Koronavirusun “dünya səyahəti” nə vaxt yekunlaşacaq?- Ekspertlər çarəni peyvəndləmədə görür

Koronavirus “dünya səyahətinə” 2019-cu ildə Çinin Uhan şəhərindən çıxdı.
1news.az-ın məlumatına görə ilk əvvəl ancaq böyüklərdə müşahidə edilən bu virus zaman keçdikcə azyaşlı uşaqlarda və hətta yeni doğulanlar arasında da qeydə alındı. Bu azmış kimi ana bətnində ikən yoluxma faktları da artdı. Hazırda isə vəziyyət daha da qəlizləşib. Belə ki, son zamanlar uşaqlar arasında koronavirusa yoluxma riskinin artması hətta ölümə də səbəb olub.
Məsələ ilə bağlı 1news.az-a danışan həkim-pediatr Mahir Məmmədov bildirdi ki, bu hal gözlənilən idi.
“Deyim ki, son günlər yeni doğulmuş uşaqlarda koronavirsa yoluxmada qeydə alınan ölüm faktı da məsələnin ciddiliyindən xəbər verir. Elə bu səbəbdən də peyvəndləmə yaşının azaldılması uşaqları koronavirusdan qorumaq üçün ən optimal və vaxtında atılan addımdır. Düzdür, koronavirus infeksiyası böyüklərə nisbətən uşaqlarda təhlükəli olmur. Çünki böyüklərdə virusların yayılması sürətli şəkildə baş verir. Hətta bu viruslar hansısa orqanın sıradan çıxması ilə nəticələnir. Elə bu səbəbdən də ölüm halları qaçılmazdır. Uşaq orqanizmində isə bu hallar olmadığından onlarda böyüklərə nisbətən ölüm və xəstəliyi ağır keçirmə riski 80 faiz aşağıdır. Qeyd etdiyim kimi peyvəndləmənin bu yaşda başlanması düşünülmüş addımdır. Uşaqlar arasında peyvəndlərin əleyhinə olanlar var. Mən də bir həkim olaraq fikirləşirəm ki, uşaq orqanizminə bu ağır peyvəndlərin yeridilməsi gələcəkdə hansı əks-təsirlərə səbəb olacaq bilinmir.Çünki, peyvəndin əks təsiri, yad reaksiyaları aydınlaşmamış qalır. Amma buna baxmayaraq virusdan qorunmağən tək yolu hazırda kütləvi peyvəndləməyə bağlıdır. Virusların geninin dəyişilməsi, onların yeni dərman vasitələrinə qarşı davamlılığının artaması üçün peyvəndləmə olmalıdır. İldən-ilə peyvəndləmənin təkmilləşməsi baş verir. Bir var ümumi peyvəndləmə, bir də var ki, yeni mutasiyalara qarşı müxtəlif peyvəndlər olmalıdır. Xəstəliyə yoluxan uşaqlar da böyüklər kimi sağaldıqdan bir neçə ay sonra peyvənd oluna bilər. Onu deyim ki, uşaqlarımızı düşünürüksə, karantin qaydalarına mütləq əməl etməliyik”.