Ermənilər anlamalıdırlar ki, onların firavan gələcəyi Azərbaycanın qayda-qanunları altında yaşamaqlarından asılıdır – Deputat
Otuzillik dövr ərzində Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə sadiq qaldı. Amma Ermənistan zaman-zaman təxribatlar törətməklə prosesi pozurdu.
Son illər ərzində təxribatların artması, danışıqlar prosesinin pozulması Azərbaycana başqa çıxış yolu qoymadı. Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu günlərdə Türkiyənin Anadolu Agentliyinə müsahibə verən Prezident İlham Əliyev bu proseslər, eləcə də müharibədən sonra baş verən hadisələr, regionun hazırkı durumu və perspektivlər barədə fikirlərini geniş formada bildirib.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra verilən bəyanatlar, törədilən təxribatlar bu ölkənin yeni müharibəyə hazırlaşdığını göstərirdi. Çünki ötən ilin iyul ayında Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törətmişdi və bu təxribat nəticəsində 13 hərbçi və mülki şəxs həlak oldu. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçəndə bizim hərbçilərimiz onları tərk-silah etdilər. Bundan sonra isə sentyabr ayında Azərbaycan Ermənistanın yeni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı.
Deputatın sözlərinə görə, münaqişənin həlli prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri qətiyyətli, beynəlxalq hüquqa uyğun addımlar atsaydılar, müharibə baş verməzdi. S.Fətəliyeva qeyd edib: “Prezident İlham Əliyev müsahibəsində bu məqamları xüsusi vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Halbuki, işğalçı ölkəyə qarşı sanksiyalar müharibənin qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Bu baş vermədiyi üçün Ermənistan beynəlxalq hüquqa məhəl qoymayaraq işğal siyasətini davam etdirirdi. Belə olan halda, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü yerinə yetirdi. Artıq münaqişə başa çatıb, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Bundan sonra “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi düzgün deyil. Azərbaycan ərazisində belə bir inzibati ərazi yoxdur. Dövlətimizin başçısının qərarı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır”.
S.Fətəliyeva qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin pozulması da Ermənistan təbliğat maşınının strateji hədəfidir. Bu barədə fikirlərini bildirən Prezident müsahibəsində deyib ki, Ermənistan təbliğatının qərəzli və yalan açıqlamaları yeni münaqişələrin yaranmasına yönəlib. Ermənistan ordusunun Rusiya tərəfindən pulsuz silahlandırılması ilə bağlı məlumatlar Rusiya tərəfindən təkzib olunub və yetərincə dəqiq cavab verilib. Bu məsələ artıq gündəlikdən çıxarılıb. Bundan əlavə, dövlətimizin başçısının İranla bağlı fikirlərindən bu ölkə nəticə çıxarmalıdır. İran normal qonşuluq, dostluq prinsiplərinə əsaslanan münasibətlərə sadiq qalmalıdır.
“Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini sürətlə həyata keçirir. Bu işlər müharibə başa çatandan dərhal sonra başlanıb. Prezidentin qeyd etdiyi kimi, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb işlə təmin olunmalarını rica ediblər. Çünki onlar orada işsiz-gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz vəziyyətdədirlər. Biz onların müraciətinə müsbət baxırıq, ancaq məsələnin hüquqi tərəfi tam həll olunmalıdır. Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Bu ermənilər anlamalıdır ki, onların firavan gələcəyi Azərbaycanın qayda-qanunları altında yaşamaqlarından asılıdır”, - deyə komitə sədrinin müavini bildirib.