Azərbaycan ancaq Covid-19 pandemiyasına qarşı effektiv mübarizə aparmır, həm də bu sahəyə böyük töhfə verir - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ancaq Covid-19 pandemiyasına qarşı effektiv mübarizə aparmır, həm də bu sahəyə böyük töhfə verir - TƏHLİL

16:54 - 19 / 11 / 2021
Azərbaycan ancaq Covid-19 pandemiyasına qarşı effektiv mübarizə aparmır, həm də bu sahəyə böyük töhfə verir - TƏHLİL

Hamıya məlumdur ki, Azərbaycan dünyanın azsaylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görüb, həyata keçirilən düzgün strategiya nəticəsində istədiyinə nail olub.

Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb, ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb və bütün bu fəaliyyət Azərbaycanın özünün maliyyə resursları hesabına həyata keçirilib. Təsadüfi deyil ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkələrdən hesab olunur.

Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb. Bunu BMT-nin, ÜST-nin rəhbərliyinin açıqlamalarından da görmüşük. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib.

Eləcə də Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu bütün addımlarında nümayiş etdirib. Bu mənada, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il 3-4 dekabr tarixlərində BMT-nin xüsusi sessiyası baş tutub.

Azərbaycan ölkə Prezidenti İlham Əliyevin qismində dəfələrlə açıq şəkildə “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını ifadə edib. Məhz, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi. Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib. Qətnamənin dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacağı gözlənilir.

Xüsusi qeyd olunmalıdır ki, 171 ölkə qətnamənin lehinə səs verib. Heç bir ölkə qətnamənin əleyhinə səs verməyib. Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən birinin regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Qeyd etmək lazımdır ki, bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir.

Bu gün beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir. Hazırda Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir.

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi ki, COVİD-19 pandemiyası ilə mübarizə Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyevin daima gündəliyində olan əsas məsələlərdəndir:

“Ölkə başçısının təşəbbüsü ilə ölkəyə gətirilən peyvəndlər bilavasitə məlum epidemiyanın yayılmasının qarşısının alınmasına hesablanıb. Prezident vətəndaşının sağlamlığı üçün əlindən gələni edir. İstər qapanmalara gedilməsi, istər peyvəndin tövsiyə edilməsi birbaşa hər bir Azərbaycan vətəndaşının sağlam həyat sürməsi naminə atılan məqsədyönlü addımlardan biridir. Mən bunu həmişə demişəm, indi də deyirəm ki, bu gün beynəlxalq platformalardan etdiyi çıxışları ilə dünyaya nümunə ola biləcək dövlət başçımız var. Elə məhz buna görə də Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırdı. Xüsusilə onu qeyd edim ki, ölkəmiz pandemiya dönəmində 30-dan çox ölkəyə maddi yardım edib. Bundan başqa daha 4 ölkəyə təmənnasız 150 min doza vaksin təqdim edib. Bütün bunlar məhz ölkə başçısının pandemiya ilə mübarizə sahəsində necə böyük təşəbbüs göstərdiyinin bariz nümunəsidir”.

Qeyd edək ki, bu ilin 24 sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan edib. Sözügedən qətnamə 18 noyabrda müzakirə olundu və səsvermə nəticəsində qəbul edildi. Ölkə başçısının uğurlu siyasəti nəticəsində 171 ölkə qətnamənin lehinə səs verib.

Paylaş:
549

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər