“Təəssüf ki, belə hallar ilk dəfə deyil təkrarlanır!” - Əflatun Amaşov bəzi jurnalistləri tənqid etdi

“Azərbaycan-Ermənistan sərhəddində baş vermiş silahlı toqquşmalarla əlaqədar bəzi kütləvi informasiya vasitələrində, xüsusən də internet media orqanlarında həqiqətə uyğun gəlməyən, rəsmi şəkildə təsdiqlənməyən məlumatlar yayılmaqdadır”.
Bunu 1news.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
“Müəyyən internet xəbər resursları hətta ayrı-ayrı sosial şəbəkə profilləri tərəfindən dövriyyəyə buraxılmış yanlış, əsassız bilgiləri informasiya olaraq təqdim edir və yayırlar. Təəssüf ki, belə xoşagəlməz, peşəkar jurnalistika prinsiplərinə zidd hallar ilk dəfə deyil təkrarlanır. Buna görə də Azərbaycan Mətbuat Şurası olaraq jurnalistlərdən, media quruluşlarından həssas davranmağı, ancaq rəsmi yaxud rəsmi şəkildə təsdiqini tapmış informaları yaymağı, onlara, başlıcası isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinad etməyi xahiş edirik. Bu, yalnız xahiş deyil, həm qanunlarımızın, həm də hazırkı həssas durumun mənəvi tələbi, vətəndaşlıq anlayışıdır.
Unutmamalıyıq ki, səbr, təmkin, hadisə və proseslərə soyuq münasibət, müxtəlif bilgilərin təhlili eyni zamanda cəmiyyətin baş vermiş olayla əlaqədar düzgün yönləndirilməsi, ümumi ab-havanın qorunması baxımından son dərəcə vacibdir. Ən əsası bu keyfiyyətlər informasiya savaşındakı uğuru təmin edəcək vacib komponentdir. İkinci Qarabağ Müharibəsində medianın iştirakı təcrübəsi göstərdi ki, qələbənin ideoloji müstəvidə də qazanılmasındakı müstəsna faktor jurnalistikanın peşə dəyərlərinə sədaqətidir. İşimizə sadaqətlə yanaşaq ki, faydalı olaq, ziyanımız yox, xeyrimiz dəysin.
Allah Azərbaycan əsgərini qorusun!”
Onu da qeyd edək ki, ötən gün Müdafiə nazirliyinin keçirdiyi brifinqdə xüsusilə qeyd edildi ki, sərhəddə vəziyyətlə bağlı AR Müdafiə Nazirliyinin və ya digər dövlət qurumunun rəsmi məlumatı olmadan kənar mənbələr hesabına heç bir informasiya verilməsin. Hərbi əməliyyatlarla bağlı erməni tərəfin və sosial şəbəkələrin yaydığı xəbərləri tirajlamayaq.