkəs protokolu imzalandı, lakin bərpa olunan danışıqlar nəticəsiz qalmaqda davam edirdi. Bu, Ermənistanda dövlət siyasətinin amoralizm mahiyyəti ilə yaranan nəticə idi və dəyişməz qalaraq milli ideologiya səviyyəsinə qaldırılan bu siyasət 2020-ci il sentyabrın 27-nə qədər dəyişmədi.
2003-cü ilin payızında seçicilərin böyük əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev siyasi hakimiyyətə gəldiyi ilk günlərdən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin davam etdiriləcəyini elan etdi. Aparılan həmin dövlət siyasəti ilə bərabər Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi, onun arsenalının yenilənməsi prosesi gedirdi və artıq İlham Əliyevin prezidentliyinin ikinci ilində ölkənin müdafiə xərcləri Ermənistanın dövlət büdcəsinə bərabər idi. Buna baxmayaraq, regionun ən güclü Silahlı Qüvvələrinə sahib Azərbaycan dövlətinin münaqişənin həll variantı dəyişməz qalır, qan tökülməsinə yol verməmək üçün diplomatik yola üstünlük verilirdi. Əvəzində istər 2008-ci ilin martında, istər 2010-cu ilin iyununda Çaylı yaxınlığında və ya 2014-cü ilin noyabrında Ağdam istiqamətindəki toqquşmalar Ermənistan tərəfindən törədilən, siyasi təhlilçilərin “nəbz yoxlaması” adlandırdığı hərbi təxribatlar baş verirdi. Bu cür “yoxlamalar” 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə, sonralara Azərbaycan və Ermənistan arasında lokal müharibə əməliyyatlarına keçən və “Dördgünlük müharibə”yə çevrilənə qədər davam etdi. Müasir Azərbaycanın hərb tarixinə “Aprel döyüşləri” adı ilə düşən dördgünlük müharibə Silahlı Qüvvələrimizin gücünü göstərdi, lakin Ermənistanın siyasi rəhbərliyi Azərbaycan tərəfinin münaqişənin “dondurulması” perspektivi ilə qətiyyən razılaşmayacağını anlasa da, erməni cəmiyyəti üçün anesteziya effektindəki situasiyanı dəyişməyi lazım bilmədi.
27 Sentyabra aparan yol
Bu “ən optimal siyasət” 2018-ci ilin yazında, “demokratik dəyərlər” uğrunda mübarizə üçün siyasi hakimiyyətə gəldiyini elan edən Nikol Paşinyan iqtidarında da dəyişməz olaraq qaldı. Bütün bunlarla bərabər, bir il sonra həmin Paşinyan Azərbaycanla danışıqların bərpası üçün “7 şərt”ini, əslində, ultimatumunu səsləndirdi. Üstəlik, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qarşı tərəfin təxribatları növbəti lokal döyüşlərə çevrildi. Bu döyüşlərdə aldığı ağır zərbələr belə, Paşinyan və komandasını praqmatikliyə çəkmədi, Əksinə, Paşinyan komandasındakı müdafiə nazirinin dili ilə “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ortaya atıldı. Bunun səbəbini yalnız Ermənistan siyasi rəhbərliyinin korazehin siyasi düşüncəsində deyil, münaqişənin həllinə cəlb edilmiş böyük təşkilatların və nüfuzlu beynəlxalq dairələrin “münaqişələrin dondurulması” ilə bağlı tezislərində axtarmaq lazım idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də televiziya ilə xalqa müraciətində bu barədə danışarkən deyirdi: “... Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın”. Rəsmi Bakını isə istər işğalçı Ermənistanın, istərsə də “reputasiyasını” yaddan çıxarmayan beynəlxalq aktorların “sülh göyərçini” donunda təqdimatı yox, öz ərazi bütövlüyünün təmin olunması düşündürürdü. Prezident İlham Əliyev o məqamları belə xatırladır: “Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq”.
“Dəmir yumruq” formasını alan güc
Ermənistan ordusunun iyul məğlubiyyətin əvəzini çıxmaq üçün 2020-ci il sentyabrın 20-dən başlatdığı təxribatları dayandırmaq üçün sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı.
Rusiyadakı Strategiya və Texnologiyaların Analizi Mərkəzi İkinci Qarabağ müharibəsinə həsr olunan “Qafqazda fırtına” kitabında hərbi əməliyyatların birinci günündə - sentyabrın 27-də Qarabağdakı erməni qüvvələrinə endirilən sarsıdıcı zərbənin müharibənin taleyini müəyyənləşdirdiyini bildirilir. Mərkəz o sarsıntını ermənilərin təmas xətti boyu qurulan və beton atəş nöqtələrindən, minalanan sahələrdən, tikanlı məftillərdən və digər müdafiə mövqelərindən ibarət “Ohanyan xətti”nin yarılmasında görür. Üstəlik, Mərkəzin təhlilçiləri hərbi əməliyyatların birinci günündə, yəni sentyabrın 27-də Azərbaycan Ordusunun qarşı tərəfin hava hücumundan müdafiə sistemlərinin 60 faizini, artilleriyasının isə 40 faizə qədərini sıradan çıxarmasını “həlledici amil” olaraq qiymətləndirir.
Müharibənin gedişində Ermənistan ordusunun məhv edilmiş döyüş arsenalının müxtəsər siyahısına nəzər salaq: Tank əleyhinə vasitələr - 53, “Smerç” - 4, “Qrad” - 97, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1, “TOR” zenit-raket kompleksi - 5, “Osa” zenit-raket kompleksi - 40, “KUB” zenit-raket kompleksi - 4, “KRUQ” zenit-raket kompleksi - 1, zastava - 14, “S-125” zenit-raket kompleksi - 2, pilotsuz uçuş aparatları - 22, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5, “R-142” komanda qərargah maşını - 2, “Nebo-M” radiolokasiya stansiyası - 1, müxtəlif radiolokasiya stansiyaları - 7, “Reppelent” radio-texniki maneə vasitəsi - 4.
Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarının siyahısı isə belə idi: Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.
Bu, hərbi qənimət kimi götürülərək sonralar Hərbi Qənimətlər Parkının eksponatına çevrilən silah-sursat yox, kasıb Ermənistana peşkəş olunmuş milyardlarla ABŞ dolları dəyərindəki, döyüş meydanlarında məhv edilən arsenalın tam olmayan siyahısıdır. Bu siyahıya məhv edilmiş on minədək düşmən əsgərini də əlavə etsək, mənzərə tam aydınlaşar.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən Müharibəsinin yekununu belə dəyərləndirirdi: “Biz Ermənistan ordusunu məhv etmişik. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq”.
Şanlı Zəfər yolunun başlanğıc günü olan 27 sentyabr Prezidentin Sərəncamı ilə Anım Günü kimi tarixə yazıldı. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramının ifadəsidir. Biz ölkəmizin bütün ərazisində və xaricdə keçirilən izdihamlı anım mərasimlərində bunun əyani şahidi olduq.