Meşəbəyi tərəfindən ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyiliyinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan 1news.az-a bildiriblər ki, araşdırmalarla Əliabad meşəbəyiliyinin meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mayın əvvəllərində xidmət etdiyi xüsusi mühafizə olunan Əliabad meşəbəyiliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən müxtəlif növ 11 ağacı meşə gözətçisinin xəbəri olmadan kəsməsi nəticəsində təbiətə 8792 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.