“Azərbaycan qalib ölkə kimi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi” - Deputat üçtərəfli bəyanatın əhəmiyyətindən danışdı | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan qalib ölkə kimi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi” - Deputat üçtərəfli bəyanatın əhəmiyyətindən danışdı

13:03 - 10 / 11 / 2021
“Azərbaycan qalib ölkə kimi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi” - Deputat üçtərəfli bəyanatın əhəmiyyətindən danışdı

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzinə çevrildi.

Bu bir milli şüardır. O şüar ki, Azərbaycan Ordusuna , Azərbaycan xalqına güc verdi və bu mənəvi güc bizə 44 günlük Vətən müharibəsində öz torpaqlarımızı işğalçı Ermənistan ordusundan təmizləyərək Qələbə qazanmağımıza və ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazdırmağımıza səbəbə oldu. 10 noyabr 2020-ci ildə, yəni ötən ilin məhz bu günü Prezident İlham Əliyev xalqa müraciət edərək bu tarixin ölkəmiz üçün əhəmiyyətli olduğunu açıqladı. Bildirdi ki, 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli bəyanatla bu münaqişəyə son qoyulur:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalayıblar”.

Bəli, bu bəyanatın imzalanmasından bu gün artıq bir il keçir. Milli Məclisin deputatı Arzu Nağıyev 1news.az-a bu bəyanatın tarixi əhəmiyyətindən danışdı:

“10 noyabr bəyanatı ən mühüm bəyanatlardan biridir. Bu, Azərbaycanın haqq müharibəsində əldə etdiyi nailiyyəti kapitulyasiya aktı kimi erməniləri imzalamağa məcbur etmək məsələsi idi. Məlumdur ki, Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli bəyanatda 9 maddə var və bu 9 maddədə erməni separatçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması, əsir və girovlarla, sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı, qaçqınların statusunun BMT tərəfindən tanınmaı ilə bağlı maddələr öz əksini tapıb. Əsas maddə kommunikasiyaların, dəhlizlərin açılmasıdır. Eyni zamanda regionda təhlükəsizliyə təhdidin qarşısının alınması ilə bağlı atılacaq addımdır. Bu, Azərbaycan tərəfindən diqtə edilmiş və eyni zamanda bir qalib tərəfin diqtəsi altında imzalanmış bəyanatdır. Təbii ki, Rusiya sülhməramlılarının gəlməsi ilə bağlı Rusiyanın rəhbərliyinin də imzası orada labüd idi. Digər məqam isə bu bəyanatla Azərbaycanın qalib oluğu və bunun kapitulyasiya aktı olduğu dünya tərəfindən tanınmasıdır”.

Millət vəkili əlavə etdi ki, üçtərəfli bəyanatın imzalanması gələcəkdə tikinti-quruculuq işlərinin təhlükəsiz şəkildə aparılması üçün böyük əhəmiyyət kəsb edir:

“İkinci sənəd də təbii ki, Moskvada baş nazirlərin səviyyəsində imzalanmış sənəddir. Əhəmiyyəti çox mühümdür. Regionda kommunikasiyaların açılması, dəhlizlərin fəaliyyətə başlaması,həm iqtisadi, həm siyasi, həm hərbi məsələlərin həll edilməsi, həm sərmayələrin qoyulması, dividentlərin gətirilməsi istiqamətində mühüm işlər görmək mümkündür. Əsas məqam odur ki, biz qalib ölkə kimi Ermənistanı bu sənədi imzalamağa məcbur etdik. Ermənistandakı revanşist qüvvələr içəridə problemlər yaratmağa çalışsalar da, biz sənədə əsasən ərazi bütövlüyümüzü bərpa edirik və etmişik. Artıq delimitasiya və demokrasiya məsələsi gündəmdədir. Gələcəkdə kommunikasiyaların açılması istiqamətində də biz öz problemlərimizi həll etməyə qadirik. Biz üçtərəfli bəyanatdakı maddələrin icrasına tam şəkildə hazırıq və icra etməkdə də davam edirik. Öz imzalarına hörmətlə yanaşmalı olan ölkələr də bu işdə yardımçı olmalıdırlar”.

Bir daha xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı 10 noyabr bəyanatında aşağıdakı maddələr öz əksini tapıb:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidenti”.

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər