“Azərbaycanın sədrliyi dövründə türk dünyası daha da koordinə edildi” - Tural İsmayılov
“Mərkəzi Asiyadan Macarıstana qədər uzanan möhtəşəm bir birlik platforması var”.
Bu fikirləri 1news.az-a açıqlamasında STM-in baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib:
“2009 cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Naxçıvan sazişi imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün strateji mənada qlobal siyasətdə mühüm amilə çevrilir. Cənab Prezident Naxçıvan sammitində bu günlərin mesajını vermişdi. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli dövlətləri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığının əsasını təşkil edir. Bu baxımdan türkdilli dövlətlərin əməkdaşlıq perspektivləri hər gün daha çox dərinləşir. Azərbaycan iki il ərzində Türk Şurasına uğurla sədrlik etdi, sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərdi. Azərbaycanın sədrliyi dövründə türkdilli dövlətlərin bir çox konfransları və zirvə görüşləri keçirildi, mühüm qərarlar verildi”.
T.İsmayılovun sözlərinə görə, Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Qoşulmama Hərəkatına sədrliyimizlə paraleldə Türk Şurasının beynəlxalq təşkilatlarla inteqrasiyası daha da gücləndi:
“Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu. 2020-ci il noyabrın 20-də Bakı şəhərində Türk Ticarət və Sənaye Palatası tərəfindən “Azərbaycanda sosial və iqtisadi inkişafın yeni erası” mövzusunda toplantı keçirildi. Toplantı çərçivəsində Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Bərdə şəhərinə yardım göndərildi. Türk Şurası üçün əlamətdar hadisələrdən biri də təşkilatın coğrafiyasının genişlənməsidir. Bakıda keçirilmiş 7-ci Zirvə Görüşündə Özbəkistan Respublikası Türk Şurasına üzv oldu. İstanbulda keçirilən 8-ci Zirvə Görüşündə isə Türkmənistanı təşkilat yanında müşahidəçi statusu əldə edəcək.
Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etdi, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycan xalqına dəstəyinin ardıcıl olaraq ifadə etdilər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynadı. Türk Şurası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü irəli sürüb. - Türk Şurasına üzv ölkələrdə hazırda 160 milyona yaxın əhali yaşayır və bu çox böyük bazardır. Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında bağlılığa öz töhfəsini verməkdədir, lakin Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcək”.
Ekspert onu da qeyd edib ki, qlobal imperializmlə mübarizədə qohum xalqların və dövlətlərin əməkdaşlığı müstəsna əhəmiyyətə malikdir.
1news.az