Əlillik təyinatlarının şəffaflaşdırılmasına xüsusi nəzarət edilir - AÇIQLAMA | 1news.az | Xəbərlər
Siyasət

Əlillik təyinatlarının şəffaflaşdırılmasına xüsusi nəzarət edilir - AÇIQLAMA

18:10 - 19 / 11 / 2021
Əlillik təyinatlarının şəffaflaşdırılmasına xüsusi nəzarət edilir - AÇIQLAMA

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə aparılan genişmiqyaslı sosial islahatlar əlilliyin qiymətləndirilməsini də əhatə edərək, əlillik təyinatlarının şəffaflaşdırılmasına, əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməsinə xidmət edir.

1news.az-ın xəbərinə görə, aparılan işlər nəticə etibarilə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara dəstəyin daha da gücləndirilməsi məqsədi daşıyır. Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir.

2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur. Əlillik qrupu təyin olunduqdan sonra əlilliyə görə sosial təminat növləri üzrə ödənişlərin (əmək pensiyası və ya aylıq sosial müavinət, təqaüd) təyinatı da elektron sistem üzərindən, proaktiv şəkildə həyata keçirilir.

Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə isə xüsusi qayğı və həssaslıqla yanaşılır. Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir.

Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, postmünaqişə dönəmində Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra layihələr həyata keçirilib:

“Hazırda əsas hədəflərdən biri müharibə zamanı şəhid olmuş, yaralanmış qardaşlarımızın sosial təminatlarının yaxşılaşdırılması, onlara dövlət qayğısının daha da artırılması, onların bütün problemlərinin aradan qaldırılmasıdır. Bu sahədə dövlət tərəfindən xüsusi sosial paketlər həyata keçirilir. Həmçinin, qazilərimizin müalicəsi, reabilitasiya ilə bağlı da xüsusi proqramlar var və bu proqramlar əsasında da bu kateqoriyaya daxil olan insanların sağlamlığıma qovuşması üçün silsilə işlər həyata keçirilməkdədir. Bəzi qazilərimizin müalicəsi üçün qardaş Türkiyəyə də bu işlər təşkil edilir. Ümumiyyətlə, bu işdə Heydər Əliyev Fondunun və YAŞAT Fondunun gördüyü işlər xüsusi qeyd edilməlidir”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyir ki, bu il 47519 yaxın şəxsə əlillik təyinatı həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur. Ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir.

A. Bayramov eyni zamanda qeyd edib ki, iki şəxs vətəndaşları aldadaraq onlara saxta əlillik düzəltmək istəyib: "Bununla bağlı Baş Prokurorluğa müraciət etdik və məsələ araşdırıldı. İki şəxsin bu səbəbdən həbs edilməsi göstərir ki, hələ də belə dəllallıqla məşğul olan şəxslər var və onlara qarşı da mübarizə aparılır".

Məsələ ilə bağlı 1news.az-açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, əvvəlki illərdə saxta əlillik statusu alanların sayının həddindən artıq çox olması bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edirdi:

“Buna görə də son islahatlarla əlaqədar kifayət qədər insan əlillik dərəcəsini itirdi. Bunların arasında bu statusu qanunsuz alanlar da vardı, əlil olduğu halda bu addan məhrum olunanlar da. Lakin sonrakı mərhələlərdə bu məsələ daha ciddiyə alınaraq əlil insanların əlillik statuslarının geri qaytarılması istiqamətində işlər sürətləndirildi. Ötən illə bu il arasında əlilliyin təyin edilmə statistikasında olan fərq də məhz bu səbəbdən qaynaqlanırdı. Hazırda əlillik təyinatlarının şəffaflaşdırılmasına xüsusi nəzarət edilir”.

Qeyd edək ki, 2021-ci ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7615 nəfər əlilliyi olan şəxs 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaqla təmin edilib. Reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və son iki ildə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avanadlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib.

Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib.

Paylaş:
307

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər